Elnur Əşrəfoğlu: “Neftçi”yə qayıdanda bəziləri qorxurdu ki, bu, yenə qayıtdı” - FOTOLAR + MÜSAHİBƏ

22:00 15 Yanvar 2015

"Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsində çalışan Elnur Əşrəfoğlu saytımıza müsahibə verib.

 

"Sizi inandırım ki, hal-hazırda idman jurnalistikasında elələri var, oyundan kənar vəziyyətin necə olduğunu bilmirlər”

 

2014-cü il Elnur Əşrəfoğlu üçün nə ilə yadda qaldı?

 

- Normal. Yenidən futbol təsərrüfatına qayıtdım. 2014-cü ildə mənim üçün ən önəmli hadisə bu oldu. Yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra futbolun içindəyəm, ancaq jurnalist kimi. İlk Azərbaycan çempiontından bu yarışların gedişatını izləmişəm, Azərbaycan millisinin rəsmi, qeyri- rəsmi iştirakçısı olmuşam – jurnalist kimi işıqlandrmışam. Futbol təsərrüfatında rəsmi olaraq işləməyə, bildiyiniz kimi, 2010-cu ildə başlamışam. Müəyyən müddət "Neftçi”-də çaılşmışam, sonra oranı tərk etdim, ancaq Sadıq Sadıqovun dəvəti ilə yenidən kluba qayıtdım. Bu hadisə məhz 2014-cü ildə baş verdi.

 

- Jurnalist olmaq asandır, yoxsa müşavir?

 

- Jurnalist. Çünki sərbəstsən, azadsan. Hər bir sözünü, fikrini bildirə bilirsən. Kanallardan birində verilişinə qatılmışdım, legioner limiti ilə bağlı müzakirələr gedirdi, orda jurnalist kimi fikir söylədim. Mən də istərdim Azərbaycanda səviyyəli legionerlərin sayı çox olsun. Limit 6+5 yox, 8+3 olsun və yaxud da heç limit olmasın. Legionerlərə daha çox şans verilsin. "Nefçi” və "Qarabağ”ın Avrokuboklardakı uğurlarında legionerlərin əməyi daha böyükdür. Bizim yerli futbolçular əsas heyətdə yer aldıqdan sonra bir qədər burunları qalxır, öz üzərilərində işləmirlər. Ancaq onlar rəqabət görəndə, yer uğrunda mübarizə aparacaqlar. Jurnalist kimi bu cür olsun istərdim. Məmur kimi, bəli, mən də bugünkü qərarı dəstəkləməliyəm və hətta deməliyəm ki, bu, azdır, yerli futbolçulara daha çox şans verilməlidir.

 

- Jurnalist olmaqda sərbəstlik var. Amma vəzifədə olanda isə səlahiyyətli olursan. Bunlar arasında fərq də sizin üçün adidir?

 

- Açığını deyim, bu günkü gündə vəzifə boş şeydir. Dəqiq demək lazımdır. Vəzifə bu gün var, sabah yoxdur. Əsas odur ki, işlədiyin o yerdə, o işin inkişafı naminə hər hansı bir işi görəsən, söhbət ondan gedir. Bilirsiz, bəli, Azərbaycan mentalitetində belə bir hal formalaşıb ki, bu gün hardasa çalışmırsansa, işləmirsənsə, sənə gün ərzində bir zəng gələ bilər. O da hər hansı problemli adam səni axtaracaq. Vəzifədəsənsə 100 zəng gələ bilər. Boş-boşuna kefini soruşa bilərlər "necəsən, nə var, nə yox, hardasan?" Belə bir hal formalaşıb. Ancaq mən bu cür insan olmamışam, heç bir zaman. Belə şeylərə də fikir vermək lazım deyil. Əgər bu gün hansısa səlahiyyətin varsa, çalışmalısan ondan elə istifadə edəsən ki, sabah səni yada salsınlar.

