“VAR-ın kömək edib-etmədiyini müəyyənləşdirə bilmirik” - “Sumqayıt”ın futbolçusu

14:23 7 Fevral 2023

“Video köməkçi hakimlərin (VAR) oyunlar zamanı kömək edib-etmədiyini müəyyənləşdirə bilmirik. Bu sisteminin hansı prinsiplə çalışdığını biz də “tutmaqda” çətinlik çəkirik”.

 

Sportarena.az xəbər verir ki, bunu "Report"a açıqlamasında “Sumqayıt”ın futbolçusu Elvin Bədəlov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXI tur oyunundakı hakim qərarları barədə danışarkən deyib.

 

28 yaşlı müdafiəçi qarşılaşmada buraxdıqları ilk qolda hakim səhvinin olduğunu düşünür:

“Buraxdığımız birinci qol bizi ruhdan saldı. Halbuki həmin qol sayılmamalı idi. Çünki aşkar kobudluq var idi. Vojislav Stankoviç dirsəyi ilə Murad Xaçayevi vurdu. Ümumiyyətlə, klublar son vaxtlar hakimliklə bağlı çox problemlər yaşayırlar. Anlaşılmaz qərarlar verirlər”.

 

Bədəlov “Neftçi”nin hücumçusu Mateus Saldanya ilə mübarizə apardığı ikinci qol epizodunu da dəyərləndirib:

“Orada ikili mübarizə gedirdi. Topa başla toxunduğum anda Saldanya əlimdən dartırdı. Ancaq düşünürəm ki, top uğrunda mübarizə idi. Daha çox ilk qolun qeydə alınması qərarını yanlış hesab edirəm. Artıq buraxılan ikinci topdan sonra oyunu xilas edə bilmədik”.

 

Azərbaycan millisinin üzvünün fikrincə, məğlubiyyətə layiq oyun göstərməyiblər:

“Neftçi”yə qarşı yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Bu cür rəqibə qarşı geridönüş etmək çətindir. Düzdür, hər iki hissədə fərqlənmək üçün imkanlarımız oldu. Təəssüf ki, son nöqtəni qoymaq çatışmadı”.

 

Elvin Bədəlov mövsümün ilk yarısı ilə müqayisədə komandasının toparlandığını vurğulayıb:

“Qış təlim-məşq toplanışından sonra daha yaxşı olacağımıza əmin idim. Fasilədən sonra keçirdiyimiz matçlar komandada inkişaf olduğunu göstərdi. İnanıram ki, turdan-tura daha güclü olacağıq”.

 

Qeyd edək ki, “Sumqayıt” 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.


Xəbər xətti