"Çempionlar Liqasının himnini eşitmək istəyirdim" - Kevin Medina

19:59 20 Avqust 2022

"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlama verib. 

Kolumbiyalı müdafiəçi bərpa prosesindən danışıb və komandanın oyunlarını izlədiyini deyib:

“Əvvəlcədən nəzərdə tutulduğu kimi, əməliyyatım Almaniyanın Münhen şəhərində oldu. Daha sonra isə bərpa prosesi üçün Portuqaliyaya yollandım. Burada olan idman mərkəzində çoxlu məşhur futbolçu bərpa prosesi keçib. Bərpa prosesi gözlədiyimdən də sürətli alınır və özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, tez zamanda komandaya qoşulacağam. Zədələndikdən sonra komandamızın bütün matçlarını canlı izləmişəm. Komandamla fəxr edirəm. Bəzi itkilər olsa da, bu, oyunumuzda hiss edilmir. Oyundan-oyuna daha yaxşı və parlaq mübarizə aparırıq. Həmişə demişəm ki, bu, qladiatorlar ailəsidir. İndi bunu daha yaxşı müşahidə edirəm. Amma bir az kədərlənirəm. Çünki pley-off qarşılaşmasında Çempionlar Liqasının himnini eşitmək, bu turnirin möhtəşəmliyini hiss etmək istəyirdim. Komandanın adına çox sevinirəm. İnanıram ki, cavab oyununda yaxşı nəticə qazanıb, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq. Mən də əlimdən gələni edirəm ki, tez sağalım və komandaya qoşulum”.

Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında (2:2, ilk oyun - 3:2) zədələnib.


Xəbər xətti