 

- Jurnalistikadan söhbət düşmüşkən, illərin təcrübəsi, televiziyada öz sözünü demiş bir jurnalist kimi, bu günkü idman jurnalistikasının durumunu necə dəyərləndirirsiniz?

 

- Bir qədər rəndələmək lazımdır, idman mediasını. Bu ola bilər, kimlərinsə xoşuna gəlməsin, amma düzün demək lazımdır. Bəli, internet zamanıdır, çox asan şəkildə bir sayt yarada bilərsən, onu işlədərsən. Sosial şəbəkədə öz səhifəndə fikrini ictimaiyyətə çatdırarsan. Belə bir hal formalaşıb ki, azlıq çoxluğa tabe olur. Çox təəssüf ki, çoxluq da o səviyyədə deyil. Hər halda, mən də bu mətbəxin nümayəndəsiyəm. Kütləvi informasiya vasitələrindən çıxmışam. İdman jurnalistləri ilə ünsiyyətim olur. Görürəm ki, onundan səkkizi o səviyyənin adamı deyil. Ancaq nə edəsən, çalışırsan, onların nazı ilə oynayasan. Məcbursan bu cür edəsən, başqa yolu yoxdur. Sən artıq məcbur olursan, o çoxluğa tabe olmağa. O adam bəlkə də bilmir futbolu neçə nəfər oynayır. Sizi inandırım ki, hal-hazırda idman jurnalistikasında elə jurnalistlər var, oyundan kənar vəziyyətin necə olduğunu bilmirlər. Deyə bilərsiniz ki, futbolumuzda da belə insanlar var. Bəli, mən bununla razıyam.

 

- Həmişə belə bir müqayisə gedir, jurnalistlərin səviyyə baxımından durumu yaxşıdır yoxsa klub funksionerlərinin?

 

- Bu gün Elnur Əşrəfoğlu küçədə 5 adamla görüşsə, 5-indən 4-ü tanıya bilər və loru dildə deyək, onun ikisi Elnurun cibinə pul da basa bilər. Yəni sənin illərlə qazandığın o hörmət, sən nə vaxtsa ona hansı hörməti etmisən, indi o sənə hansı qarşılığı verir. Biri də var ki, bu sahəyə pul qazanmaq üçün gələnlər. Bu gün gəlim, talayım gedim. Bunlar arasında fərq böyükdür. Bu günləri mənə sərbəst jurnalist kimi işləmək bəlkə də daha çox pul qazandıra bilər, nəinki funksioner. Fikirləşməyin ki, klubda işləyən hər hansı biri vurur orda, çıxır çarxa, yox, belə şeylər yoxdur. Bu günkü dövrdə futbolçu idman jurnalistindən daha hörmətlidir, daha çox qazanır. Baxmayaraq ki, ağlı o dərəcədə deyil.

 

- Amma müqayisə etmədiniz...

- Jurnalistikanın vəziyyətini acınacaqlı qiymətləndirmək olmaz. İdman mediasında dəyərli oğlanlar çoxdur. Və bu işi bilirlər. Çətinliklərə, zülümlərə baxmayaraq saytı, qəzeti saxlayırlar. Övlad kimi baxırlar buna. Çətinliklərə baxmayaraq, işinin öhdəsindən gələnlər var. Ümumi götürdükdə görürük ki, vəziyyət qənaətbəxş deyil. Klubda olan funksionerlərdə də vəziyyət yaxşı deyil. Təsadüfi adamlar çoxdur. AFFA-nın prezidenti Rövnəq Abudllayevdir. Futbol adamı olmayıb, ancaq onun başçı olması futbolçunun, funksionerin xeyrinədir. Çünki bu insan futbolu sevir, ürəyi futbolla döyünür. Milli komandamızın və klublarımızın görüşlərində onu stadionda görmək olur. Diqqət və qayğısını göstərir. Qa deyənə qa, qu deyənə qu. Bütün problemləri həll edir. Dövlət Neft şirkətinin də prezidentidir. Belə adam olmalıdı da futbolun rəhbəri. Maliyyə baxımından hər bir köməkliyini göstərir.

