“Xəzər Lənkəran”ın müdafiəçisi : "Həmin gənclər Lənkəranın yetirmələridi" - MÜSAHİBƏ

01:42 6 Yanvar 2015

“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun müsahibəsi

 

- Topaz Premyer Liqasının arxada qalan 2 dövrəsi ilə bağlı nə deyə bilərsiniz?

- Çempionata yaxşı başlamadıq. İlk 5 oyunda xallar itirdik. Sonra komanda toparlanmağa başladı. Bu, nəticələrdə də əksini tapdı. Düzdü, sona yaxın 1-2 arzulamadığımız nəticələr qeydə alındı. İddialı komandalarla duellərdə vacib xallar itirdik.

 

- Fasiləyə 5-ci pillədə yollandınız və liderdən 14 xal az toplamısınız. İddialı “Xəzər Lənkəran” üçün 16 oyuna bu qədər xal toplamaq nə dərəcədə normaldı?

- Xüsusilə də ikinci dövrədə öz oyunumuzu tapmışdıq. Sonradan dəyişiklik oldu. Baş məşqçi istefa verdi, heyətdə gəncləşdirilmə aparıldı. Bundan sonra çətin olacaq.

 

- Komanda oyununu tapdığı bir vaxtda baş məşqçinin bu cür qərar verməsi nə ilə bağlıydı?

- Buna Oğuz Çətin cavab verə bilər. O, qalmaq istəmədi və getdi. Son görüşdən sonra bizə heç nə demədi. İdman saytlarından oxuduq ki, baş məşqçi komandadan ayrılıb. Bu qərarı niyə verməsi barədə məlumatım yoxdu.

 

- Klub strategiyasını dəyişib. 7-8 təcrübəli futbolçu istisna olmaqla, qalanları ilə yollar ayrılıb. Bu islahatlar nə vəd edir?

- Məyus olmağa dəyməz. Klubun 3-4 perspektivli, istedadlı yetirməsi var. Artıq onlar forma geyinmək şansı qazanacaqlar. Təbii ki, gənclərin şans qazanması yığma üçün də seçim imkanını artıracaq. Onlar bizimlə birgə məşq edir, bizə kömək edirlər. Razıyam, 1-2 il çətin olacaq. Çünki onlar təcrübəsizdilər. Ancaq oynadıqca artıracaqlar.

 

- Heyətdə radikal dəyişikliklərin edilməsi iddianın azalmasına dəlalət edirmi?

- “Xəzər Lənkəran” hər zaman iddialı olub. Biz də çalışacağıq ki, həmin iddianı qoruyaq. Yenə deyirəm, çətin olacaq. Amma bu çətinlik uzun çəkməyəcək. Həmin gənclər təcrübə topladıqca, nəticələrimiz də istədiyimiz kimi olacaq.

 

- Baş məşqçi haqda nə deyə bilərsiniz? Elbrus Məmmədov uzun müddətdir ki, Premyer Liqaya komanda çıxarmayıb...

- İnsan kimi çox yaxşıdı. Nəticələrə gəldikdə, əvəzedicilərlə nəyə qadir olduğunu göstərdi. Qış fasiləsinə lider kimi yollandı. Üstəlik, komandada xeyli sayda perspektivli futbolçular var. Ona uğurlar arzulayıram. Yaxşı olacağına ümid edirəm. Hər şeyi oyunlar göstərəcək.

 

- Meydanın gənclərə verilməsi azarkeşləri komandadan küsdürməyəcək?

- Əksinə, onlar yenidən stadiona axışacaqlar. Çünki həmin gənclər Lənkəranın yetirmələridi. Üstəlik, gənclərimiz zəif deyillər. Bir müddətdən sonra oyunumuzu tapacağıq. Narahat olmağa əsas yoxdu.

 

- Bir müddət əvvəl klubdan ayrılacağınızla bağlı məlumat yayılmışdı. Bu xəbərlər hardan qaynaqlanırdı?

- Açığı, xəbərim yox idi. Jurnalistlərdən biri zəng vurdu ki, bəs belə söhbət var. Sonra saytlarda oxudum. Çünki çempionat bitdikdən sonra evdəki işlərimlə məşğul idim. Heç nə ilə maraqlanmırdım. Həmin məlumatların doğru olmadığı ortaya çıxdı. Hazırda komandadayam. (apasport)


Xəbər xətti