“Xəzər Lənkəran”ın baş məşqçisi futbolçularına xəbərdarlıq etdi : "Daha ciddi olmalıdılar" - MÜSAHİBƏ

01:45 16 Dekabr 2014

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin müsahibəsi

 

 

 

- Xal itkisi sizin üçün sürpriz olmadı?

- Belə komandaya qarşı oynamaq çox çətindi. “Bakı” ilk dəqiqədən sona qədər mübarizədən qopmayan, aqressiv oyun sərgiləyən komandadı. Futbol ciddi işdi. Rəqib kim olursa-olsun, futbolçularım matça ciddi yanaşmalıdılar. “Bakı” kimi komanda ilə oyunda yaranan qol vəziyyətlərini boşa vermək dəqiqələr keçdikcə səni sıxıntıya salar. 90 dəqiqə ərzində rəqibə təzyiq etdik, qol axtarışında olduq. Amma istənilən halda, göstərilən oyundan məmnun qalmadım. Başda Sadio Tounkara olmaqla, bütün futbolçular daha ciddi olmalıdılar. Deməliyəm ki, ən çox Sadionun oyunundan narazı qaldım. Əgər çempionatda yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, nə qədər çətin olsa da, belə oyunlarda qol vurmaq məcburiyyətindəyik. Yaxşı oyun göstərmədikdə belə, ələ düşən azsaylı qol vəziyyətlərindən yararlanmaq lazımdı. Qarşıda bizi iki gərgin oyun gözləyir. Ümid edirəm ki, bu xal itkisini həmin görüşlərdə sığortalayarıq.

 

- “Xəzər Lənkəran” bu mövsüm ən zəif oyunlarından birini keçirdi. Sözlərinizdən belə çıxır ki, bunun səbəbi futbolçularınızın rəqibə yuxarıdan aşağı baxmasıdı?

- Rəqibdən çox, qol vəziyyətlərini ciddiyə almadılar. “Bakı” daim mübarizə aparan, rəqibin oyun qurmasına imkan verməyən komandadı. Belə matçlarda da gərək ələ düşən şansdan yararlanmağı bacarasan. Bunu etmədikdə rəqibin müqaviməti get-gedə artır.

 

- Görüşə itkilərlə çıxmışdız. Bunun nəticəyə nə kimi təsiri oldu?

- Düzdü, ciddi itkilərimiz var idi. Mən, xüsusən də, Rahid Əmirquliyevin yoxluğunu qeyd etmək istəyirəm. Rahid bizim ən önəmli oyunçumuzdu. Çox hərəkətli, həm müdafiəyə, həm də hücuma dəstək verməyi bacaran oyunçudu. Təkcə onun deyil, digər futbolçuların yoxluğunu da bu gün hiss etdik.

 

- Komandanızın cari mövsümkü çıxışı və nəticələri ürəyinizcədi?

- “Bakı” ilə matçı nəzərə almasaq, oyun baxımından yaxşı vəziyyətdəyik. Amma nəticə qazanmaq baxımından uğurlu deyilik. Çünki oyunlarda yaratdığımız qol vəziyyətlərinə görə, bu gün aktivimizdə daha çox xal olmalıydı. Ancaq bəzən oyun intizamından qopma bizə zərər verir. Bu gün də belə oldu. İndi nə havanı, nə rəqibin mübarizliyini bəhanə edə bilərik. Oyun çətin keçə bilər. İstədiyimiz kimi çıxış etməyə də bilərik. Amma lider futbolçular belə vəziyyətdə səhnəyə çıxıb, komandanı qələbəyə daşımalıdılar. Problem bundadı.

 

 

mənbə: apasport.az


Digər xəbərlər

Xəbər xətti