"Mən Emin Mahmudovu özümlə xarici kluba aparacağımı deməmişəm axı" - Laurentsiu Regekampf

22:37 20 Dekabr 2022

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu (3:1, ilk oyun 0:1) şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Mükəmməl oyun oldu. Oyunçularım tapşırıqlarımı yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq “Zirə”ni qapımıza yaxın buraxmadıq. Analiz etdikdən sonra görmüşdüm ki, rəqib çox top itirir. Demək olar ki, ilk matçda oynadığımız oyunun əksini oynadıq.

Bütün mövsümü analiz etmək lazımdır. Bu günə qədər çoxlu suallar yaranıb. Xüsusilə də növbəti mövsümlə bağlı. Oyunçularım mübarizə apardılar, döyüşdülər. Biz bunu hər oyunda etmək istəyirik. Ona görə də geridə qalan oyunlarda daha da yaxşı olmaq üçün çalışacağıq.

Məqsədimiz kuboku qazanmaqdır. Əlbəttə ki, çempionat oyunlarında da yaxşı oynayacağıq. Daha yaxşı olacağıq. Düşünürəm ki, bu il mövsümü titulla başa vurmaq üçün kubok qazanmaq ən yaxşı variantdır.

Mamadu Mbodj ilə aramızda problem yox idi. Gələcək karyerasında ona uğurlar arzu edirik.

Bu, mənim işimdir. Buna görə mənə maaş verirlər. Bu gün kubok oyunu idi. Oyunçunun marağına nəzər yetirmirdik. Təzyiq çox idi. Həmin an qərar verməli idik. Gənc oyunçular dərk etməlidirlər ki, bura əsas komandadır. Mənim üçün yaş önəmli deyil. Mənim üçün bütün oyunçular eynidir. Mən onları bir-birindən fərqləndirmirəm.

Əvvəldən deyirəm ki, bu barədə söz-söhbət olacaq. “Neftçi” ilə müqaviləm var. Bu barədə şərh vermək istəmirəm. Yazılanlar mənə təsir edə bilməz. Azərbaycan mətbuatında da belə söhbətlər çıxmışdı. Hamınızın hüququdur ki, istədiyinizi yazasınız. Belə məsələləri şərh etmək istəmirəm. Mən Emin Mahmudovu özümlə xarici kluba aparacağımı deməmişəm axı. Mən onun sahibi deyiləm. Siz yaxşı bilirsiniz ki, transferlər mediada olmur”.


Xəbər xətti