 

"Amerikanlıların filmlərində olduğu kimi, bir cinayətkarı yaxalayanda polislər bildirirlər ki, heç bir söz danışma, nə danışsan məhkəmədə sənin əleyhinə istifadə olunacaq”

 

- Klublarımızda futbol idarəçiliyi istənilən səviyyədədirmi?

 

- Yox, problemlər çoxdur. Mən demirəm "Barselona”, "Real”, "Bavariya”nı, ortabab Avropa klubların götürək. Məsəl üçün İsveçin "Malmö”, Finlandiyanın HİK-ində klub anlayışı fərqlidir. Bizdə isə hər hansı bir sponsor və ya iş adamı əlini klubdan çəkdisə, dağılmaq təhlükəsi ilə üzbəüz olur. Birinci o faktı götürək. Ona görə də bizdə klub idarəçiliyi yoxdur. İş düzgün qurulmur.

 

- "Neftçi”yə müşavir təyin olunmamışdan əvvəl bildirmişdiniz ki, klub üçün layihələrim var. Hansı işləri görmüsünüz?

 

- "Neftçi” elə bir klubdur ki, ailə olaraq hər bir məsələ müzakirə olunur. Bu gün klub prezidenti hər hansi bir qərarı vermədən öncə məsləhətləşir. Bizim tez-tez toplantılarımız olur. Cari məsələlərlə bağlı hər hansı bir qərar veririk, o da türklər demiş, sonda çıxır "piyasaya”. "Neftçi”də müəyyən layihələr həyata keçirilir. Bunu kimsə öz adına yaza bilməz, klub olaraq "Neftçi”nin adı ilə bağlı olur. Mən deyə bilmərəm ki, Elnur Əşrəfoğlu olaraq etdim. Sabah "Neftçi”nin jurnalı çıxacaq, deyim mən çıxartmışam, yox, elə deyil. Bu, "Neftçi”nin jurnalıdır. Orada hər bir "Neftçi” işçisinin əməyi var.

 

- 2014-cü ildə Elnur Əşrəfoğlunun adı ilə bağlı olay "Simurq” - "Neftçi” görüşündən dərhal sonra baş verdi. AFFA tərəfindən verilən cəza və cərimədən sonra rəhbərlik sizə hansısa təlimatlar verdi?

 

- O adi bir an idi, orada baş verdi. İnsan öz əsəblərini cilovlaya bilmir. Hər halda, o epizodda məni də yaxşı başa düşmək lazım idi. PFL prezidenti Ramin Musayevi misal çəkmək istərdim. Bilirsiniz ki, Ramin Musayev klubda da çalışıb, vaxtilə icarçı direktor, vitse prezident olub. Həmin vaxtlar mən jurnalist idim, televiziyada çalışırdım. Oyunlar şərh etmişəm, verilişlər hazırlamışam. Necə çılğın hərəkətlər baş verirdi, şahidi olurdum. Həmçinin Musayevində başına bu cür hadisələr gəlib. Ona da cəzalar, cərimələr gəlib. Düzün danışmaq lazımdır, bu cür hadisələr olub. O, nəyə görə bunları edib, özünə görə yox, klub üçün. Zaqataladakı hadisədə isə haqsızlıq var idi. Hakimlər Komitəsinin sədri də bildirdi ki, bəli, həmin epizodda penalti yox idi. Bu biri tərəfdən isə "Neftçi”nin təmiz penaltisi verilmədi. Mən də eyni hadisəyə etirazımı bildirirdim. Cəza çox ağır cəza oldu. Ola bilər sonradan mətbuatdakı çıxışlara görə bu cəza verildi. Mətbuata tək mən yox, qarşı tərəfdə açıqlamalar verdi. Amerikanlıların filmlərində olduğu kimi, bir cinayətkarı yaxalayanda, polislər bildirirlər ki, heç bir söz danışma, nə danışsan, məhkəmədə sənin əleyhinə istifadə olunacaq. Ona görə də bu barədə danışmaq istəmirəm. Cəzamın bitməsinə çox az qalıb, istəmirəm yenidən nəsə olsun.

