Uşaq futbolunun "Dalğa" mərəzi - YAZI + FOTOLAR

18:17 29 Dekabr 2014

Son bir neçə ildə Azərbaycanda uşaq futbolunun inkişaf etdirilməsi yönündə istər dövlət, istərsə də klublar tərəfindən xeyli işlər görülüb.  Müxtəlif layihələr həyata keçirilib, akademiyalar açılıb, infrastrukturlar yenilənib və s. Təqdirəlayiq addımlardan biri də AFFA-nın müxtəlif yaş qrupları arasında keçirdiyi respublika birincilikləridir. Bir neçə ildir ki, qurum 11 yaşından yuxarı futbolçuların yarışını təşkil edir. Bu mövsümdən etibarən isə 10 yaşlı futbolçular arasında da belə bir çempionat keçirilir. Birinciliklərdə Premyer Liqa klublarının uşaq futbol məktəbləri ilə yanaşı müxtəlif idman təşkilatlarını və olimpiya məktəblərini təmsil edən komandalar da iştirak edir. Bu da respublikada futbolun kütləvi xarakter almasında müstəsna rol oynayır. Təəssüf ki, yarışların keçirilməsi zamanı bir çox çatışmazlıqların olduğu üzə çıxır. Bu yazıda onlardan bir neçəsinə,  əsasən aşağı yaşlı futbolçuların birinciliklərində baş verən neqativ hallara toxunacağam.

 

“Dalğa Arena” – küləklər meydanı

Əvvəlcə bir qədər yarışların keçirilməsi qaydası haqqında. 14 yaşına kimi futbolçuların birincilikləri bir neçə region üzrə təşkil edilir ki, onlardan da biri paytaxtdır. Yəni, Bakı və ətraf qəsəbələri təmsil edənlər bir qrupda mübarizə aparırlar. Reqlamentdə olan anormallıqlara bir qədər sonra toxunacam. Əvvəlcə yarışların keçirilmə məkanı və çatışmazlıqdandan bəhs edim. Oyunlar Mərdəkandakı “Dalğa Arena”nın yardımçı stadionunda təşkil olunur. İnsaf naminə qeyd edim ki, AFFA oyunların keçirilməsi üçün bir çox işlər görüb. Məsələn, komandalar əvvəlki illərlə müqayisədə meydana alabəzək futbolkalarda deyil, AFFA-nın təqdim etdiyi formalarda meydana çıxırlar. Doğrudur, idman formaları heç də bütün komandalara verilmir. Klubları təmsil edən komandalar bu məsələsini özləri həll edirlər. Amma bir çox iştirakçılar məhz AFFA-nın onlara bağışladığı formalarda meydana çıxırlar. Bundan başqa yarış iştirakçılarını lazımi idman ləvazimatları təmin etməklə yanaşı, vacib olan hakim və həkim problemi də həll olunub (Doğrudur, hakimliklə bağlı da müəyyən nöqsanlar var. Bu haqda növbəti yazılarda – İ.T.). Oyunlar zamanı zədə alan futbolçuların müalicəsini də AFFA-nın üzərinə götürməsi öz yerində. Amma nöqsanlarda mövcuddur. Birincisi, elə yarışların keçirildiyi məkanlar bağlıdır. “Dalğa Arena” şəhərdən xeyli aralı yerləşir və bütün komandaların ora gedib-qayıtması kifayət qədər vaxt itkisinə səbəb olur. Bundan başqa stadion Xəzərin bir neçə metrliyində inşa edilib və orada daim küləkli hava müşahidə olunur. Bu da oyunların keçirilməsində problemlər yaradır. Noyabr-dekabr aylarında soyuq, mayda isə isti hava uşaqların səhhətinə təsirsiz ötüşmür. Daha bir problem şəraitlə bağlıdır. Soyunub-geyinmə otaqlarının təmirsiz və istifadəyə yararsız vəziyyətdə olması futbolçuları çox vaxt stadiona ya formada gəlməsinə, ya da avtobuslarda hazırlaşmalarına məcbur edir. “Dalğa Arena”da su problemi də mövcuddur. Bərbad vəziyyətdə olan soyunub-geyinmə otaqlarında duş kabinələri bir yana, heç əl-üz yumağa da su yoxdur. Yeganə su mənbəyi ayaqyolundadır. Yaxşı ki, heç olmasa, orada su gəlir. Ən əsas problem isə yardımçı meydanın kənarında gedən tikinti işləri ilə bağlıdır. AFFA stadion ərazisində yeni otel inşa etdirir. Tikinti isə meydanın bir neçə metrliyində yox, bir neçə santimetrliyində aparılır. Oradan, ələlxüsus da küləkli havada meydana düşən hər hansı əşya uşaqların zədələnməsinə, hətta həyatını itirməsinə səbəb ola bilər. Bir neçə həftə əvvəl yağışlı-küləkli havada buna bənzər hadisə baş vermişdi. Külək 3-cü mərtəbədən taxta parçasını meydana atmışdı. Yaxşı ki, həmin an xata-bəla uşaqlardan uzaq oldu.

