Hüseyn Cəbrayıloğlu ilə səmimi söhbət : "2014-cü il “Xəzər Lənkəran” kimi mənim üçün də üçün uğursuz oldu" - FOTO + MÜSAHİBƏ

00:17 4 Yanvar 2015

Yeni il ilə əlaqədar işimdə yaranan 5 günlük tətili fürsət bilib Xan torpağına yollandım.

İstirahət müddətində “Xəzər Lənkəran”ımızın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə də görüşdüm, bu dəfə stadionda deyil, çay süfrəsində. Hələ görüşdən öncə məkan olaraq harada görüşəcəyimizi götür-qoy edərkən Hüseyn Cəbrayıloğlu Lənkəranda mikrorayon ərazisində yerləşən “Gənclik” çayxanasını seçdi. Lənkəranın az qala son bir əsrə çatan tarixində ən məhşur çayçılarından biri olan “çayçı Xalıq”ın oğlu Samidin işlətdiyi bu məkanda yerimizi isti edərkən Hüseyn seçimini belə əsaslandırır – “Burada qəşəng çay verirlər. Üstəlik, uzun illər biz burada toplaşıb “Xəzər Lənkəran”ı müzakirə etmişik, dərdləşmişik. Elə “12-ci oyunçu” saytı da buranın çayı ilə “böyüyüb” – Tanıyanlar Hüseynin səmimiyyətinə bələddirlər, bu səbəbdən də “siz”i-“biz”i bir kənara qoyub dəvətimi qəbul etdiyinə görə təşəkkürümü bildirərək Lənkəran çayının ləzzətiylə səmimi söhbətə başlayırıq. 

-Hüseyn, doğma Lənkəranımızda necə dincəlirsən? Burda olduğun istirahət müddətində enerji toplaya bilmisən? Çünki bilirəm ki, komandamız üçün ağır keçən mövsümün ilk yarısında çox yoruldun, elə vaxtlar oldu ki, həftələrlə, hətta bir aya yaxın Lənkərandan, sevdiklərindən ayrı düşdün. 

-Sözün açığı, düz qeyd edirsən ki, son aylarda komanda daha çox Bakıda məskunlaşdığına görə evdən çox ayrı düşdük. Üstəlik cari mövsümdəki uğursuzluqlar da müəyyən qədər mənəvi yorğunluq yaratdı. Amma istənilən halda, işimi sevdiyim üçün, işimdən həzz aldığıma görə bu problemlərin öhdəsindən gələ bilirəm. Məndən həmişə dost-tanış, qohumlar soruşanda ki, “əhvalın necədir?”, deyirəm ki, “Xəzər Lənkəran”dan asılıdır”. Komanda uğurlu nəticələr qazananda əhvalım həmişə yaxşı olur, məğlubiyyət olanda isə əhvalım haqda ümumiyyətlə danışmağa dəyməz. İstirahətə gəldikdə, mən elə bir insanam ki, mənim üçün istirahət anlayışı heç vaxt olmayıb. Həm də Lənkəran elə bir yerdir ki, istirahət etmək üçün ya gərək telefonlarını söndürəsən, ya da gərək ümumiyyətlə evdən bayıra çıxmayasan. Demək olar ki, hər gün azarkeşlərlə görüşürəm, onlarla saatlarla dərdləşirik, müzakirələr aparırıq, elə bilirəm ki, bir növ sanki istirahət günlərində də işdəyəm. Bu müddətdə yenə stadiona gedirəm, ot örtüyünün vəziyyətiylə maraqlanıram, stadionda qazonun ətrafında gəzişirəm. “Xəzər Lənkəran”la nəfəs almaq başqa şeydir. İnandırım səni, günləri sayıram ki, yenə də çempionat başlasın və tezliklə işimin başına qayıdım. Amma istənilən halda ailə mənim üçün çox önəmlidir və bu qısa müddətdə bacardığım qədər çalışıram ki, boş vaxtlarımı ailəmin, övladlarımın yanında keçirim. 

-Ailə demişkən, iki oğul atasısan. Övladlarının gələcəkdə futbolçu olmalarını istərdinmi?

-Hər iki oğlumun futbola böyük həvəsi var. Stadiona “Xəzər Lənkəran”ın oyunlarını izləməyə də gəlirlər. Gələcək barədə onların hər ikisiylə bir dost kimi söhbətlərim olub. Düzdür, gərək uşaqlar hansı sahəyə daha çox meyillidilərsə, karyeralarını da o sahədə qursunlar. Amma düşünürəm ki, futbola həvəsləri olsa da, onlar Azərbaycan cəmiyyətinə başqa sahələrdə daha çox xeyir verə bilərlər.

-Gələk yola saldığımız 2014-cü ilə. Ötən il sənin üçün daha çox nə ilə yadda qaldı?

-2014-cü ili “Xəzər Lənkəran” üçün uğurlu adlandıra bilmərəm. Bu gün komanda 5-ci yerdə qərarlaşıbsa, bu, bizim üçün uğursuzluqdur. Amma digər tərəfdən bu gün “Xəzər Lənkəran”ın sərgilədiyi futbol, komandanın oyunlarına millinin yeni məşqçisi Prosineçkinin, çempionatın lideri Qarabağın məşqçisi Qurbanovun, eləcə də media nümayəndələrinin verdiyi qiymət bizim üçün hardasa təsəllidir. Ümumi götürdükdə isə, qeyd etdiyim kimi, hədəflərdən uzaq düşmüşüksə, demək ki, 2014-cü il “Xəzər Lənkəran” kimi mənim üçün də üçün uğursuz oldu.