 

"Jurnalist zəng edir və sual verir ki, Mirhüseyn Seyidov yuxudan durdu və ya nə vaxt duracaq?”

 

- Bu hadisədən sonra Xaqani Məmmədovla görüşünüz oldumu?

 

- Yox. Bu gün AFFA-da iki nəfər var. Cəzanın verilməməsi üçün onlara deyə bilərsən. Çox təəssüf, biri mənə yalan danışdı, digəri isə mənimlə görüşmək istəmədi. Ad çəkmək istəmirəm.

 

- Mətbuata açıqlamışdınız ki, "Neftçi”nin vitse prezidenti bu məsələ ilə bağlı danışamağınıza qadağa qoyub...

- Yox, mən o cür deməmişdim. Mətbuatda səhv yazmışdılar. Sonradan etirazımı bildirdim. Mən prezidentin müşaviriyəm, qadağanı o, qoya bilər. Jurnalist zəng edir və sual verir ki, Mirhüseyn Seyidov yuxudan durdu və ya nə vaxt duracaq? Açığını deyim də bu, belədir. Bu sual mənə yox, mətbuat xidmətinə ünvanlamalıdır. Bu cür demişəm. Yəni klubla bağlı nə suallarınız var, müraciət edin klubun bu sahə ilə bağlı işçilərinə. Məşq necə keçdi, kim cəzalıdır, bunun üçün mətbuat xidməti var. Sual verdiyin anda cavabını ala bilərsən. Bilirsiniz ki, "Neftçi”nin mətbuat xidmətində peşəkar insanlar çalışır. Orada hər hansı bir cümlədə səhv ola bilməz. O daha asan olar jurnalist üçün, nəinki telefonda açıqlama alasan, sonra eşitdiklərini yazasan. Mən bu baxımdan demişəm. Sonradan gördüm ki, qadağa kim qoyulub dediklərim.

 

- Bir "Neftçi” azarkeşi olaraq 2014-cü il və cari mövsümdə Elnur Əşrəfoğlu "Neftçi”nin uğursuzları sırasında kimləri görür?

 

- İndi biz yox idik deyə, mən deməliyəm ki, uğursuzluqlar olub? Yox, "Neftçi” 2014-cü ildə Azərbaycan kubokuna sahib olub. Avrokuboklara vəsiqə qazanıb. Avroliqanın pley-off mərhələsinə çıxıb. Bunları heç cür uğursuzluq kimi qiymətləndirmək olmaz.

 

"Hələdə inanlar var ki, Şaxta baba "Qarabağ”a şad xəbər verəcək”

 

- Avroliqanın qrupunda oynamış bir komanda üçün, pley-off-da oynamaq uğurdurmu?

 

