Azərbaycan Güləş Federasiyasının yeni loqosu hazırlanacaq - MÜSABİQƏ

11:04 28 Yanvar 2015

Azərbaycan Güləş Federasiyası qurumun loqosunu yeniləmək qərarına gəlib. Bu məqsədlə peşəkar dizaynerlər arasında loqo müsabiqəsi elan edilir. 

Müsabiqənin şərtləri:

— loqo dizaynı özündə Federasiyanın fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;
— loqoda Azərbaycan güləşinin zəngin tarixi və müasir uğurlarını əks etdirən məqamlara yer verilməlidir; 
— dizayn orijinal, rəngli və konseptual görünüşlü olmalıdır;
— müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan layihələr təqdim edilməlidir;

Təklif olunacaq eskiz və layihələr fevralın 1-dən 22-dək " [email protected]" e-mail ünvanına və ya Zərifə Əliyeva küçəsi 55, Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə göndərilməlidir. (Əlaqə üçün: 4997774/75, 0502459906)

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflərə xüsusi komissiya tərəfindən 28 fevral 2015-ci il tarixinə qədər baxılaraq müsabiqənin qalibi elan olunacaq. Müsabiqənin qalibi 1 000 (bir min) manat məbləğində pul mükafatı və Federasiyanın xüsusi hədiyyəsi ilə təltif olunacaq.  

Qalib gəlmiş loqo Federasiyanın blanklarında, vizit kartlarında və digər çap məhsullarında istifadə ediləcək. 

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov loqo dəyişikliyi ilə bağlı müsabiqə elan edilməsinin zəruriliyini dövrün tələbi ilə əlaqələndirib:

"Bildiyiniz kimi, bu yaxınlarda Beynəlxalq Güləş Federasiyası da belə bir addım atdı, həm qurumun adı, həm də loqosu dəyişdirildi. Hər bir qurum mütəmadi olaraq re-brendinq edir. Bu, artıq müasir dövrün bir tələbinə çevrilib. Azərbaycan Güləş Federasiyası öz fəaliyyətində hər zaman yenilikçi ideyaları tətbiq edir. Bu baxımdan, artıq uzun müddət idi ki, istifadə etdiyimiz loqotipin dəyişdirilməsi barədə qərar qəbul etmişik. Bütün dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edirəm. Təqdim olunacaq layihələrə Federasiya prezidenti cənab Fazil Məmmədovun və I vitse-prezident, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü cənab Namiq Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən baxılacaq. Azərbaycan güləşinin zəngin tarixi və müasirliyini özündə ehtiva edən, Federasiyanın bugünkü fəaliyyətini, strategiya və missiyasını əks etdirən layihə seçiləcək və bundan sonra AGF-nin rəsmi loqotipi kimi istifadə olunacaq".


Digər xəbərlər

Xəbər xətti