Namiq Əliyev: "İnanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar" - FOTOLAR

17:00 28 Yanvar 2015

Azərbaycan güləşçiləri 2015-ci ilin təqvim planına əsasən, hazırlıqlarını Olimpiya Güləş Mərkəzində davam etdirirlər. Bu gün milli komandalarımızın mətbuat açıq məşqi olub.

Hazırlıqları Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev də izləyib. 

Məşqin sonunda N.Əliyev media nümayəndələrinin suallarını cavablandırıb: “Bu il ölkə idmanı üçün əlamətdar olacaq. Qarşıda bizi ilk Avropa Oyunları gözləyir. Bizim üçün bu yarış çox önəmlidir. Çünki doğma divarlar arasında mübarizə aparacağıq. Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq. Amma digər namizədləri də unutmaq olmaz. Əlbəttə, Azərbaycan güləşçiləri də dünya reytinqində ilk sıralarda yer alırlar və inanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar”.

Dünya Kuboku yarışları ilə bağlı sualı isə Namiq Əliyev belə cavablandırıb: “Avropa Oyunlarına qədər komandalarımız Dünya Kuboku turnirində iştirak edəcəklər. Qrupdakı rəqiblərimiz güclüdür. Amma bu, o qədər də önəmli deyil. Biz yalnız özümüz, öz gücümüz haqda düşünməliyik. Bununla belə, yunan-Roma güləşçilərinin İran yığmasıyla qarşılaşacağını qeyd etmək istərdim. Doğma divarlar onlara kömək edə bilər. Amma biz artıq iranlı güləşçiləri məğlub etmişik və düşünürəm ki, hazırda Azərbaycanın yunan-Roma güləşi İranla eyni səviyyədədir”.

Sonda AGF-nın birinci vitse-prezidenti Dünya Güləş Birliyinin qaydalarda etdiyi dəyişikliklər barədə fikirlərini bildirib: “Məncə, döşəyin rənginin dəyişilməsi ilə bağlı qərar doğrudur. Eyni zamanda hakimlərin də yeni geyimdə olacağı yaxşı haldır. Çünki idman oyununu əvvəlki geyimlərlə idarə etmək qəribə görünürdü. Yeni geyimlərlə onlar daha rahat hərəkət edə biləcəklər. Hakimlərdən söz düşmüşkən, bu mənada da inkişaf bizi sevindirir. Beynəlxalq arenalarda ölkəmizi iki hakim təmsil edəcək. Onlardan biri daha gənc olsa da, hər ikisi kifayət qədər təcrübəlidir”.


Xəbər xətti