- Əvvəl bir mərhələ keçəndə papağımızı atırdıq göyə, gəlib yerə də düşmürdü. İndi pley-off-a çıxmaq uğursuzluq sayılır? Biz bu günləri danışırıq ki, "Qarabağ”ın qolu sayılmadı. Çox adam hələ də inanır, şaxta babanı gözləyirlər. Guya, fevral ayının 5-i qolu sayacaqlar. Hələ də şaxta babaya inananlar var, futbol aləmində belə şey olmayıb. "Neftçi”nin Bakıdakı oyununa təkrar baxaq. Hakim haqsızlığı ilə "Neftçi” də üzləşdi. Qapımıza vurulan birinci qol zamanı Mirhüseyn Seyidova qarşı açıq aşkar kobudluq var idi, amma baş hakim oyunu davam etdirdi, bunun nəticəsində qapımıza qol vuruldu. Sona yaxın isə "Neftçi”nin bir neçə futbolçusunun qovulması hakim səhvi üzündən oldu. Bunlardan öncə isə meydança amilini götürərdim. "Neftçi”də texnikalı futbolçular çoxdur. Yadınızdadırsa hesab 0-0 olarkən Flavinyo 2 metrlikdən 100 %-lıq topu vura bilmədi, ayağı ilişib torpağa yıxıldı. Həmin gün meydança zığ, palçıq idi. Həmin meydançada futbol oynamağın özü bir günah idi. "Bakcell Arena”da da vəziyyət o dərəcədə yaxşı deyildi. "Neftçi”nin həmin görüşdən öncə rəqib meydançadakı görüşlərinə baxın. Fikir verin, "Neftçi” səfərdə "Çixura”ya 3 top, ardınca Sloveniyada "Koper”ə 3 top, "Partizan”a da həmçinin 2 top vurdu. Çünki meydançalar ideal vəziyyətdə idi. Özü dəki hər üç oyunda meydan sahiblərinə kifayət qədər azərkeş dəstəyi var idi. "Çixura” - "Bursaspor” görüşündə meydançanın yarısı heç dolmamışdı, "Neftçi” ilə görüşdə isə tam dolu idi. Serbiyadakı görüşdə isə meydançada boş yer yox idi. Hətta azərkeşlər rəhbərliyə qarşı etiraz edirdilər. 0-2 dən sonra bəlkə də o etirazlar oyunu dəyişdi. Meydançadakı şüarlar, etirazlar bəlkədə futbolçularda qorxu hissi yaratmışdı, ona görə də, oyunlarını dəyişdilər. Ad çəkmək istəmirəm, həmin heyətdir, bir iki nəfər gəlib və gedib. Bu gün Azərbaycanda iki titul var, çempionluq və kubok. Bunlardan birini qazanıb, "Qarabağ”dan sonra ikinci yaxşı nəticə verən "Neftçi” oldu. Ona görə də, mən uğursuzluq kimi qiymətləndirməzdim. Bu gün uğursuz olan komandalar göz önündədir.

 

- Mütəxəssislər bildirir ki, cari mövsümdə "Neftçi” transfer siyasətində uğursuz oldu. Elnur Allahverdiyev və Nikolas Kanalesi sübut kimi göstərirlər...

 

- İlyarım öncə Kanales "Neftçi”nin gözü idi. Hətta bombardir də oldu, çümpionatda 26 qol vurdu. İmkan düşürsə, Kanalesin əvvəl istədiyi qiymətin 30%-i müqabilində indi onu transfer edə bilirisənsə, niyə də etməyəsən?

 

- Kanales həmin formasından çox uzaqdır ...

- İnsan zədəli olub. Müəyyən müddət futboldan kənar qalıb. Adam iki gün futbol oynamayanda artıq formadan düşür, sonradan çox çətin olur. "İnter”lə oyunda heç nədən qol vurdu, yəni bu futbolçunun qol duyumu var. Sadəcə olaraq, baş məşqçinin sisteminə uyğun oynamalısan . Yaddan çıxarmayaq, Kanales "Neftçi”də olanda sağ və sol cinahlarda Bertuççi və Mahir var idi. Ona daha çox ötürmələr gəlirdi. Kanales isə 80 topdan 20 neçəsini qolla tamamlayırdı. Amma indiki gündə "Neftçi”nin həmin cinahlarında müəyyən problemlər var. Eləsi var öz yerində oynamır. Eləsi də var ki, gəncdir. O şərtlərlə oynaya bilmir, oyun praktikası azdır. Bu cür amillər də var, nəzərə almaq lazımdır.

 

- Bir və ikinci dövrələrdə "Neftçi”də müdafiəçi çatışmazlığı var idi. Hətta yarımmüdafiəçi cinah müdafiəçisi kimi də oynayırdı. Müdafiəçi çatışmazlığı olduğu halda "Neftçi” hücumçu və qapıçı ilə gücləndi. Sizcə bu düzgün idi?

