"Xəzər-Lənkəran"ın hücumçusu: "Bizim güclü heyətimiz olanda da nəticələr yaxşı deyildi" - MÜSAHİBƏ

01:00 23 Yanvar 2015

"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovun müsahibəsi

 

- Rumıniyanın "Universitatya" klubuna məğlub olduğunuz oyunu necə şərh edə bilərsiniz?

- İlk 10 dəqiqədə yaxşı təsir bağışlamadıq. Amma ondan sonra özümüzə gəldik və fikrimcə, yaxşı futbol göstərdik. Yaxşı pressinq edirdik. Rəqib meydanın özünə aid hissəsini tərk edə bilmirdi.

 

- Niyə qol imkanlarını dəyərləndirə bilmirdiniz?

- Bilmirəm. Sadəcə, top rəqib qapısına getmək istəmirdi.

 

- İkinci hissədə yorğunluq hiss etdiniz?

- Mümkündür ki, yorğunluğun təsiri vardı. Çünki hazırda təlim-məşq toplanışındayıq.

 

- Hazırlıq necə gedir?

- Normaldır. Hamı ürəkdən çalışır.

 

- Komandanız yoxlama oyunlarında niyə qələbə qazana bilmir?

- Qələbə o qədər də vacib deyil. Yoxlama oyunları nəticə qazanmaq üçün keçirilmir. Onlar məşqçilərə öz futbolçularını iş başında görmək üçün lazımdır.

 

- Çempionatda bu heyətlə oynamaq çətin olmayacaq?

- Çətin olacaq. Amma bizim güclü heyətimiz olanda da nəticələr yaxşı deyildi. İndiki heyət cavandır. Əminəm ki, yaxın gələcəkdə biz daha yaxşı nəticələr qazana biləcəyik.

 

- "Xəzər Lənkəran"ın heyəti gəncləşdirmək barədə qərarını necə qarşıladınız?

- Əminəm ki, bu addım komandaya xeyir verəcək. Çünki bizdə artıq əsas heyətə düşə bilən 16-17 yaşlı futbolçular var. Onlar 2-3 ildən sonra çox böyük təcrübəyə malik olacaqlar. "Xəzər Lənkəran"da elə futbolçular var ki, nəinki komandamıza, bütövlükdə Azərbaycan futboluna faydası olacaq.

 

- Komandanın qarşısına hansı vəzifə qoyulub?

- Biz həmişə yüksək yerlər uğrunda mübarizə aparmışıq. Fikrimcə, yenə normal nəticə qazana biləcəyik. (azerisport)


Xəbər xətti