 

Bəs, oyunlar harada keçirlisə, daha məqsədəuyğundur. Bir müddət əvvəl yarışların təşkilatçıları U-10 və U-13 liqasının oyunlarını “Bakı” FK-nın bazasında keçirilməsi ilə bağlı qərar qəbul etdilər. Əlbəttə, bu qərarı alqışlamaq lazımdır. Çünki, “Bakı”nın bazasındakı vəziyyət “Dalğa Arena”dakı vəziyyətdən qat-qat yaxşıdır. Futbol meydanının üstüörtülü olması, bazanın “Dalğa Arena” ilə müqayisədə  münasib yerdə yerləşməsi, soyunub-geyinmə otaqlarının vəziyyəti və digər amillər buna sübutdur. Tezliklə, digər liqaların oyunları da daha hazırlıqlı stadionlarda təşkil olunsa, problem həllini tapar. Bakıda belə stadionlar az deyil. Sadəcə, bir qədər əziyyət çəkmək, klublarla danışıqlar aparmaq lazımdır. Fikrimcə, “Bakı” nümanəsi digər klublara və idman cəmiyyətlərinə  örnək ola bilər. Bununla, “Dağla Arena”nı siyahıdan silinməsi fikrindən uzağıq. Orada 15 yaşdan yuxarı futbolçulardan təşkil olunmuş komandaların oyunlarını yola vermək mümkündür.

 

Anormal reqlament

Reqlamentlə də bağlı nöqsanlar kifayət qədərdir. Qarışıqlıq yaranmasın deyə, bir yaş qrupu üzərində dayanacam. Məsələn, götürək U-12 liqasını. Reqlamentə görə, paytaxt zonasında 12 komanda mübarizə aparır. Bir dövrəli ilk mərhələdən sonra 8 komanda ikinci mərhələdə qarşılaşır. Qalan 4 komanda isə yarışlardan kənar qalır. Həmin 4 komanda növbəti mövsümü gözləməlidir. Bu mövsüm ilk mərhələ artıq başa çatıb və “Laçın”, “Bakı kəndləri”, “Sərhədçi”, “Rəvan” “ofsayd”a düşüb. Nə qədər zəif nəticə göstərsələr belə, kimsənin bu komandaların futbolçularını 8 ay yarışsız qoymağa haqqı çatmır. Azından bu komandalar arasında hansısa bir mini-futbol turniri və ya buna oxşar nəsə təşkil etmək olar. Əgər futbolun inkişafından danışırıqsa, 4 komandada top qovan 100-dən çox uşağın futbolsuz qalması hansı məntiqə sığır? Bu məqamda U-14 liqasına nəzər salmağımız məsləhətdir. Burada da reqlament U-12 liqası ilə demək olar ki, eynidir. 12 komandadan son 4 yeri tutan ilk mərhələdən sonra yarışlardan kənar qalıblar və 2015-ci ilin sentyabrını gözləməlidirlər. Həmin “dördlük”də bilirsiniz hansı komanda var? Avropada Azərbaycanı layiqincə təmsil edən “Qarabağ”ın 14 yaşlı futbolçuları. Digəri isə AZAL PFK-nın təmsilçisidir. Lap “Qarabağ” olmasın, başqa komandaların 8 ay yarışlarsız qalması görən kimin təfəkkürünün məhsuludur? Uşaq futbolunda nəticə o qədər də önəmli deyil. Əsas futbolçu yetişdirməkdir. Əsasnamə hazırlayanlar deyəsən bu məqamı unudublar.  “Qarabağ” və AZAL-ın 14 yaşlıları arasında istedadlı uşaqlar var və onları futbolsuz qoymaq azından insafsızlıq və qeyri-peşəkarlıqdır. 

