Böyükağa Hacıyev "Xəzər Lənkəran"ın baş məşqçisinə qiymət verdi

14:25 19 Yanvar 2015

Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Böyükağa Hacıyevin müsahibəsi

 

- Məşqçilər Komitəsinin digər üzvləri Antalyada olduqları halda, siz Bakıda qalıb, burdakı komandaların hazırlığını izləyirsiz. AZAL, “Sumqayıt” və “Bakı”nın 3-cü dövrəyə hazırlığını necə qiymətləndirirsiz?

- Onların hazırlıq prosesini diqqətlə izləyirəm. İmkanları olsaydı, bu klublar da xaricdə təlim-məşq toplanışı keçərdilər. Ən pisi odu ki, bu gün klublarımızın maliyyə imkanları arasında fərqlər var. Düzdü, bütün dünyada belədi. Əksər klublar Antalyada olduqları halda, bu 3 klub Bakıdadı. Bəlkə də bunların paytaxda qalmaları daha yaxşıdı. Onsuz da, Azərbaycanda da havalar yaxşı keçir. Yeganə problem sparrinq rəqib tapa bilməməkdi. Bu problemdən də bir-birləri ilə yoxlama oyunları keçirməklə çıxış yolu tapırlar.

 

- Qış fasiləsindən sonra 2 komanda – “Qəbələ” və “Xəzər Lənkəran” çempionatdakı mübarizəyə yeni baş məşqçi ilə davam edəcək. Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ”dən nə gözləyirsiz?

- Qriqorçuku dərindən tanımıram. Bunun üçün zamana ehtiyac var. Bilirəm ki, komandaya biri qapıçı olmaqla, 3 ukraynalı futbolçu gətirib. Kamran Ağayevin getməsi “Qəbələ” üçün itki olar. Kamran kimi qapıçının Azərbaycan futboluna gəlməsi üçün 15-20 il vaxt lazımdı. Bu gün futbolda nə yerlibazlıq, nə də qohumbazlıq dövrüdü. Nə olsun yeni gələn qapıçı ukraynalıdı. Futbolun yazılmamış qanunu var: kim güclüdüsə, o da oynamalıdı. Hər şey Kamranın özündən asılıdı. Əgər o özünü daha yaxşı tərəfdən göstərsə, Qriqorçuk futbolun yazılmamış qanunu ilə getməli olacaq.

 

- “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Elbrus Məmmədov haqda da fikirlərinizi eşitmək istərdik...

- Elbrus bacarıqlı məşqçidi. Üstəlik, azərbaycanlıdı. Elbrusun rəhbərliyi altında “Xəzər Lənkəran”ın əvəzedici komandası lider oldu. Yəqin ki, Məmmədov Topaz Premyer Liqasında da özünü göstərə biləcək.

 

- Keçmiş komandanız “Neftçi” hələlik 3 yerli futbolçu ilə güclənib. Bu, qış fasiləsindən sonra çempionluq mübarizəsini davam etdirmək üçün kifayətdirmi?

- 3 nəfər alıblar da, daha kimi alsınlar? (gülür). Özü də hər üçü yerli futbolçudu və bu, müsbət haldı.

 

- Daha bir sabiq klubunuz “Bakı” isə maddi sıxıntılar çəkir. Sizcə, paytaxt klubunun aqibəti necə olacaq?

- “Bakı”da istək həddindən artıq böyükdü. Əfsuslar olsun ki, komanda maddi cəhətdən problem yaşayır. “Bakı”da fədailər vuruşur. Yəni, futbolu pula görə oynamayanlar qalıb. Onları alqışlamaq lazımdı. (apasport)


Digər xəbərlər

Xəbər xətti