 

- Mən sizinlə razıyam. Müdafiənin sol cinahında futbolçu çatışmazlığı var. Yerli elə bir futbolçu göstərin ki, cinahda çox gözəl oynayır və sual verin, "Neftçi” onu niyə transfer etmir. Belə bir futbolçu yoxdur. Hər zaman Azərbaycan futbolunun xəstəliyi cinah müdafiəçiləri olub. Müasir futbolda cinah müdafiəçisi hücuma qoşulan futbolçulardan biridir. Yerli futbolçular bu şərtlə oynaya bilmir, bacara bilmirlər. Legioner isə transfer edə bilmərik, kifayət qədər var. Həmçinin limit söhbəti də mane olur. Təkcə Maksim Medvedevi deyə bilərəm, o, da "Qarabağ”ın futbolçusudur.

 

"Qurban Qurbanov əlinə düşən şansları dəyərləndirsəydi, hesab başqa cür ola bilərdi”

 

- "Neftçi” legionerlərini göndərib, yenilərini cəlb etsə yaxşı olmazmı?

 

- "Neftçi” Azərbaycanda olan nadir klublardan biridir ki, onun FIFA və UEFA ilə futbolçu müqavilələrində problemi demək olar ki, olmayıb. Nə vaxtsa olub, yoluna da qoyulub. Elə bir güclü problemimiz olmayıb ki, xalımız silinsin və ya hansısa sanksiyalar olsun. "Neftçi” həmişə bu şərtlərə əməl edən klub olub. Bu legionerlərin müqavilə vaxtı var, onu gözləmək lazımdır. Çoxunun müqaviləsi may ayında bitir. Həmin vaxt toplantı olacaq, kim qalacaq və kim göndəriləcək, hamısına qərar veriləcək. Yeni kimləri gətirmək lazımdır, buna o vaxt baxılacaq. Ancaq bu gün "Neftçi”nin strategiyası tamamilə başqadır. "Neftçi”nin strategiyası gənclərə daha çox üstünlük vermək və həmin gəncləri milli komandaya hazırlaşdırmaqdır. Hal-hazırda "Neftçi”nin gənc futbolçuları artıq milli komandaya namizəddirlər.

 

- "Neftçi”nin gəncləşdirmə siyasəti komandanı nə dərəcədə iddialı edəcək?

- Artıq "Neftçi” gəncləşdirməyə başlayıb. Emin Mehtiyev, Məqsəd İsayev, Mirhüseyn Seyidov, Araz Abdullayev, Samir Məsimov start heyətində yer alırsa demək, "Neftçi” bu siyasəti aparır. Hal-hazırda komanda Antalyada təlim-məşq toplanışındadır. Əvəzedici heyətdən bir neçə gənc futbolçular cəlb olunub. Artıq Arif Əsədov üçün vacib bir dönəmdir. Əsədov 3-cü turdan "Neftçi”nin baş məşqçisi oldu. İndi isə Arif Əsədov öz komandasını yığa bilər. Deyə bilərsiniz ki, futbolçuları o dəvət etməyib, vur tut iki üç transferiniz olub. Elə də deyil, bu günkü heyətin 70 faizi 2011-ci ildə Əsədovun baş məşqçi olduğu illərdə də var idi. Bu dönəm onun üçün çox vacibdir. Mən inanıram ki, o, bu işin öhdəsindən gələcək. Çünki Arif müəllim gənclərlə işləməyi sevən mütəxəssisdir. O, "Neftçi”nin əvəzediciləri ilə də çempionluq yaşayıb. Əsas komanda ilə də çempion olub. 19 yaşlıların baş məşqçisi olduğu dövrdə milli komandamız erməniləri məğlub edib, elit raunda yüksəlib. Deməyim odur ki, çoxlarını tanıyır, ustalıqlarına da bələddir. Birdən-birə yığıb 11 nəfəri meydana buraxsaq, biz o komandanı və futbolçuları yandırarıq. Bunlar hamısı etap-etap olmalıdır. Araz Abdullayev birdən-birə Araz olmayıb. O da zamanla yetişərək hazırkı səviyyəsinə çatıb. Çətinliklər də olacaq, bu günkü gündə "Neftçi” çempion olmayada bilər. Bir şey var ki, "Neftçi” adı varsa, orada məqsədimiz yalnız və yalnız çempionluqdur. Fərq etməz, bu gün prezident Sadıq Sadıqovdur və ya başqası. Kim gəlir, gəlsin, məqsəd eynidir.