-Səncə son illərdə “Xəzər Lənkəran”ın uğursuz çıxışlarının əsas səbəbi nədir? Mən də daxil olmaqla azarkeşlərin əksəriyyəti bunu orta hesabla hər 8 aydan bir reallaşan baş məşqçi dəyişiklikləriylə alaqələndiririk. Klubun qeyri-peşəkar idarə olunmasını, komandada lider futbolçunun olmamasını, futbolçuların öz işlərinə istəksiz və məsuliyyətsiz yanaşmasını, əsas heyətdə Lənkəranlı futbolçuların olmamasını səbəb göstərən azarkeşlər də az deyil. Bəs sən necə düşünürsən?

-Uğursuzluğu yalnız bir səbəbə bağlamaq olmaz. Burda bir neçə problemlər var ki, bunlar olduqca uğursuzluq da olur. Son illərdə bu problemlər daha çox özünü göstərib. Açıq deyim ki, mən də razıyam ki, komandada baş məşqçi məsələsində stabillik olmalıdır. Bizdə bu stabillik olmadı. Hər bir məşqçinin də uğursuzluğunda bir sıra səbəblər oldu. Mən kluba Con Toşakın baş məşqçiliyi dövründə gəldim. Ondan öncəki dövrlərdə komandadakı problemlərin səbəblərini jurnalist kimi yazılarımda qeyd etmişəm. Klubda işlədiyim dövrə gəldikdə isə, uğursuzluqların səbəblərini hər məşqçi üçün ayrıca xarakterizə etmək gərəkir. Toşakın “Xəzər Lənkəran”a gəlişi Azərbaycan futbolu üçün böyük bir hadisə idi. O, elə bir əfsanəvi məşqçidir ki, bu gün mənim onun haqqında hər hansı bir qüsur axtarmağım etik cəhətdən düzgün deyil. Amma o, niyə uğursuz oldu? Bu haqda şəxsi fikirlərimi deyim. Toşak Azərbaycan çempionatını özü üçün rahat bir çempionat kimi qəbul etdi, işinin öhdəsindən rahatlıqla gələcəyini düşündü. Azərbaycan futbolunu sanki önəmsəməyərək ona yuxarıdan aşağı baxırdı. Özünün israrla istədiyi Nildoyla, Benuahiylə, Qliqorovla kifayətlənərək transfer məsələlərinə lazımi qədər diqqətli yanaşmadı, məşqçilər korpusunu formalaşdırmadı, əksinə oğlunu özünə köməkçi gətirdi. Nəhayət klub rəhbərliyinin israrlarından sonra komandaya Covanni Melkiorre yenidən fiziki hazırlıq üzrə məşqçi kimi dəvət olundu. Sonradan Toşak özü də etiraf etdi ki, “kaş ki Melkiorreni daha öncə dəvət edəydik”. “Xəzər Lənkəran” karyerası bəlkə də ona bir növ dərs oldu ki, bu gün Mərakeş klubunu çalışdıran Toşakın yanında oğlu çalışmır, indi səviyyəli bir məşqçi korpusu formalaşdırıb və nəticə də var. Mustafa Dənizliyə gəldikdə, qeyd edim ki, onun futbolçular üçün yaratdığı şəraiti “Xəzər Lənkəran”da heç bir baş məşqçi yaratmayıb. Futbolçuların qidalanmasından tutmuş, onların rahatlığına qədər hər şeyin ən yüksək səviyyədə olmasını təmin etmişdi. Deyərdim ki, hətta top-klublarda belə yaradılmayan rahatlıq Mustafa Dənizlinin zamanında “Xəzər Lənkəran”lı futbolçular üçün yaradılmışdı. Amma bütün bunlarla yanaşı, həftələrlə ailə üzvlərini görməyən futbolçular özlərini sanki hərbi hissədəymiş kimi hiss edirdilər. Oteldən bayıra çıxmağa belə icazə yox idi. Təsəvvür et ki, bu, belə rejimə öyrəşməyən azərbaycanlı futbolçular üçün nə deməkdir. Həddən artıq nizam-intizam bir müddət sonra problemlərə yol açdı və komanda daxilində narazılıqlar yarandı. Həm Toşak, həm də Dənizli futbolda öz sözünü demiş mütəxəssislərdir. Amma eyni zamanda təcrübə göstərdi ki, böyük isimlər heç nəyi həll etmir. Daha sonra Oğuz Çətin gəldi. Ona çox böyük hörmətim var. İşini sevən, vaxtının çox böyük hissəsini komandayla bağlı planlara sərf edən, komandada həmişə ailə ortamı yaratmağa çalışan bir mütəxəssis idi. Onunla uğur qazanacağımıza ümid çox idi. Çünki mövsüm öncəsində yaxşı təlim-məşq toplanışı keçirmişdik, istədiyi futbolçuları da komandaya cəlb etmişdi. Amma Oğuz Çətinin böyük ümidlərlə transfer etdiyi futbolçular onun etimadını doğrultmadılar. Bununla belə o, əlində olan futbolçularla bu oyunu oynatdısa, komanda hücumçusuz demək olar ki, hər oyunda qollar vurdusa, bu müsbət haldır. Tez-tez deyirlər ki, Oğuz Çətin gənc futbolçulara şans vermədi. Gəlin digər məşqçilərin işinə nəzər salaq, hansı biri əvəzedici heyətdən əsas heyətə oyunçular cəlb etmişdi. Amma Çətinin məşqçiliyi dövründə Kazım Kazımlı, Elnur Cəfərov kimi yerli gənclərə şans verildi. Əgər son dəqiqələrdə meydana daxil oldularsa, bu məsələdə də baş məşqçini qınamaq olmaz, çünki hər bir məşqçidən nəticə tələb olunur və nəticə üçün birdən-birə gəncləri meydana buraxmaq da olmazdı. Ümumi götürdükdə, yenə də qeyd edim ki, bizdə stabillik olmadı. Oğuz Çətin qalsaydı nəticə verərdi, amma bir reallıq var ki, “Xəzər Lənkəran” elə bir klubdur ki, burda özünü doğrultmaq üçün məşqçiyə lazım olan vaxtı nə azarkeş verir, nə ictimaiyyət verir, nə də media. Hər kəs qısa müddətdə “Xəzər Lənkəran”dan uğur istəyir. Bir də komandamıza gələn baş məşqçilər uğur qazana bilməyəndə azarkeşlərin bəziləri elə düşünürlər ki, transfer məsələlərində onların işinə müdaxilə olunub və ya hansısa futbolçular baş məşqçinin şəxsi rəyi olmadan transfer edilib. Şəxsən mənim klubda işlədiyim son iki il haqqında deyə bilərəm ki, belə bir hal kəsinliklə olmayıb. Yəni istər Toşakın, istər Dənizlinin, istərsə də Çətinin dövründə reallaşan bütün transferlər onların öz istəyi ilə həyata keçirilib. Mən bunu sənə əminliklə deyirəm və sözlərimin altından da imzamı atıram.