 

Bayaq ikinci mərhələdə ilk 8 yeri tutan komandaların iştirak edəcəyini qeyd etdik. Burada da maraqlı bir nüansla qarşılaşırıq. Komandaların ilk mərhələdə qazandıqları xallar silinmir və olduğu kimi saxlanılır. İkinci mərhələdə bir komanda 7 oyun keçirəcəyindən maksimum 21 xal toplaya bilər. U-12 liqasında hazırda ilk iki yerdə qərarlaşan “Neftçi” PFK ilə “İnter” PİK-nun 32, 7-8-ci yerin sahibi “Neftçi” İK İB və “Azal” PFK-nın isə 16 xalı var. Fərq 16 xaldır. Haşiyə çıxaraq qeyd edək ki, ötən mövsüm maraqlı bir vəziyyət yaranmışdı. İlk mərhələni 1-ci yerdə bitirən “İnter” PİK-nun U-11 komandası ikinci mərhələdə bütün oyunları məğlub olsaydı belə, ilk “beşlik”də qalacaqdı. Bu da idman prinsiplərinə ziddir. “Beşlik” demişkən, məhz ikinci mərhələdə ilk 5 yeri tutan komanda final mərhələsinə vəsiqə qazanır. Burada onlara digər regionların 11 komandası qoşulur. Bakıda keçirilən yarışlarda 16 komanda 4 qrupda mübarizə aparır və qruplarla ilk iki yeri tutanlar 1/8 finala vəsiqə qazanırlar.

 

Bir qədər də final mərhələsi haqqında. Hələ bir neçə ay əvvəl mərhələnin aprel-may aylarında keçirilməsinin düzgün qərar olmadığı barədə material hazırlamışdım. Məsələ burasındadır ki, final mərhələsində iştirak edən komandaların əksəriyyəti rayonları təmsil edir. Bu da həmin komandaların üzvlərinin aprel-may aylarında dərslərdən uzaq düşməsinə gətirib çıxarır. Bunu paytaxt komandalarına da şamil etmək olar. Oyunların günortaya kimi başlaması uşaqların təhsildən kənar qalmaları ilə nəticələnir. Üstəlik, havaların 30 dərəcədən yuxarı olması uşaqların səhhətinə mənfi təsir göstərir. Günün günorta çağı 30-35 dərəcə istidə, özü də süni örtüklü meydanda uşaqlara 1 saatdan çox futbol oynatmaq görəsən kimin ağlına gəlib? O vaxt təklif vermişdim və bir daha həmin təklifi yarış təşkilatçılarının nəzərinə çatdırmağı özümə borc bilirəm. Əgər həqiqətən uşaqların səhhəti və gələcəkdə bir şəxsiyyət kimi yetişməsində önəmli olan təhsili reqlament tərtib edənləri narahat edirsə, onda hazırki qaydalardan imtina etmək lazımdır. Yarışlar mart ayına kimi yekunlaşdırılmalı və final mərhələsinin oyunları martın sonlarında təşkil olunması uşaqların dərsləridən kənar düşməməsi ilə yanaşı onların sərin vaxtlarda futbol oynamalırana da imkan verər. Üstəlik, martın sonlarında bir neçə qeyri-iş günü və yaz tətili final mərhələsini təşkil etmək üçün əlverişli vaxtdır. Aprel və may ayları futbolçuların boş qalmamaları üçün regionlar üzrə hansısa mini-turnir və ya kubok oyunları keçirmək mümkündür.

