Eddi İsrafilov: "Azərbaycanı seçdim və sonadək qərarımın arxasında dayanacam" - AÇIQLAMA

11:19 28 Yanvar 2015

Azərbaycan yığmasının yeni futbolçusu Eddi İsrafilov İspaniya mətbuatına müsahibə verib. 

 

Sportarena.az xəbər verir ki, “Qranada” klubunda forma geyinən yarımmüdafiəçi maraqlı məqamlara toxunub.

 

 

- Qranadada həyat necə keçir?

- Əla. Burda çox xoşbəxtəm. Qranada müasir şəhərdi. Klubdakı vəziyyət də pis deyil. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Ancaq nəzərə almaq lazımdı ki, bu, mənim La Liqadakı ilk mövsümümdü. Buna görə də, səbirli olmalıyam.

 

- Sabiq baş məşqçiniz Xoakin Kaparrosun komandadan göndərilməsi haqda nə deyə bilərsiz?

- Onun gedişi gözlənilməz oldu və məni çox məyus etdi. Kaparros mükəmməl insandı. Həmişə ona minnətdar olacam. Çünki məhz Kaparrosun rəhbərliyi altında La Liqada debüt etdim. Ümid edirəm ki, onun sonrakı fəaliyyəti daha uğurlu alınacaq.

 

- Qısa müddət ərzində bir çox stadionlarda, həmçinin “Nou Kamp”da oynamaq sizə qismət oldu. Bunu gözləyirdizmi?

- Arzum həyata keçdi. Əvvəlcə televizorda gördüyüm stadionlarda indi oynayıram. Bundan gözəl nə ola bilər ki?

 

- İspaniyanın birinci və ikinci liqalarında oynamaq arasında nə kimi fərq var?

- Böyük fərq var. Həm keyfiyyətdə, həm də oyunların sürətində.

 

- Növbəti hədəfiniz nədi?

- Həm futbolçu, həm də insan kimi inkişaf etmək. Hədəflərimə gəldikdə isə İspaniya çempionu olmaq və ən yaxşı futbolçuların qatıldığı dünya çempionatında oynamaq istəyirəm.

 

- “Real”a qarşı oynamaq yaxşıdı, yoxsa “Barselona”ya?

- Bu komandalara qarşı oynamağı uşaqlıqda ancaq yuxumda görürdüm. “Real” və “Barselona”ya qarşı meydanda mübarizə aparmaq inkişaf deməkdi.

 

- Qarşıdan “Real”la oyun gəlir. Bu matçdan nə gözləyirsiz?

- Çox ciddi hazırlaşırıq və hədəfimiz oyundan 3 xalla ayrılmaqdı.

 

- Sizin üçün hansı mövqedə oynamaq daha rahatdı?

- Hücum etməkdən çox müdafiə olunmağı xoşlayıram. Amma irəli xətdə də rahat oluram.

 

- Gələcəkdə karyeranızı İspaniyadan kənarda davam etdirməyi planlaşdırırsızmı?

- Bəli. İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Gələcəkdə İspaniyadan kənarda oynamağı mütləq istəyirəm.

 

- Azərbaycan yığmasının heyətində debüt matçınızı hansı komandaya qarşı keçirmək istərdiniz?

- İspaniyaya. Çünki təkcə bu yığmadan mənə təklif gəlmədi. Amma onlarla qarşılaşmağımız imkansız görünür. Azərbaycan millisində oynamağa razılıq vermişəm və sona qədər bu qərarımın arxasında duracam.


Xəbər xətti