Milinko Pantiç "Bakı" klubuna qayıdır

01:12 10 Yanvar 2015

"Bakı" komandasının sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycana qayıdacaq. Bu barədə paytaxt klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

O, Pantiçin Bakıya İspaniyanın "Atletiko Madrid" klubu tərəfindən göndəriləcəyini söyləyib: "Pantiç bizə yad adam deyil. "Atletiko Madrid" və "Bakı" arasında əməkdaşlığa əsasən, Pantiçin Bakıda öz fəaliiyətini davam etdirməsi danışılıb. Məsələ ondadır ki, Pantiçin də xidmətləri həmişə "Bakı" klubu tərəfindən yüksək qiymətləndirilib. "Bakı"da oynayan 12 gənc futbolçu Pantiç tərəfindən seçilmiş və onun istəyi ilə bu proseslərə, bir ildən artıq təlim-məşqlərə cəlb olunmuşdular. Ona görə də bu gün Pantiçin gəlməsi Azərbaycan futboluna xeyirdir. Bu gün onun buraya gəlməsi gənc futbolçularun yetişdirilməsinə lazımdır. Bilirsiniz ki, "Atletiko Madrid" dünyanın aparıcı klublarından biridir".

Vaxtilə Madrid klubuna yardım etdiklərini vurğulayan icraçı direktor qarşılıqlı yardımdan söz açıb. O, əməkdaşlıq etdiyi klubun bu cür addımını alqışa təqdirəlayiq hesab etdiyini deyib: "Əgər bu klub "Bakı"ya müəyyən dəstəyini verirsə, atdığı addımı alqışlamaq lazımdır. Pantiç və "Atletiko Madrid"in rəhbər şəxsləri ilə müntəzəm əlaqəm var və bunu gizlətmirəm. Mənim həmin klubla öz şəxsi münasibətim daha yaxşıdır. Onların buraya dəvət olunması, mənim dəvət əsasında Madridə getməyim canlı şəkildə əməkdaşlığımızı göstərir. "Real Madrid"lə keçirilən oyuna da dəvətliydim, sadəcə, müəyyən səbəblərdən gedə bilmədim".

Klub rəsmisi serbiyalı mütəxəssisin "Bakı"ya qayıdacağı təqdirdə hazırda baş məşqçi postunda olan İbrahim Uzuncanın taleyinə də aydınlıq gətirib: "Pantiç olmadığı üçün İbrahim Uzunca əvəzedici heyətdən əsas komandaya cəlb olundu. Pantiç hər an qayıda bilərsə, bu, Hafiz müəllimin verəcəyi qərardan asılıdır. Mən bu bardə heç nə danışa bilmərəm. Yanvarın 11-12-də onlar gələndən sonra biz dəqiq biləcəyik ki, Pantiç nə vaxt gələcək və orada hansı müzakirələr, söhbətlər olub. O, gələcəyi təqdirdə ola bilər ki, xaricdə təlim-məşq toplanışı keçək. Düzdür, vaxt azdır, amma hər şey ola bilər. Təlim-məşq toplanışına qərar verəcək şəxs baş məşqçidir. Onun verdiyi qərara əsasən müəyyən işlər görmək olar".

Qeyd edək ki, klub prezidenti Hafiz Məmmədov İspaniyada "Atletiko Madrid"dəki həmkarı Enriko Serezo və "Bakı"nın sabiq çalışdırıcısı Milinko Pantiçlə görüşüb. (report)


Xəbər xətti