-Hamımıza məlumdur ki, “Xəzər Lənkəran” güclü olduğu mövsümlərdə həmişə hakim ədalətsizliyi ilə qarşılaşıb, futbol qurumları tərəfindən “sıxılıb”. Bu hallar özünü daha çox Mirça Rednikin zamanında göstərdi. Bəs bu gün necə, həmin təzyiqlər yenə də davam edir?

-Açığı etiraf edim ki, Mirça Rednikin dönəmində hakimlər “Xəzər Lənkəran”a qarşı ədalətsizlik yox, hətta deyərdim ki, sanki elan olunmamış müharibə aparırdılar. Bizə qarşı çox böyük haqsızlıqlar oldu. O vaxtlar “Xəzər Lənkəran”ın başına gətirilən oyunları insan xatırlamaq belə istəmir. Son zamanlara gəldikdə isə, desək ki, “Xəzər Lənkəran”a qarşı qərəzli hakimlik var, bu, düzgün olmaz. Düzdür xətalar var, amma qərəz deyil. Məsələn, gütürək bu mövsüm “İnter”lə səfər oyununda Səlahət Ağayevin cərimə meydançasından kənarda əl ilə oynadığı epizodu. Mən baş hakim Rəhim Həsənovun yerinə and içə bilərəm ki, həmin epizodu o görmədi, çünki Tounkara həmin anda onun önünü kəsmişdi. Amma digər tərəfdən, bəs yan hakim? Bəs qapı xəttində duran hakim? Onlar niyə görmədi? Sual oluna bilər: qərəz var idi? Yox. Sadəcə bir şeyi deyim ki, bu gün köməkçi gənc hakimlər qərar verməyə çox qorxurlar, çox çəkinirlər. Həmin oyundan sonra Xaqani Məmmədov deyir ki, hakimlər oyunun nəticəsinə təsir edə biləcək səhvlərə yol vermədilər. Amma təsəvvür edin ki, qapıçı meydandan qovulsaydı, üstəlik Səlahət Ağayev azərbaycanlı olduğu üçün birdən-birə iki əvəzetmədən istifadə edilsəydi rəqibin oyun sistemi necə pozulacaqdı. Qarşıda isə hələ 70 dəqiqə vaxt var idi. Bu, oyunun nəticəsinə təsir edən səhv deyil, bəs nədir? Amma ümumi götürdükdə, son dövrlərdə uğursuzluqlarımızın səbəblərini hakimlərin üstünə yıxmaq ədalətsizlik olardı.

-2014-cü ildə “Xəzər Lənkəran” azarkeşlərinin ən çox narazı qaldığı məqamlardan biri komandanın Bakıda məskunlaşması idi. Hətta “ev” oyunlarına da komanda demək olar ki, paytaxtda hazırlaşırdı. Bu qərar nə ilə bağlı idi? Konkret olaraq Lənkəran kimlər üçün bu qədər cansıxıcı bir məkana çevrilmişdi? Bəs yeni ildə necə, komanda yenidən doğma şəhərdə məskunlaşacaqmı?

