“Zirvə” Liseyində “20 yanvar – qanlı gecə” tədbiri keçirildi - FOTOLAR

18:00 19 Yanvar 2015

Azərbaycan qəhrəmanlar ölkəsidir. Azərbaycan öz ölkəsinin azadlığı, suverenliyi uğrunda canından keçən insanların ölkəsidir. Azərbaycan torpağı şəhid qanı ilə sulanmış ölkədir.

Azərbaycanın özünün müstəqiliyyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 20-dən düz 25 il ötür. Bu münasibətlə AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyinin kollektivi xüsusi tədbir – 20 Yanvar şəhidərinin xatirə gününə həsr olunmuş ədəbi-bədii gecəni – həyata keçirdi.

Tədbir açıq olunandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Daha sonra həmin gecə şəhid olan vətən oğulları və qızlarımın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Çıxış üçün ilk söz 20 yanvar gecəsi baş verən dəhşətli hadisələrin səbəblərini və səbəbkarlarını yaxından tanıtmaq və məlumat vermək üçün söz liseyin tarix müəllimi Əli Yusubova verildi. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyi qeyd etdi. Əli müəllim milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. O, həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəlıyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, cənab Prezident İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etdi. Bildirildi ki, 20 yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq.

Tədbirin bədii hissəsinə 20 yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoroliklə start verildi. Görüntülər heç bir şərhsiz, olduğu kimi zala toplaşanlara təqdim edildi. Əslində, şərh veriləsi heç bir şey də yox idi. Çünki aşkar görünürdü ki, bu, bir millətə qarşı soyqırım, amansız, vəhşi bir qətliamdır. Azyaşlı məktəblilərin bu videorolikə xüsusi diqqətlə baxdığını sezmək çətin deyildi.

Sonra məktəblilər şeirlər dedilər.

… Ağla, ürək boşalsın,

Ünün göyə baş alsın.

Ağla, dağlar yumşalsın,

Ağla qərənfil, ağla!..

Uşaqların təşkil etdiyi səhnəciklər də maraqlı və təsirli alındı. Şəhid anasının fəryadının təsvir edildiyi səhnə xüsusilə qeyd olunmalıdır.

Ardıcıl səslənən şeirlər, sonda oxunan şəhid mahnısı “20 yanvar faciəsi”nin əsl ruhunu bizlərə çatdıra bildi.


Digər xəbərlər

Xəbər xətti