Qurban Qurbanov: "Açığını deyim, bəzi futbolçulardan narazı qaldım"

17:51 29 Yanvar 2015

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu bü gün burada sayca 5-ci yoxlama oyunun keçirdi. Sportarena.az xəbər verir ki, Rusiya Premyer Liqasında çıxış edən “Mordoviya”yla qolsuz oyundan sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov müsahibə verib:

- Normal oyun alındı. Əsasən komandada az oynamaq şansı əldə edən futbolçuları meydana buraxdım. Açığını deyim, bəzi futbolçulardan narazı qaldım. Düzdü, razı qaldıqlarım da oldu, amma bəziləri yaxşı təsir bağışlamadı. Çox yaxşı, mobil, fiziki və atletik hazırlığı yüksək olan komandaya qarşı oynadıq. Ən azından hər bir futbolçu 90 dəqiqədə meydanda gücünü paylaşa bildi.

- Kimlərdən narazı qaldız?

- Belə futbolçular oldu. Axşam olacaq toplantıda onlara iradlarımı bildirəcəm.

- Siz meydana ikinci heyətlə çıxmışdız, amma “Mordoviya” ilk hissədə tamamilə əsas heyətlə oynayırdı...

- Bu məqam bizim üçün önəmli deyil. Daha əvvəl başqa güclü klublara qarşıda oynamışıq. Əsas məqam rəqibin kimliyi və ya nəticə yox, futbolçulara tapşırılan tapşırığın necə yerinə yetirilməsiydi. Ola bilər ki, bu, kənardan yaxşı görünməsin, amma biz bilirik ki, futbolçuya nə tapşırmışıq və o, özü necə oynayır. Verdiyimiz tapşırıqları düzgün yerinə yetirməlidirlər. Buna nə güc, nə də ağıl lazımdı. Sadəcə olaraq daha diqqətli olub, matça konsentrasiya olmalıdırlar.

- Yoxlama oyunu olsa da, “Mordoviya” 5 müdafiəçi ilə oynayırdı. Qolun olmamasın bununla əlaqələndirmək olar?

- Hər iki komanda ehtiyatlı oynayırdı. Bizim də hücum xəttində gücümüz az idi. Bir neçə düşünülmüş hücumumuz oldu. Amma rəqibin müdafiə xətti yaxşı təsir bağışladı.

- Müdafiənin mərkəzində oynatdığınız Admir Teliylə Şəhriyar Əliyevin anlaşması və ortada çıxış edən Hacı Əhmədovun oyunu sizi qane etdi?

- Həm Teli, həm də Şako (Şəhriyar Əliyevi nəzərdə tutur) yaxşı oynadılar. Eləcə də, Hacı Əhmədovla Namiq Yusifov. Hər dördündən də razı qaldım.  


Xəbər xətti