-Ad çəkmək etik cəhətdən düzgün çıxmaz. Amma ümumi olaraq deyim ki, komandaya yeni cəlb olunan yerli futbolçular, hələ transfer danışıqları zamanı bizə deyirdilər ki, ailəmizə yaxın olmaq istəyirik və Lənkəranda məskunlaşmaq istəmirik. Biz də klub olaraq düşündük ki, əgər doğurdan da komandanın nəticə verməməyinə səbəb futbolçuların ailələrindən uzaq olmasıdırsa, Lənkəranda yaşamaq onlar üçün cansıxıcıdırsa və bu da uğursuzluğa səbəbdirsə, eybi yox, biz daha çox pul xərcləyib Bakıda məskunlaşarıq, təki nəticə olsun, komanda uğur qazansın. Hər şey etdik futbolçular üçün, amma nəticə olmadı. Sualın davamına gəldikdə isə qeyd edim ki, komanda mövsümün ikinci yarısından etibarən tamamilə Lənkəranda məskunlaşacaq.

-Cari mövsümdə məlum stadion probleminə görə bir-neçə “ev” oyunumuzu da Bakıda keçirməli olduq. Düzdür, komandamız bu görüşlərdə dəstəksiz qalmadı, amma haqlı olaraq narazılıqlar da yarandı. Mövsüm davam edə-edə ot örtüyünün dəyişdirilməsi nə dərəcədə düzgün idi? Bəs mövsüm bitdikdən sonra necə, stadionumuzda əsaslı təmir gözlənilirmi?

-Yeni toxum səpilənədək stadionun ot örtüyünün hansı vəziyyətdə olduğu yəqin ki, hamımızın yadındadır. Əgər o meydancada oynamağa on gün də davam etsəydik meydança tamamilə sıradan çıxacaqdı. Yeni toxumun səpilməsi üçün isə havaların nisbətən isti keçməsi vacibdir. Mövsümün ilk yarısı bitəndən sonra, yəni dekabr ayında yeni toxumun əkilməsi isə hava şəraitinə görə daha pis nəticə verəcəkdi və bəlkə də mövsümün sonunadək öz meydançamızdan uzaq qalacaqdıq. Belə olan halda havanın temperaturunu nəzərə almalı idik. Bütün mövsümü itirməkdənsə, qərar verdik ki, bir ayı itirək. Bu müddətdə həm əsas meydançanın, həm də olduqca bərbad vəziyyətdə olan ehtiyat meydançanın ot örtüyünü tamamilə yenisiylə əvəz etdik. Əsaslı təmirə gəldikdə isə, bu prosesə mütəxəssislər nəzarət edirlər. Əgər yayda ehtiyac olarsa stadion ot örtüyünün dəyişdirilməsi üçün əsaslı təmirə bağlanacaq. Hər şey mütəxəssislərin o vaxt verəcəyi rəydən asılı olacaq.

-Əvvəllər “Fırtınalar Meydanı”nda hər oyun öncəsi məşq zamanı və fasilələrdə “Xəzər Lənkəran” marşları səsləndirilərdi, oyunlar zamanı qol vuran futbolçularımızın adları stadionun diktorunun təşkilatçılığı ilə bütün azarkeşlər tərəfindən çağırılardı. Bu, oyunu stadionda canlı izləyən hər bir azarkeşin ürəyincə idi. Bəs son illərdə diktor və səs operatorları niyə susurlar?

-Bildiyin kimi bir müddət öncə “Xəzər Lənkəran” üçün mahnı müsabiqəsi elan etmişdik. Mövsümün ikinci yarısından etibarən seçilən marşlar stadionumuzda səsləndiriləcək. Diktorun susqunluğuna gəldikdə isə, nəzərə alaq ki, diktorumuz bu işində yenidir. Hələ ki, bəzi şeylər onun üçün çətindir. Amma işində püxtələşdikcə və inşaAllah komanda da öz oyununu tapdıqca, o da stadionda əvvəlki ab-havanı yarada biləcək.

-Məhbus həyatı yaşayan azarkeşlərimizlə bağlı nə demək istərdin? Məlum hadisələrdən artıq 16 ay ötür. Bu müddətdə klubdan onları ziyarət edən olubmu?

-Klub rəhbərliyi həmin azarkeşlərimizin valideynləri ilə bir neçə dəfə görüşüb, məsələnin həlli yollarını onlarla müzakirə edib. Klub nümayəndələri də məhkəmə prosesində dəfələrlə iştirak ediblər, azarkeşlərin günahsız yerə həbsinə etirazlarını bildiriblər. Son olaraq Appelyasiya Məhkəməsinə də müraciət etdik. Bu həbslərin baş verməsinə səbəb, məlum oyundan sonra bəzi üst səviyyəli şəxslərin məsuliyyətsiz açıqlamaları oldu. Mətbuata “Molotov kokteyli”, “çevrilişçi” kimi elə ədalətsiz açıqlamalar verildi ki, həmin açıqlamalar bu gün də həbsdə olan həmin azarkeşlərimiz üzərində təzyiq vasitəsi kimi qalmaqdadır. Hələ kubokun finalındakı hadisələrdən sonra “Xəzər Lənkəran” zərərçəkmiş tərəf kimi göstərilsə də, bu, bizim üçün o qədər də maraqlı deyildi, klub olaraq tək istəyimiz azarkeşlərin azadlığa buraxılması idi. Appelyasiya Məhkəməsi də qərarı qüvvədə saxladqdan sonra bir instansiya qalıb ki, klub olaraq ona da gedəcəyik. Görək axırı necə olur.