 

- Tahir Sülymanovun yeri görsənirmi?

 

- Tahir Süleymanov futbolda olan adam olub. Hər zaman çıxış edəndə də demişəm, futbolda olan adam bu işin içində daima qalmalıdır. Tahir Süleymanov futboldan kənar qalmamalıdır. Bayaq bildirdim ki, verlişdə idim. Mənimlə yanaşı Ağasəlim Mircavadovda qonaq idi. Çox sevindirici haldır ki, Ağasəlim müəllim Məşqçilər Komitəsinin üzvüdür. Futbolun içində olan mütəxəssislərdən istifadə etmək lazımdır. Mütləq onların xeyri dəyəcək.

 

"Elə bir zamanə gəlib çıxıb, kimsə "moşennik”dir , həmin adamın işi "xod” gedir”

 

- "Neftçi”dən vitse prezidentlik təklifi gəlsə, qəbul edərsinizmi?

 

- Hazırda "Neftçi”nin vitse prezidenti var. Bu gün bir ailə olaraq, çalışırıq. Vitse prezident çox işgüzardır. O, işini çox gözəl bilir. Bunu qeyd etməmək insafsızlıq olar. Onun vitse prezident kimi xeyri çox dəyib. Mən hazırda müşavirəm və vəzifəmi yerinə yetirirəm. Bu mənim üçün kifayət edir. Elə-belə adam "Neftçi”də vitse-prezident ola bilməz. Sadıq Sadıqov hər adamı bu vəzifəyə təyin etnəz axı. Deməli, layiqdir ki, işləyir.

 

- "Neftçi” hansı məşqçinin dövründə daha baxımlı çıxış edirdi?

 

- Müstəqillik dönəmində "Neftçi”nin iki heyətini güclü sayıram. Birincisi Rövnəq Abdullayevin klubun prezidenti olan vaxtında. Həmin o "Neftçi” ki, "Şiroki Briyeq”ə qalib gəldi, daha sonra Rusiyanın MOİK ilə Bakıda heç-heçə oynadı. Səfər görüşündə də baxmayaraq ki, 2-0 uduzdu, amma Qurban Qurbanov əlinə düşən şansları dəyərləndirsəydi, hesab başqa cür ola bilərdi. O heyət çox güclü idi. İkinci isə "Neftçi”nin Avroliqanın qrup mərhələsində çıxış etdiyi heyət. Tamamilə fərqli heyətlərdir.

 

- Son vaxtlar "Neftçi” azərkeşlərinin meydançalarda sayı azalıb. Bu nə ilə əlaqəlidir, yetərincə təbliğatının olmaması, yoxsa "Neftçi”yə qarşı diqqətsizlik?

 

- Azərkeşlərin meydançalara gəlməməsini tək "Neftçi” ilə əlaqələndirmək düzgün deyil. Daha çox azərkeş əyalətlərdə olur. Hətta I Divizonun "Ağsu” – "Qaradağ Lökbatan” oyunu keçirilir, Ağsuda stadion dolu olur. Əyalətlərdə gələ bilirlər, paytaxtda isə yox. Müəyyən amillər var. AFFA, Klublar Komitəsi və PFL bu məsələ ilə bağlı müzakirələr aparmalıdır, tövsiyyələr verilməlidir. Oyunun saatı və günü kifayət qədər önəmlidir. Həftə arası günorta vaxtı kim oyuna gələ bilər ki?

 

- Bu bir ismarıcdır?

