Şahin Diniyev “Cütün taleyi Bakıda həll olunacaq”

22:00 18 Aprel 2023

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Hesabda öndə idik. Amma bir neçə futbolçuda güc qutardı. Əsas heyətdən səkkiz oyunçumuz yox idi. Komanda meydanda pis görünmürdü. Çalışdıq ki, bu heyətlə cütün taleyini cavab matçına daşıyaq. Hər halda, cütün taleyi Bakıda həll olunacaq. Hər iki komandanın şansı var. Komandam qolları təsadüfən vurmadı. Həmin qolları qazandıq. Zəhmət çəkdilər. Kizito da qol vursaydı, hesab 3:1 olacaqdı və tam başqa cür oyun gedəcəkdi. Bəzi futbolçuları qoruduq. Üçüncü qolu vurmaq istəyirdik. Fikirləşirdik ki, “Qəbələ” irəli atılsın, biz də onları əks-hücumda tutaq. Çətinliklə qol vurub, qapımızda asanlıqla qol görürük. Sadə qollar buraxırıqsa, problemdir. Amma futbol oynamağı bacaran komandayıq.

Hər iki cəbhədə vuruşuruq. Çempionat da bizim üçün çox vacibdir. Amma bu, o demək deyil ki, kubokda təslim olacağıq. Harada şansımız var, maksimumu etməliyik. Çempionatda da uğurlu matçlarımız var idi, bu da arxasıdır, gəlir.

“Neftçi” ilə çempionat oyunundan sonra da futbolçuların durumu çox vacibdir. Udmaq üçün mütləq hücum etməliyik. Kubok elədir ki, iki oyunda da taktiki cəhətdən ağıllı oynamalısan. Əvvəl səfər qolunun vacibliyi var idi ki, çox gözəl qaydaydı. Sonradan ləğv edildi. Bizə indi qələbə vacibdir. Buna görə də daha çox hücumameyilli futbolçulardan istifadə edəcəyik. Finala çıxmaq istəyiriksə, hücum etməliyik. Şanslar bərabərdir. Bir-birinə bənzəməyən iki matç olacaq”.


Xəbər xətti