-Sənin “Xəzər Lənkəranda” fəaliyyətə başladıqdan sonra klubun mətbuat xidmətindəki canlanmanı hamımız görürük. Amma oyunların rəsmi sayt vasitəsilə yayım keyfiyyətindəki problemlər azarkeşləri narahat edir. Müsahibələrinin birində bunu internet-provayderlə əlaqələndirmisən, amma bu problemlər Lənkəranda keçirilən eyni oyundan canlı reportaj verən rəqib klubların yayımında baş vermir. Haqlı olaraq sual yaranır: biz internet-povayderi niyə keyfiyyətlisi ilə əvəz etmirik?

-Bir şeyə fikir verək. Lənkəranda keçirilən eyni oyundan canlı yayım verən rəqib klubun yayımını neçə nəfər izləyir, bizim yayımı neçə nəfər izləyir? Burda yüklənməni də nəzərə almaq lazımdır. 30 nəfərin izlədiyi yayımla eyni anda 5 min nəfərin izlədiyi yayımın keyfiyyəti eyni ola bilməz. Bununla belə mən məsuliyyətdən yaxamı kənara çəkmirəm və etiraf edirəm ki, əvvəllər müəyyən qədər problemlər var idi. Amma sonradan youtube kanalına keçdikdən sonra keyfiyyət baxımından yaxşılığa doğru fərq göründü. Əgər bizdən asılı olan səbəblər olsaydı, biz Avropadan canlı yayım edə bilməzdik. Halbuki, yayda təlim-məşq toplanışı zamanı biz Sloveniyadan da canlı yayımlar təşkil edirdik. Konkretləşdirərək deyim ki, əgər provayderdə problem varsa bu istər-istəməz yayım keyfiyyətinə təsir edir. Yaxın gələcəkdə yayım keyfiyyətinin daha da yaxşılaşdırılması üçün işlərimizi davam etdirəcəyik.

-Artıq 2 ilə yaxındır ki, “Xəzər Lənkəran”da çalışırsan. Amma bununla yanaşı, jurnalist kimi də uzun illər bu camiənin içində olmusan və bu müddət ərzində bir çox məşqçilərlə işləmisən, səfərlərə getmisən, təlim-məşq toplanışlarında iştirak etmisən. Sənə görə bu vaxtadək “Xəzər Lənkəran”ı çalışdıran məşqçilərdən hansı biri digərlərinə görə daha üstün idi və hansı xüsusiyyətlərinə görə?

-Mirça Rednikin toplanışları, məşqləri daha rəngarəng idi, daha maraqlı idi. Mən həmin vaxt jurnalist idim və yeni transferlərlə bağlı informasiya cəhətdən də bolluq idi. Bir də Oğuz Çətinin işini çox bəyənirdim. Məşqlər gözəl ab-havada keçirdi. 

-Bəs indiyədək yerli və legioner futbolçularımızdan oyununu ən çox bəyəndiyin kimlər olub?

-Bir az çətin sual oldu. Ad çəkmək gərəkirsə, Xristu Kyakunu qeyd edərdim. Bu futbolçu əksər oyunlarda ehtiyatda qalardı, amma əvəzetmədən meydana daxil olmasına baxmayaraq həmişə həlledici qollar vurardı. Sonra Parksı deyərdim. Çox güclü hücumçu idi. İstənilən rəqib futbolçu üçün başağrısı idi. “Xəzər Lənkəran”dakı ilk dövrünü nəzərə alsaq Skarlatakeni də fərqləndirərdim. Eləcə də Elvin Beqiri işinə çox peşəkar yanaşan futbolçu idi. Azərbaycanlı futbolçulardan isə Rahidi fərqləndirərdim, meydanda canını qoyan futbolçudur. Bilirsən necədir, komanda üçün uğurlu dönəm olanda bütün futbolçular önə çıxır. Uğursuzluq olanda isə, hər hansı bir futbolçunu fərqləndirmək olmur.

-Bu vaxtadək nəticəsinə ən çox sevindiyin və ən çox məyus olduğun oyunlar hansılar olub?