 

- Yox, qətiyyən, bir şərti budur. Kimisə günahlandırmaq olmaz. Stadionların 90 faizində işıqlandırma sistemi yoxdur.

 

"Əyyaşlıq edib, pul oğrusudur, qumar oynayıb, ləkəni vur, getsin, peçat kimi”

 

- İlk dəfə "Neftçi”də çalışdığınız zamanı kollektivlə aranızda narazıçılıq yaranaraq, ayrılmışdınız. Yenidən "Neftçi”yə qayıtdınız. Kollektiv sizi necə qarşıladı?

- Bir qədər öncə Azərbaycan mentalitetindən danışdıq. Doğrudan da Azərbaycanda belə bir hal olur ki, insan bir işdən ayrılanda o "persona no qrant”-a olur. Deməli, insan işdən ayrılanda düşünürlər ki, rəhbərliyin bu insanla arası yaxşı deyil, gündə sənə 20 dəfə zəng edən adam, indi zəng etmir. Elnur Əşrəfoğlu Azərbaycan Televiziyasında çalışıb. Oranı tərk edəndə məni görəndə salam vermək istəməyənlər də oldu. Hətta ağır xəstə oldum, əməliyyat keçirdim, heç onda da zəng edənlər olmadı. Ancaq bu belə olmamalıdır. İşdən ayrılırsan, müəyyən söz-söhbətlər çıxardılar. Bir insanı ləkələməyə nə var ki?! Ləkəmək istəyirsənsə, deyirsən, əyyaşlıq edib, pul oğrusudur, qumar oynayıb, ləkəni vur, getsin, peçat kimi. Ancaq faktla danışmaq başqadır. Faktı gətir qoy ortalığa. Hansı hadisə baş verib, nə vaxt olub. Mən ayrılanda da bir-iki məsələlər qulağıma çatdı. Həmin insanlarla görüşə qədər getmişəm, eləsi var görüşdən qaçıb, əgər nəsə olubsa, demək, şahidlik edən də var. Saatlarla hansısa kafenin qarşısında dayanıb, həmin insanlarla görüşmək üçün gözləmişəm, amma qaçıblar. Məncə elə şeylərə fikir vermək lazım deyil, çalışmaq lazımdır. Elə bir zamanə gəlib çıxıb, kimsə "moşennik”dir , həmin adamın işi "xod” gedir. Kasıb gedir yeyir-içir, bir hadisə baş verir, heç kasıbın günahından deyil, həmin ölənin günahındandır. Kimisə öldürür, sonra deyirlər, buna bax, yeyib-içməyi də bacarmır. İçdi, getdi camaatın uşağın öldürdü. Amma varlı adam yeyir-içir, gəlir, çıxardır tapançasın iki nəfəri öldürür. Onda isə deyirlər kişinin oğlu yeyib-içməyi bacarır. Nə edək, hansı ilə ayaqlaşaq? Çalışıb, özünü qorumalısan. İşini gör, kim nə danışır, danışsın.

 

- Hazırda kollektivlə münasibətləriniz necədi?

 

- Mən qayıdan da adamlar var idi ki, söz söhbətlər çıxartdılar. Hətta bəziləri qorxurdular ki, bu yenə qayıtdı, nəsə ola bilər. Onların hər biri ilə söhbət eləmişəm ki, belə deyil. Bu gün Elnura tapşırılsa bu konfeti götür, buradan başqa yerə qoy, o konfetə məsul adam kimdirsə, onunla birlikdə gedib, onu ora qoyacam. Artıq yaş dönəmi əvvəlki deyil. Artıq 40-ı keçmisənsə, risk etməyə dəyməz.

 

- Rəhbərlik 2015-ci ildə "Neftçi”dən hansı nəticəni gözləyir?

 

- "Neftçi” üçün əsas vəzifə çempionluqdur. Çalışacağıq ki, dubl edək. Əgər alınmasa ən azı bir titul əldə etmək üçün mübarizə aparacağıq. (goal.az)


Digər xəbərlər

Xəbər xətti