İker Kasilyas Arda Turanın hərəkətinə reaksiya verdi: "Yaxşı hərəkət etmədi"

17:00 31 Yanvar 2015

"Real"ın və İspaniya yığmasının qapıçısı İker Kasilyas "kral klubu"nun İspaniya kubokunda mübarizəni dayandırmasına münasibət bildirib.

Sportarena.az xəbər verir ki, Kasilyas "Barselona" ilə oyunda Arda Turanın hakimə butsi atmasına da münasibətini açıqlayıb. O, türk futbolçunun düzgün hərəkət etmədiyini bildirib:

"Sən hər bir oyuna yüksək səviyyədə köklənəndə, bu, komandanın qalib gəlməsinə kömək edir. Ancaq milad fasiləsi öz işini gördü. Biz bir neçə dəfə konsentrasiyanı itirdik və kubokda mübarizəni dayandırdıq... Arda nə etdi? Əslində biz bunu ondan soruşmalıyıq. Amma o, yaxşı hərəkət etmədi – bunu dəqiq bilirəm".

Xatırladaq ki, İspaniya Kral Kubokunda 4/1 finalın cavab oyununda “Atletiko” öz meydanında “Barselona”nı qəbul edib. Qonaqların 3:2 hesabı ilə qalib gəldiyi oyunda madridlilərin türkiyəli futbolçusu Arda Turanın hərəkəti gündəm yaradıb.

Belə ki, oyunun 47-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə cərimə zərbəsi gözləyən 27 yaşlı yarımmüdafiəçi hakimin oyunu davam etdirməsinə sərt reaksiya verib. Həmin epizodda butsisi ayağından çıxan futbolçu onu yan hakim tərəfə tullayıb. Buna görə də o, matçın baş hakimi Xesus Jil Mansano tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

 


Xəbər xətti