-Naxçıvanda keçirdiyimiz Superkubok oyunu mənim yaddaşımda dərin iz buraxıb. Həmin oyunda meydanda on nəfərlə qaldıq, bundan başqa rəqibin qapısına penalti təyin olundu, daha sonra bu qərar ləğv edildi. Bütün bunlara baxmayaraq həmin oyunda əzmkar mübarizə apardıq və kuboka sahib olduq. Son illərdəki uğursuzluqlardan sonra camiənin belə bir uğura həqiqətən də böyük ehtiyacı var idi. Bir də bu mövsümün 4-cü turunda İnterlə “ev”də keçirdiyimiz oyunu həmişə xatırlayacam. Bildiyiniz kimi ilk üç turda hər kəs bizdən nəticə gözlədiyi halda biz çox vacib xallar itirmişdik. Həmin oyundan üç gün öncə klub prezidentinin Lənkərana gəlməsi, komandanın bir ailə kimi qələbə üçün motivasiya olunması və s. Elə bir anlar yaşayırdıq ki, bunu sözlə ifadə etmək olmur. İndi də həmin anları xatırladıqda kövrəlirəm. Futbolçular o oyuna o qədər köklənmişdilər ki, həmin gün rəqib “İnter” yox, kim olurdusa olsun biz onu məğlub edəcəkdik. Dönüş etmək üçün bəlkə də ən vacib oyunumuz idi və biz həmin oyunda qələbə qazandıq. Ən çox məyus olduğum oyunlara gəldikdə, bu mövsüm “Neftçi” ilə keçirdiyimiz hər iki oyunumuzu qeyd edərdim. Mən həmin oyunların videoyazısına hələ də baxmamışam, düşünürəm ki, baxsam havalanaram. Yəni bu qədər bəxtsizlik… Deməyə söz tapmıram. Bir də 2013-cü ildə kubokun final oyunu. Həmin oyundakı hadisələri yenidən xatırlamaq istəmirəm. Bircə onu deyirəm ki, Azərbaycan futbolu üçün qara ləkə idi.

-İstər jurnalist kimi, istərsə də klub rəsmisi kimi, komanda ilə bağlı xatırladığın ən maraqlı hadisə və ya əhvalat hansı olub?

-Yenə də Naxçıvandakı Superkubok oyunu. Həmin kadrlara bəlkə də iki yüz dəfə baxmışam. Həmin günü tez-tez xatırlayıram. Bir də ki, kubokun finalında məğlub olduğumuz oyunun penaltilər hissəsi. 120 dəqiqəlik qolsuz bərabərlikdən sonra bütün heyət olaraq əllərimiz çiynimizdə bir-birimizə sarılmışdıq. Bu vaxt Toşak Emin Quliyevə yaxınlaşaraq dedi ki, “penalti vuranların siyahısına Robertonun da adını yaz”. Bununla uelsli məşqçi futbolçuların üzərindəki stressi azaltmağa çalışırdı, yəni ki, penaltini “Roberto” da vura bilər (Toşak Hüseyni “Everton”un hazırki baş məşqçisi Roberto Martinezə bənzətdiyinə görə, ona ilk gündən “Roberto” deyə müraciət edirdi – R.Ə.). 

-Gələk klubun yeni strategiyası olan gəncləşdirmə siyasətinə. Bu haqda qərar verildikdən sonra azarkeşlər arasında ciddi fikir ayrılığı yarandı. Əksəriyyət bunu qlobal problemlərin klubun sponsoru olan “Palmali”yə də təsirsiz ötüşmədiyi ilə əlaqələndirərək məcburi gediş kimi qiymətləndirirlər. Bir çox azarkeşlərimiz isə bu qərarı komandanın aldığı böyük pulların qarşılığında nəticə verməyən futbolçulardan “təmizlənməsi” kimi izah edirlər. Əsl səbəbi açıqlamanı istərdim.

-Mətbuat xidmətinin rəhbəri olaraq sponsorumuz olan şirkətin iclaslarında iştirak etmirəm ki, bilim ki şirkətin işində irəliləmə var, yoxsa geriləmə. Mənim gördüyüm odur ki, bu gün “Palmali” ailəsi gündən-günə böyüyür. Bizim bu qərarı verməyimizə gəldikdə, biz həmişə klubdaxili müzakirələr apararkən mütləq mənada deyirdik ki, komanda yenilənməlidir. Və bu gün də bu qərarı müsbət addım kimi dəyərləndirirəm. Niyə? Mən Rasim Karanın illər öncə “Qarabağ”da gördüyü işi yada salmaq istəyirəm. Həmin vaxt o yenilik etdi, əvəzedici heyətin 5-6 futbolçusunu əsas heyətə gətirdi və yeni strategiya ilə klubun sanki yenidən bünövrəsini qoydu. Bu günkü “Qarabağ” da məhz həmin bünövrə üzərində uğurlar qazanır. Və ya götürək elə “Bakı”nın gənc futbolçusu Nurlan Novruzovu. İnanıram ki, əgər “Bakı”nın maddi cəhətdən əvvəlki kimi yaxşı dövrü olsaydı, bu futbolçu indi əsas heyətdə olmazdı. Amma bu gün Nurlan Novruzov 9 qolla çempionatın bombardiridir. “Xəzər Lənkəran”ın son illərdəki heyətinə baxdıqda isə görərik ki, neçə futbolçu uzun illər idi ki, hələ də heyətdə idi, amma ortada heç bir nəticə yoxdur. Biz də gəncləşdirmə siyasətinə qərar verməklə “Xəzər Lənkəran”da yetişən gənclərin önünü açdıq, onlara özlərini sübut etmələri üçün şans yaratdıq. Komandaya baş məşqçi olaraq Elbrus Məmmədovun təyin olunması da, bu mütəxəssisin həmin o gəncləri hər kəsdən daha yaxşı tanıması, onlarla üç ilə yaxın bir müddətdir çalışmasıyla bağlıdır. Bircə onu əminliklə deyə bilərəm ki, bundan sonra qarşıdakı mövsümlərdə komandanın başına kim gəlirsə gəlsin, həmin şəxs üçün çempionluğa oynayacaq heyəti qurmaq çox asan olacaq.

