Mikayıl Cabbarov güləşçilərlə görüşdü

19:44 26 Aprel 2023

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə Avropa çempionatında idmançılarımızın uğurlu nəticələri ilə bağlı tədbir keçirilib.

 

Sportarena.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbəri Mikayıl Cabbarov qitə birinciliyində qazanılmış tarixi uğurlarla bağlı idmançılara Prezident İlham Əliyevin təbriklərini çatdırıb.

 

Vurğulanıb ki, artıq bütün sərhədlərimiz boyunca Azərbaycan bayrağı dalğalanır və güləşçilərimiz Avropa çempionatında qazandıqları uğurları sərhədlərimizi qoruyan hərbi qulluqçularımıza, Ali Baş Komandana və Azərbaycan xalqına həsr edir.

 

Bildirilib ki, sentyabrda Serbiyada təşkil ediləcək güləş üzrə dünya çempionatı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazandıracaq və bu baxımdan həmin yarış böyük önəm kəsb edir. Dünya çempionatında uğurlu nəticələr əldə etmək üçün Federasiya tərəfindən hər cür şərait yaradılacaq. Regionlarımızda da güləşin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına indidən hazırlaşmaq üçün U-15 və U-17 yaş qruplarına xüsusi diqqət ayrılması da vacibdir.

 

AGF-nin baş katibi Nəsimi Musayev, milli komandaların baş məşqçiləri Xetaq Qazyumov, Semyon Çterev, Aleksandr Tarakanov, aparıcı güləşçilərimiz Eldəniz Əzizli, Əliabbas Rzazadə, Jalə Əliyeva, AGF İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev və Fərid Mansurov çıxış edərək qazanılan uğurlar və hədəflərdən danışıb, güləşin inkişafı üçün təkliflərini səsləndiriblər.

 

Tədbirdə yeniyetmə və gənc nəslin sağlam ruhda yetişməsi və onlar arasında idmanın təşviqi, eləcə də regionlarda güləşin inkişafı istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, qitə birinciliyində güləşçilərimiz 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazanıblar. Sərbəst güləş üzrə millimiz komanda hesabında 1-ci, yunan-Roma güləşi üzrə millimiz isə 2-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti