Ramin Musayev : "Klublarımızın daxilində alver gedir" - AÇIQLAMA

23:49 21 Yanvar 2015

Hazırda Antalyada təlim-məşq toplanışında olan hakimlərimizin yanında olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev maraqlı açıqlama ilə yadda qalıb.

 

"Yadınızdadırsa hələ bir müddət bundan qabaq sizinlə söhbətimdə demişdim ki, klublarda pullar düzgün xərclənmir. Necə ola bilər ki, bir futbolçu gəlib 6 ay oynayıb çıxır gedir? Klub rəhbəri hara baxır, klubu maliyələşdirən şəxs hara baxır? Özünüz də bilirsiniz ki, hansısa futbolçu gəlib 2 illik müqavilə bağlayıb və özünü doğrultmayıb 6 aydan sonra göndərilsə də qalan 1,5 illik pulunu alır. Klubların da maddi sıxıntı çəkməsinin, onların çətin vəziyyətə düşməsinin səbəbi budur. Normal işləmək lazımdır. Bu gün klublarımızda işlər düzgün qurulmur və bu da məni çox narahat edir. Buna görə də etiraf edirəm ki, bu il çempionatın səviyyəsi aşağı olacaq. Bunun da günahkarı öz klublarımızdı". 

 

Daha sonra PFL prezidenti klublarımızı sərt tənqid "atəş"inə tutdu: "Bəzən yazırlar ki, Ramin Musayevin keçirdiyi çempionat. Ay qardaş, çempionat mənim deyil mən sadəcə, çempionatın keçirilməsinə cavabdehəm. Nə vaxt gedib hansısa kluba demişəm ki, bu futbolçu göndər bunu götür? Bunu kluba pul buraxan şəxs deməlidir. Hər halda pul qazanan adamın ağlı da olar. Amma klublarımızda bu gün işlər düzgün qurulmur, klublarımızın daxilində alver gedir. Təəssüf ki, ad açıqlaya bilmirəm. Amma görürük axı. Məşqçi qalıb kənarda klubda çalışan sıravi işçi komandaya futbolçu gətirir? Onda məşqçi nə üçündür. Bu, mənə çatmır. Mənə zəng edirlər ki, Ramin müəllim, olar filan komanda filan oyunçuya baxsın? Deyirəm ki, futbolçunu aparın məşqçi baxsın. Deyirlər ki, klubda çalışan filankəsin imzası olmadan ora oyunçu götürmək olmaz. Mən "Neftçi"də işləyəndə məşqçi istədiyi oyunçunu deyirdi çəkilib dururdu qıraqda. Daha gəlib  onun transfer qiymətinə qarışmırdı". (rekord)


Xəbər xətti