-Azarkeşlərin bir qismi gəncləşdirmə siyasətini bəyənsələr də, aralarında bunu tələsik olaraq atılan düşünülməmiş addım hesab edənlər də var və haqlı olmalarına əsas da var. Çünki bizi mövsümün ikinci yarısında prinsipial rəqiblə oyunlar gözləyir. Bu haqda nə deyərdin?

-Bu haqda neqativ düşünməyək. Həmin prinsipial oyunlarda azarkeşlərimiz tribunaları doldursunlar, komandaya dəstək versinlər. Səni inandırıram ki, belə olacağı halda, rəqibin kimliyinin heç bir önəmi qalmayacaq, bizim gənclər əvvəlki təcrübəli futbolçulardan iki dəfə daha yaxşı oynayıb uğurlu nəticə qazanacaqlar. 

-Bəzən komandanı tərk edən futbolçularla klubun açıqlamaları üst-üstə düşmür. Vaxtikən Julius Vobay klubdan verilən informasiyanın yanlış olduğunu bildirərək, klubla müqavilə müddətinin bitdiyini əsas gətirərək “Xəzər Lənkəran”ı tərk etmiş, daha sonra digər Premyer Liqa klubunda peyda olmuşdu. Son günlərdə də Qalin İvanov bolqar mətbuatına açıqlamasında klubla müqavilə müddətinin bitdiyini bildirib. Ara-sıra klubla futbolçuların müqavilə müddəti ilə bağlı açıqlamalarındakı bu təzadlar nə ilə bağlıdır? 

-Vobayın klub ilə problemi olmayıb və “Xəzər Lənkəran”dan incik getməyib. Əgər belə olsaydı, bu gün o, yenidən “Xəzər Lənkəran”a qayıtmaq istəməzdi. Düzdür, həmin vaxt mən klubda işləmirdim, amma Vobayla klub arasında müqavilə müddətinə gəldikdə isə onu deyə bilərəm ki, o, komandanı tərk edib yenidən qayıtdıqdan sonra baş məşqçi onu komandada görmək istəmədi və müqaviləyə xitam verildi. Qalin İvanova gəlincə. Mümkün deyil ki, legioner futbolçuyla 6 aylıq müqavilə bağlansın. Yəni bu gün də İvanovun klubla müqaviləsi davam edir və bu müddət, mövsümün sonunadək olan dövrü əhatə edir. Sadəcə olaraq, Qalin, ona gələn təkliflərin fonunda komanda üzvlərinə tətbiq olunan cəriməni ödəməkdən boyun qaçıraraq etiraz olaraq maaşından imtina etdi. Bununla da özlüyündə elə hesab etdi ki, maaşdan imtina etməklə istədiyi kimi hərəkət edə bilər. Amma klubun intizam kodeksinə uyğun olaraq tətbiq olunan cərimə bütün futbolçulara şamil olunur. Biz onun maaşını tam şəkildə, digər futbolçuların maaşını isə cərimə tutularaq ödəsəydik, komanda daxilində haqlı olaraq narazılıqlar yaranacaqdı. İvanovun klubun qərarına etiraz edərək puldan ümumiyyətlə imtina etməsi, ona heç bir halda haqq vermirdi ki, komandanı tərk etsin. Bir daha qeyd edim ki, klubun onunla müqaviləsi hələ də davam edir.

-Bəs Tounkara məsələsi necə? Futbolçunun yay təlim-məşq toplanışına qatılmamasının səbəbi nə idi?

-Yadındadırsa o vaxt da media qeyd edirdi ki, Tounkarayla klub arasında müqavilə müddəti başa çatıb, “Xəzər Lənkəran” ictimaiyyəti aldadır və s. Biz isə israrla bunun əksini deyirdik. Yaxşı, əgər onun klubla müqavilə müddəti bitmişdisə, bəs yenidən niyə geri qayıtdı? 

-Bəs problem nə idi? 

-Tounkara yeni ailə həyatı qurmuşdu, bir az da bu səbəbdən problem yaranmışdı. Gecikdiyinə səbəb olaraq bir sıra bəhanələr gətirirdi. Amma sonradan məlum oldu ki, ölkəsində olduğu müddətdə menecerlər onun beynini qarışdırıblar. Xaricdə toplanışlarda olanda elə menecerləri hamımız görürük. Var işlək menecerlər, var dəllal menecerlər, bir də var hiyləgər menecerlər. Hiyləgər menecerlər bir yaxşı futbolçu tapan kimi onu şirnikləndirirlər. Bu gün istənilən qaradərili futbolçunun arzusudur Fransada və ya Avropanın digər böyük futbol ölkələrinin klublarında oynamaq. Elə menecerlər futbolçuya deyirlər ki, sən razılıq ver, biz sənin üçün hansı yolla olursa olsun azad futbolçu statusu alacağıq. Tounkara da həmin vaxt belə bir menecerin hiyləsinə aldanmışdı. Amma bizim FİFA-ya şikayətimizdən sonra Tounkara geri qayıtdı və qayıtdıqdan sonra özü də etiraf etdi ki, mən filan menecer tərəfindən aldadılmışdım, hətta Avropaya aparılaraq filan klubun məşqində də iştirak etmişdim. 

