Nurlan Novruzov: "Vaxt var idi, "Bakı" məni qovurdu" - MÜSAHİBƏ

02:12 19 Dekabr 2014

"Bakı" klubunun gənc oyunçusu Nurlan Novruzovun müsahibəsi:

 

-Son oyunlarda normal çıxış edirdiniz. Dünən AZAL-la qarşılaşmada rəqibə müqavimət belə göstərə bilmədiniz....

 

-Oyuna ciddi hazırlaşmışdıq. Əlimizdən gələni etdik. Ötən tur "Xəzər Lənkəran"la bütün gücümüzü meydançaya qoyduq. Oyundan 3 gün sonra isə AZAL-la oynadıq. Yorğunçuluq öz sözün dedi. Komanda gəncdir. Həm də maddi problemlər komandaya çox pis təsir edir. Premyer Liqada 4 günə iki oyun oynamaq həqiqətən çox çətindir. Elə bil ağırlaşmışdıq, qaça bilmirdik. Komanda topla da yaxşı oynaya bilmədi. Növbəti turda "Simurq"la oyunda çalışacağıq 3 xal əldə edək. Turnir cədvəlində bizə qonşu olan rəqiblərin xal ehtiyatı bizdən çoxdu. Buna görə də istəyirik ki, "Simurq"u məğlub edib, xal fərqini azaldaq.

 

-Bir məsələ var ki, "Bakı" Premyer Liqanın tərk eləməyəcək. Bu sizi arxaynlaşdırır mı onsuzda düşməyəcəyik, oynayırıq da?

 

-Mən deyərdim ki, oyunçulardan çox, rəhbərlik rahatdır. Ötən ilki kimi maraqlanmırlar. Əvvəl amma belə deyildi. "Araz Naxçıvan" çempionatda olanda, rəhbərlik hər oyunumuza gəlirdi. Hər oyundan sonra paltar dəyişmə otağına gələrək öz sözlərini deyirdilər. Naxçıvan təmsilçisinin çempionatı tərk etdiyi gündən sonra rəhbərlik elə bil rahatladı. Heç kim bizə heç nə demir, qələbə qazandıq və ya uduzduq sanki rəhbərliyi maraqlandırmır. Oyunçular arasında isə elə bir şey yoxdu, əksinə hər kəs meydançaya çıxır ki, özünü göstərsin. Hamı əlindən gələni edir.

 

-Ümumiyyətlə klubda maddi problemlər var bunlar aydın məsələdi. Son olaraq hansı ayın maaşını almısınız?

 

-Deyəsən noyabr ayının maaşları verildi. Amma bizə demişdilər ki, son 3 ayın maaşı birdən veriləcək. Noyabrdan əvvəlki aylardan da bizim alacaqlarımız var.

 

-Neçə ayın borcu qalıb?

 

-Komandada elələri var ki, 9 ayın maaşın ala bilməyiblər. Məndə isə 15 ay. Çünki mən 6 ay "Sumqayıt"da idim deyə yarı-yarıya idi. Elə mən o vaxtdan almırdım.

 

-"Sumqayıt"da alırdın yarı-yarı?

 

-"Sumqayıt"da alırdım, "Bakı"da isə yox.

 

-Maddi məsələlərə görə sənin barəndə"Bakı"dan getmək söhbətləri gəzir. Bu nə dərəcədə düzdür?

 

-Getmək deyəndəki təkliflər var. İddialı komandalardan da təkliflər gəlir. Bunu bilirəm ki, "Bakı" bu il heç nəyə oynamır, məqsədsizdir. Deyim ki, Avroliqaya oynayacaq, inanmıram buna. Yəni, bizdən turnir cədvəlində yuxarıda olan komandaların xalı bizdən daha çoxdur. Gərək bu komandaya super transferlər olsun ki, ən azından yuxarı pillələrə qalxaq. O da bir möcüzə olar. Mən də istəyirəm iddialı klublarda oynayım. Avroliqaya vəsiqə qazanım.

 

-Daimi olaraq əsas heyətdə oynamamısan, indi əsas heyətə düşüb, özünü göstərirsən. Bəlkə qalıb bir az "bişəsən" "Bakı"da....

