20 yanvarda şəhid olan güləşçimizin xatirəsinə

16:40 20 Yanvar 2015

1990-cı il yanvarın 20-də küçələrdə qışqırıq və güllə səslərinin bir-birinə qarışdığı gün idi. Azadlığına qovuşmaq istəyən xalqımızın səsini terrorla boğmaq istəyirdilər. Amma vətənpərvər övladlar öz al-qanları ilə şəhidlik zirvəsinə yüksələrək qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar.

 

25 il əvvəl “Qanlı yanvar” hadisələrində şəhid olanlar arasında bir məşhur idmançı da vardı. Milli azadlıq hərəkatının gənc fəallarından biri də güləşçi Müşfiq İsayev olub. 20 yanvar qurbanı olmuş keçmiş idmançını xatırlamağı özümüzə borc bilirik.

 

Müşfiq İsayev “qanlı yanvar” hadisələrində şəhid olmuş azərbaycanlı güləşçidi. O, vətənpərvər, vətənini, xalqını ürəkdən sevən biri kimi tanınıb.

 

Vətənpərvər güləşçi - Canını qurban verdi

 

Müşfiq Ağaəli oğlu İsayev Ağdaş rayonunda anadan olub. Ailədə 7 uşaq olublar - beş qardaş, iki bacı... Valideynlərinin ikisi də pedaqoq olub. Anası uşaq bağçasında əvvəlcə tərbiyəçi müəllim, sonra müdirə vəzifəsində işləyib. Atası Ağaəli İsayev Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib, müxtəlif tərbiyə-təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. O, Ağdaş rayonundakı uşaq-gənclər idman məktəbinin direktoru işləyirdi.

İsayevlər ailəsində ilk bədbəxt hadisə Natiq adlı qardaşının 2 yaşında rəhmətə getməsi olub. Sonra isə Müşfiq İsayevin ölümü (1990-cı il 20 yanvar) ailəyə növbəti kədəri yaşatdı.

 

İllər sonra isə bu ailənin böyük oğlu Zaur İsayev rəhmətə gedib. Hazırda ailənin 4 övladı qalıb - iki qardaş, iki bacı...

 

Keçmiş güləşçi Xəzər İsayev oğluna qardaşı Müşfiqin adını qoyub. İstəyir ki, oğlu da qardaşı kimi vətənpərvər olsun, vətənini, xalqını ürəkdən sevsin.

 

Güləş döşəyində rəqib, kənarda qardaş

 

Müşfiq MOK-un vitse-prezidenti, keçmiş güləşçi Xəzər İsayevin kiçik qardaşıdır. O da qardaşı kimi güləşin sərbəst növü üzrə məşğul olub.

 

Xəzər İsayev kimi nəticələr verə bilməsə də, sevilən güləşçilər sırasına düşə bilib. Qardaşlar döşəkdə rəqib, kənarda qardaş olublar.

 

Bu barədə X.İsayevin özü də müsahibələrində deyib. Bir neçə dəfə yarışlarda üz-üzə gəlsələr də, döşəkdə qələbə üçün çalışıblar.

 

Xatirəsini yaşatmaq üçün atılan addımlar

 

Müşfiq İsayevin ölümündən sonra onun xatirəsini yaşatmaq üçün bir sıra işlər görülüb. İlk olaraq  20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir təşkil edildi. Bu turnir 1997-cı ildən keçirilməyə başlayıb. Bu yarışda iştirak etmək üçün Gürcüstan, İran, Qazaxıstan, Rusiya və Özbəkistan kimi ölkələrdən idmançılar dəvət olunur.

 

Qeyd edək ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində bu yarışın 18-cisi keçirilib. Bundan əlavə onun xatirəsinə doğulduğu Ağdaş rayonunda küçə və məktəb də var.

 

publika.az


Digər xəbərlər

Xəbər xətti