-Səncə komandaya kim daha çox xeyir verə bilər? “Xəzər Lənkəran”ın pulunu düşünən təcrübəlilər, yoxsa “Xəzər Lənkəran” adı uğrunda mübarizə aparacaq yerli gənclərimiz?

-İkincilər. Amma ki, burda bir məsələ var: bizim mentalitetimiz. Bizdə özündənrazılıq var. Bundan çox qorxuram. Bircə onu arzulayıram ki, bizim yerli gənc futbolçularımızda bu hal baş verməsin. Gənclərimiz düşünməlidirlər ki, bu gün bütün “Xəzər Lənkəran” camiəsinin ümidi onlaradır. Bir şeyi də nəzərə almalıdırlar ki, klub rəhbərliyi illərdir onların yaxşı futbolçu kimi yetişməsi, bu səviyyəyə gəlib çatmaları üçün nə qədər işlər görüb, nə qədər pullar xərcləyib. Bu gün həmin futbolçulara etimad göstərilirsə, onlar da bu etimadı doğrultmaq üçün oyunlara ikiqat motivasiyayla hazırlaşıb bu etimadı doğrultmalıdırlar. 

-Bəs komandamızın ən sadiq futbolçusu olan kapitanımız Rahid Əmirquliyevdə liderlik üçün nə çatışmır? Qeyd edim ki, mövsümün ilk yarısının nəticələrinə görə Rahid ən çox – 5 qol ötürməsi verən futbolçumuzdur.

-Rahidlə Oğuz Çətin bu haqda demək olar ki, hər gün söhbət edərdi və bizə də deyərdi ki, bu gün “Xəzər Lənkəran”ın ən böyük problemi komandada lider futbolçunun olmamasıdır. Bunu kənardan azarkeş də görür ki, bu gün komandada heyəti öz arxasınca apara bilən futbolçu yoxdur. Amma Ağasəlim Mircavadovun dövründə bu işi Emin Quliyev layiqincə yerinə yetirərdi. Klubun o vaxtkı əməkdaşları deyirlər ki, bəzən baş məşqçi susardı, Emin danışardı. Komanda yoldaşlarına oyunda 15 dəqiqəlik fasilə zamanı elə sözlər deyərdi ki, ikinci hissədə komanda meydana çıxıb oyunun gedişatını dəyişib qələbə qazanardı. Futbolçuda liderlik xüsusiyyətləri anadangəlmə olmalıdır. Ancaq son vaxtlarda bu məsələni həm klub işçiləri, həm də azarkeşlər Rahidə o qədər dedilər ki, bu gün onda liderlik xüsusiyyətləri üzə çıxmağa başlayıb. Bəlkə deyənlər olar ki, artıq gecdir, amma son oyunlarda da hiss olundu ki, Rahid buna can atır, komandanı arxasınca apara bilmək bacarığını üzə çıxarmaq üçün yetərincə çalışır. 

-Qış transfer “pəncərəsi” dövründə komandaya yeni futbolçular cəlb olunacaq?

-Məndə olan məlumata görə yeni transfer olmayacaq.

-Komandamız Antalyada neçə yoxlama görüşü keçirməyi planlaşdırır? Sparrinq-rəqiblərdən adları məlum olanlar var?

-5 yoxlama görüşü keçirəcəyik. Adları bizə məlum olmasa da, kluba yoxlama görüşü keçirmək üçün təklif olunan rəqiblərdən üçü türk klublarıdır. Amma yəqin ki, onlardan biri seçiləcək. Bu və digər rəqiblərimizin kimliyinə Antalya toplanışının ilk iki-üç günündə tam aydınlıq gələcək. 

-Sonda, “Xəzər Lənkəran” azarkeşlərinə demək istədiklərin…

-“Xəzər Lənkəran”ın son illərdəki uğursuzluqlardan sonra azarkeşlər arasında komandaya qarşı inamsızlıq yaranıb. Buna görə də onlara hər hansı bir müraciətlə səslənmək istəmirəm. Sadəcə bir şeyi deyim ki, komandaya olan sevgi çempionluqlarla, nəticəylə ölçülmür. Necə ki, hələ də “Xəzər Lənkəran”ın adi oyun gününü özü üçün bayram hesab edən azarkeşlərimiz var. Komandanın yaxşı günündə olduğu kimi, uğursuz dönəmində də belə azarkeşlərin sayının daha çox olmasını istərdim. Bununla yanaşı, komandadan incik düşən azarkeşləri də qınaya bilmərəm. Amma istərdim ki, “Xəzər Lənkəran”a məcazi mənada daş atan azarkeşlərimizin sayı azalsın. Uğura gedən yolda camiə olaraq bir ailə olmaq vacibdir. Belə olarsa, inşaAllah yaxın gələcəkdə bunun uğurlu nəticəsini də görə bilərik.

-Səmimi söhbətə görə təşəkkürlər, Hüseyn. Səfər öncəsində sənə və “Xəzər Lənkəran”ımıza uğurlar arzulayıram. Sağ-salamat gedin-gəlin inşaAllah.

-Çox sağ ol, Rövşən. Mən də öz növbəmdə sənə təşəkkür edirəm.

 

Rövşən Əsədov
Xüsusi olaraq 12cioyuncu.info saytı üçün


Digər xəbərlər

Xəbər xətti