 

-Düz deyirsiniz. Əvvəllər əvəzetmədən daha çox oyuna daxil olurdum. "Sumqayıt"a getdim ki, bir az praktika əldə edim. Orada da demək olar ki, 6 ay hər oyun oynayırdım. Yenidən qayıtdım "Bakı"ya. Burada mənə qarşı haqsızlıqlar oldu Pantiçin dövründə. Ondan sonra həqiqətən incidim "Bakı"dan. Çünki Pantiçin dövründə "Sumqayıt"dan qayıtdım, o vaxt məni Türkiyədən bir neçə klub istəyirdi, "Bakı" vermədi, hətta icarəyə belə. Heç bir kluba vermədilər, məni saxladılar. Oynatmadılar. 6 ay ərzində iki oyuna çıxdım. Bu həqiqətən mənə pis təsir elədi. Ona görə də mən indi komandanı tərk eləmək istəyirəm.

 

-Konkret getmək fikrin var?

 

-Bəli, getmək istəyirəm. Çünki yaxşı təkliflər də var. Hal-hazırda məni məcburiyyətdən oyuna salırlar. Açıq danışacam, Pantiçin vaxtında rəhbərlik məni çağırıb dedi ki, gəl sənədini verək, özünə komanda tap. Amma indi isə buraxmırlar. Mənə çox maraqlıdır, vaxt var idi, Pantiçin dövründə məni yola salmaq istəyirdilər. İndi isə əl çəkmirlər.

 

-Deyə bilərsən hansı klublar maraqlanır?

 

-İki-üç real klub var. Ad çəkmək istəmirəm, düzgün çıxmaz. "Simurq"la oyundan sonra bilinəcək.

 

-Aldığımız məlumata görə "Bakı" səni buraxmaq istəmir..

 

-Düzdür, "Bakı" mənim getməyimi istəmir. Amma mənim əlimdə müqviləm var. Orada bildirilir ki, əgər "Bakı" mənim üç aylıq maaşımı verməsə, sərbəst qalmaq hüququm var. Həmin müqavilə ilə AFFA-ya müraciət edəcəm. Əgər AFFA işimə baxmasa, onda iş UEFA-ya gedəcək. Vəkil tutub, məsələmi həll edəcəm.

 

-"Bakı" yanvarda maaşları versə, komanda normal vəziyyətə gəlsə, onda necə?

 

-İnanmıram. Həqiqətən daha inam qalmayıb. Bir ildən çoxdur, bizə o sözü deyirlər ki,  bir, iki aydan sonra düzələcək.

 

-Daimia olaraq oyununuzu Robert Prosineçki də izləyir. Səndə əlavə canfəşanlıq var idimi Prosineçkinin diqqətini cəlb edəsən?

 

-Əlbəttə. Prosineçki oyunlara gələndə, bu, təkcə məndə yox bütün komanda da hiss olunur. Hamı həvəslənir, əlindən gələni etməyə çalışır. Prosineçki gəlməsə belə biz oyunumuzu oynayırıq. Sadəcə onun gəlişi xüsusi motivasiya verir.

 

-Neçə illərdir bir yerdə oynadığın Aqil Məmmədov da komandadan getdi. Yaxşı yola sala bildiniz onu?

 

-Aqil bilmirəm problemli getdi ya nəsə. Aqil getməsəydi daha yaxşı olardı. Əgər "Bakı" buraxmayacaqdısa oyunçuları onda gərək Aqili buraxmayardı . Mən "Bakı"da uşaq futbolunda idim, Aqil isə əsas heyətdə oynayırdı. Onun çox əziyyəti var. Bu gün o, çıxıb, getdi. Dünənki oyunda istəyirdik onu qələbə ilə yola salaq, amma alınmadı.  Ona karyerasında uğurlar arzulayıram, böyük bir kluba getdi. Bu qədər problemlərin içində onu başa düşmək lazımdır ki, o, ailəlidir. Ona görə də o, getməli idi. (Goal.az)


Digər xəbərlər

Xəbər xətti