Orxan Sadıqlı "Xəzər-Lənkəran"lı azarkeşlərin suallarını cavablandırdı : "Biz iddiamızdan əl çəkmək niyyətində deyilik"

13:49 9 Yanvar 2015

“Komandamız bu il sübut edəcək ki, ötən ilki heyətdən daha əzmkarıq. Nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. 
 

 

Sportarena.az xəbər verir ki, bu sözləri “facebook”da jurnalistlərin suallarını cavablayan “Xəzər Lənkəran”ın gənc qapıçısı Orxan Sadıqlı deyib. 

O, azarkeşlərin komandanın hazırki durumu ilə bağlı verdiyi sualları cavablandırıb: “Düzdür, heyətimizdə gənc futbolçular çoxdu. Amma biz iddiamızdan əl çəkmək niyyətində deyilik. Həm kubokda, həm çempionatda yaxşı nəticə üçün oynayacağıq. İnsan bəzən hisslərinin qarşısını ala bilmir. Komanda uduzanda mən ağlamışam. Çünki ürəyimdən, içimdən bu gəlir. “Xəzər Lənkəran”lı olduğum üçün fəxr edirəm. Biz yeni heyətimizlə daha çox azarkeş toplayacağıq. Sübut edəcəyik ki, futbol oynamaq üçün birlik lazımdır. Bizə rəhbərlikdən deyilib ki, gələcəyin komandasını qururuq. Azarkeşlər inansınlar ki, son 3 ilin ən yaxşı komandasını görəcəklər. Komandanın uğursuz olmağına gəlincə, transfer siyasəti bir az zəif oldu. Bəlkə, ona görə uğur qazana bilmədik. Gələn oyunçular istəniləni vermədilər”.

Sadıqlı oyunlarda etdiyi səhvlərə görə ona qarşı olan narazılıqları haqlı sayıb: “Mən, komandanın ən zəif vaxtlarında burda oynamışam. Oyunlarda səhvlərim olub. Buna görə mənə qarşı olan narazılıqları haqlı sayıram. Amma həmişə səhvlərimi düzəltməyə, daha yaxşı çıxış etməyə çalışıram. Hansı futbolçu səhv etmək istəyər ki? “Xəzər Lənkəran” kimi böyük camiəsi olan klubun qapını qorumaq asan deyil. Boyumun balaca olduğunu deyirlər. Dünyada o qədər güclü, amma boyu balaca olan qapıçılar saymaq olar ki...”

Gənc çərçivə qoruyucusu özü üçün kumir “Real”ın qapıçısı İker Kasilyası saydığını qeyd edib: “Kumirim Kasilyasdır. O doğrudan da möhtəşəm qolkiperdir. Özüm də “Real” fanatıyam”.

21 yaşlı qolkiper “Neftçi”də oynayarsızmı?” sualına belə cavab verib: “Yox, bu barədə heç vaxt düşünməmişəm. Heç zaman o komandada oynamaq istəmərəm”.


Digər xəbərlər

Xəbər xətti