 

Təbii ki, bunlar təklifdir. Qəbul olunub olunmaması isə AFFA-nın işidir. Amma təkliflə yanaşı tələbimiz də var. Heç olmasa, növbəti mövsümdən etibarən yarışların keçirilməsi qaydalarında dəyişiklər edilməlidir. Hansısa komandanı 8 ay futbolsuz qoymaq yolverilməzdir. 12 komandanın 2 dövrəli sistemlə mübarizə aparmasını təşkil etmək o qədər də çətin iş deyil. İndiki halda hər bir komanda final mərhələsinə kimi 18 oyun keçirir. Bu 18 həftə və ya 5 aya yaxın bir vaxtı əhatə edir. 12 komanda 2 dövrəli sistem ilə yarışsa, 22 tur keçirilməlidir. Çempionat sentyabrın ortalarında başlasa və oyunlar hər həftə keçirilsə, fevralın əvvəllərində başa çatacaq. Fasilələri də nəzərə almaqla birinciliyi martın ortalarında yekunlaşdırmaq mümkündür. Final mərhələsini isə martın sonlarına kimi başa çatdırmaq olar. 

 

Elit-məşqlər “İnter Arena”ya salınsın

Bir müddət əvvəl AFFA klublarda uşaq futbolunun inkişafı məqsədilə Premyer Liqa klublarına idman direktorları təyin etdi. Hazırda 8 Premyer Liqa klubunda uşaq futboluna idman direktorları nəzarət edir. Yalnız “İnter”də AFFA-nın təyin etdiyi mütəxəssis yoxdur. Başqa sözlə, klubun nəzdində fəaliyyət göstərən uşaq futbol məktəbi klubun mütəxəssisləri tərəfindən idarə olunur. Məsələ idman direktorlarında deyil. Söhbət “İnter”in gənc futbolçularının da qatıldığı elit-məşqlərdən gedir. Ümumiyyətlə, məlum təyinatlardan sonra yalnız “İnter”in futbolçuları bu məşqlərdə iştirak edirlər. Elit-məşqlər AFFA tərəfindən təşkil olunur. Məşq prosesi üçün lazım olan idman ləvazimatları və nəqliyyat da həmçinin. Bu məşqlərin keçirilməsində məqsəd 11-14 yaşlı istedad və potensialı olan uşaqların nəzarətdə saxlanması və gələcəkdə müxtəlif yaş qruplarından ibarət yığmalara cəlb olunmasıdır. Bunlar hamısı öz yerində. Problem ondadır ki, məşqlər başıbəlalı “Dalğa Arena”da keçirilir. Elit məşqlərə “İnter” PİK-nunla yanaşı AFFA tərəfindən idman direktorları təyin olunmayan “Vətən” RİOEUG, “Əlincə” və “Bakı kəndləri”nin futbolçuları qatılmalıdırlar. Lakin “Əlincə”nin futbolçuları çox vaxt bu məşqlərdə iştirak etmirlər. Əsasən də onların 12 yaşlı futbolçuları. Onların Masazırda yeni olunmuş stadionda məşq keçdiklərini nəzərə alsaq, Bakının bu başından o biri başına “yol ölçmək” həvəsində deyilllər. Bundan başqa AFFA-nın ayırdığı avtobus “İnter Arena”da toplaşan uşaqları “Dalğa Arena”ya aparır. Olmazmı, elit-məşqlər elə “İnter Arena”da keçirilsin? Bu, hamı üçün əlverişlidir. Məsələ ilə bağlı  “İnter” PİK-nun Uşaq-Gənclər Futbol Məktəbinin inkişaf layihəsi üzrə meneceri Valentin Xodukinlə əlaqə saxladım. V.Xodukin bu təklifin həm onlar, həm də digər komandalar üçün əlverişli olduğunu bildirdirməklə yanaşı, məşqlərin keçirilməsi üçün onlarda hər bir şəraitin olduğunu da söylədi. Sadəcə, AFFA bununla bağlı onlara rəsmi müraciət ünvanlaması yetərlidir. Qalanı... “İnter”in boynuna.

 

İlqar TAĞIYEV “Het-trik news” qəzeti


Xəbər xətti