Lempardla Abdullayevin fərqi, lənkəranlılar onu bağışlamayacaq

19:00 3 Fevral 2015

Uzun illər bir komandanın formasını tərlətmiş futbolçunun çempionatın digər iştirakçısının heyətinə cəlb olunduqdan sonra onun sabiq klubuna qarşı oynayacağı matçı azarkeşlər maraqla gözləyir. Həmin futbolçu qol vurmağa yaxın olan mövqedə çıxış edirsə, dərhal beyinlərdə istər-istəməz bir sual formalaşır: “Görəsən o, sabiq komandasına qol vursa, sevinəcəkmi”.

Sevinməyənləri, həttə vaxtı ilə çıxış etdiyi komandaya qol vurduğuna görə ağlayanları, məyus olanları çox görmüşük. Sözsüz ki, bu, futbolçunun sabiq klubuna, onun azarkeşlərinə olan sayqısından irəli gəlir. Və bu durumda fanatlar futbolçunu rəqib komandaya transfer olunmasına görə oyunçunu yox, klub rəhbərliyini qınayır. Qola sevinməyən topçu bununla sabiq azarkeşlərin ömürlük rəğbətini qazanmış olur.

Yaxın keçmişdə belə hadisələr çox olub. Misal üçün, Frenk Lempard 13 il “Çelsi”nin şərəfini qoruduqdan sonra “Mançester Siti”yə transfer olunur və sabiq komandasına qarşı ilk oyununda fərqlənir. Futbolçu üçün qol vurmaq gözəl hiss olsa da, Lempard bunu bayram etmir. Eyni centlimenliyi hazırda İspaniya “Real”ın heyətində çıxış edən Kristianu Ronaldodan 6 il formasını geyinmiş “Mançester Yunayted”ə qarşı oyunda da görmüşük. Onlarla futbolçu bu cür alqışlanılası addımlarla yadda qalıb.

Azərbaycan futbolunda isə vəziyyət tamam fərqlidi. Futbolçularımız dildə azarkeşlərə görə top dalınca qaçdıqlarını desələr də, onların rəğbətini qazanmağın yollarını bilmirlər. Çünki əksəriyyət futbolu yalnız və yalnız pul üçün oynayır. Buna görə də meydana çıxmamışdan öncə hələ soyunub-geyinmə otağında olarkən bir-birinə “Qaqa, maaşdan hələ bir xəbər yoxdu; Bilmirsən, qalib gəlsək, mükafat nə qədər olacaq” kimi suallar ünvanlayan futbolçularımız var. Elələri də var ki, topla rəqib qapısına tərəf irəliləyəndə vuracağı qol sayəsində qazanılan 3 xaldan əvvəl bu məharətinə görə alacağı 500 dollar mükafatı düşünür.

“Xəzər Lənkəran”da az maaşa razılaşmayaraq “Simurq”a transfer olunan Elnur Abdullayevin də sabiq komandasına qarşı oyunu maraqla gözlənilirdi. Və o, “sarı-qaralı” forma ilə debüt matçında sabiq komandasının qapısından qol keçirməyi bacardı. Amma Elnur gözlənilən addımı atmadı. Abdullayev vurduğu qolu elə bayram etdi ki, elə bil 4 il çıxış etdiyi “Xəzər Lənkəran” onun yaxşı futbolçu kimi formalaşdıran klub olmayıb. Bu da sözsüz ki, lənkəranlı fanatların futbolçuya qarşı qıcıq münasibət göstərməsinə səbəb ola bilər. Elnur əksini etsəydi - daxilində sevinib, xaricində üzülsəydi, ən azından “Xəzər Lənkəran”a pul üçün üz tutan futbolçulardan olmadığını isbatlamış olardı. Amma o, sanki lənkəranlılara acıq verirmiş kimi sevindi.

Elnur Abdullayevin sabiq komandasına qol vurduqdan sonra sevinməsini “Xəzər Lənkəran” fanatları da qəbul etmir. Saytımıza danışan “12-ci oyunçu” azarkeş qrupunun rəhbəri İslam Cabbarovun yarımmüdafiəçinin davranışına reaksiyası belə oldu: “ Dünya futbolu tarixində bu tipli hallar olub. Ən maraqlısı bəlkə də “Xəzər Lənkəran”la bağlıdı. Belə ki, Zaur Ramazanov “Xəzər Lənkəran” karyerasını ilk hissəni bitirəndən sonra səhv etmirəmsə “Qarabağ”a transfer olunur. Amma o, sabiq komandasına qol vuranda formasını üzünə keçirdir, sevinmir. Əlbəttə ki, Elnurun hərəkəti əksər lənkəranlı azarkeşlər tərəfindən pis qarşılandı. Futbolçu ilə uzun illər sirrlərimiz bölünüb. Azarkeşlər onu sevib, oyunda buraxdığı çoxlu səhvlərini bağışlayıblar. Özümüzünkü bildiyimiz futbolçunun komandanı tərk etməsindən sonra vurduğu qolu bu cür qeyd etməsi yaxşı hal deyil. Onu hətta lənətləyənlər də oldu”.

“Bəs, onu bağışlamaq olarmı” sualına cavab verən İslam bəy bunun mümkünsüz olduğunu qeyd etdi: 

“Yəqin ki, bağışlanmayacaq. Nəvaxtsa “Simurq” və ya digər komandanın heyətində Lənkəranda meydana çıxanda fanatlar 90 dəqiqə onu fitə basacaq. Azarkeşlər futbolçuya öz etirazlarını bildirəcəklər. Bu da o deməkdi ki, Elnur Abdullayev bağışlanmayacaq”.

Düzdü, Elnur günah iş görməyib. Amma həm də bizim düşündüyümüz qədər də böyüməyib. O, həmişə sıradan bir futbolçu olacaq, Lənkəranda əfsanələşən Ramazanov kimi yox

Mənbə: futbolinfo.az

 


Digər xəbərlər

Xəbər xətti