Tuyqun Nadirov: "...2 aylıq maaşı tutulacaq" - MÜSAHİBƏ

23:28 3 Fevral 2015

Bu gün Klublar Komitəsinin (KK) üçüncü iclası keçirildi. “Hilton” otelində baş tutan tədbirdə bir sıra məsələlər müzakirə olundu. İclasdan başa çatdıqdan sonra KK-nın sədri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir.


- Klublar Komitəsinin budəfəki iclasında hansı məsələlər müzakirə olundu?
- İclasa AFFA-nın baş katibi Elxan Məmmədovu da dəvət etmişdik. Çox sağ olsun ki, müəyyən məsələlərlə bağlı müzakirələrdə o da iştirak etdi. Bir sıra təkliflər irəli sürmüşdü və buna görə açıqlamaları oldu. KK-nın loqosunu qəbul etdik, Nizamnamədə bir sıra dəyişikliklər etdik. Teleyayım və “Topaz” məsələsi ilə bağlı onların rəhbərliyi ilə əlaqə saxlanıldı. Onlar əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdilər. Legioner limiti ilə bağlı müzakirələr də apardıq.

 

- Nə kimi təkliflər irəli sürüldü?
- Limitlə bağlı fikirlər müxtəlifdi. Bəzi klublar hazırkı legioner limitindən razıdılar. Elələri də var ki, bu, onları qane etmir.


- Konkret hansısa  fikrin üzərində dayandınızmı?
- Xeyr. Bununla bağlı klub rəhbərləri öz məşqçiləri ilə məsləhətləşəcəklər. Biz həm də AFFA-dan statistik məlumat istəyirik ki, baxaq, görək durum nə yerdədi. Bir mövqedə neçə azərbaycanlı futbolçunun çıxış etdiyinə baxmalıyıq. Bilirsiz, hər il legioner limitini dəyişdirmək də müsbət hal deyil. Bu, inkişafa ziyan vura bilər. Hər bir klub yetişdirdiyi futbolçunun bəhrəsini görmək istəyir - ya heyətdə oynadaraq, ya da onu sataraq. Buna görə də Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyevi də iclasa dəvət etmişdik. O da öz tövsiyələrini verdi. Bu da klub rəhbərləri tərəfindən çox yaxşı qarşılandı. Digər tərəfdən Lisenziyalaşdırma Qrupunun rəhbəri də iclasda iştirak etdi. Bilirsiz, biz iclasımızın gündəliyində aktual məsələləri müzakirə edirik. Nəzərə almaq lazımdı ki, lisenziyalaşdırma məsələsi martda bitir. Buna görə də klub rəsmiləri Lisenziyalaşdırma Qrupu ilə daim ünsiyyətdə olmalıdı. Hər iki komitənin rəhbəri, o cümlədən AFFA-nın baş katibi Elxan Məmmədov sağ olsun ki, qızıldan qiymətli vaxtlarını bu gün  bizimlə bölüşdü. Növbəti iclasların birinə də Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi dəvət edəcəyik.

 

- 21 yaşlı futbolçuların maaşına limit qoyulması ilə bağlı müzakirələr oldumu?
- Əslində 23 yaşa kimi futbolçuların maaşına limit qoyulması ilə bağlı məsələ idi. Onun da üzərində iş gedir, müzakirələr aparılır. Burada futbolçuların maaşlarının azaldılmasından və ya çoxaldılmasından söhbət getmir. Bəzi futbolçular ki, həqiqətən də layiq olduğu puldan aşağı məbləğ alır. O da klub rəhbərliyinə gedib deyə bilər ki, “mən artıq pula layiqəm, digər klublar daha çox verir”. Məqsədimiz odur ki, klublar olaraq birləşib yerli futbolçuların xaricə çıxıb getməsinə təkan verək. Elə komandalar var ki, əvəzedici heyətində kifayət qədər perspektivli futbolçu var, amma oynamağa yer tapa bilmir. 


- Sizə elə gəlmir ki, klublarımız yalnız  maliyyə problemini yaşadıqdan sonra gənc futbolçulara şans verməyə məcbur qalır?
- Bu gün “Xəzər Lənkəran” çempionatda gənc heyətlə çıxış edir. Sabah avrokuboklara vəsiqə qazansaq, bu heyətlə gedib orada layiqli şəkildə təmsil olunub-olunmayacaqdadı problem. Bu gün klubları öz yetirmələrini oynatmağa məcbur edə bilərik. Amma sabah Avropa səhnəsində rəqibə qarşı yaxşı oynaya bilməyəcək axı. Avrokuboka getsək, komandanın gücünə güc qatıb, layiqincə təmsil olunmasına imkan yaradacağıq. Bu gün deyirik ki, legioner limiti tətbiq olunmasın. Amma nəticədə gedib səviyyəsiz legionerləri heyətə cəlb edəcəklər. Bunun nəticəsində inkişaf olmayacaq. Qonşu ölkələrimizin klubları nə vaxt avrokuboklarda layiqli təmsil olunublar? O vaxt ki, onların yerli oyunçuları ölkədən kənara çıxıb parlayanda. Sən heç vaxt legionerlə uğurlu çıxış edə bilməzsən. Məsələyə incə yanaşmaq lazımdı. Legionerlərdən qətiyyən üz döndərmək də lazım deyil. Yerli futbolçuların formalaşmasında da peşəkar legionerlərin də böyük rolu var. Bu gün hamınız razılaşırsız ki, Alfred Sanko kimi futbolçunun yanında çıxış edən yerli oyunçu ondan çox şey öyrənir. Təkcə azərbaycanlı futbolçular çıxış etsə, kim kimdən nəsə öyrənə biləcək ki? Bütün bu məqamları analiz edib, sonra hansısa qərarı qəbul etmək lazımdı.


- Yeri gəlmişkən, iclasda “Bakı”nın düşdüyü maliyyə problemindən çıxması üçün hansısa təkliflər irəli sürüldümü?
- Klublar Komitəsi artıq ötən dəfə çempionata öz töhfəsini verdi. Klub rəhbərləri qəbul etdi ki, “Bakı”dan heç kim futbolçu qaçırmasın. Bəlkə də paytaxt klubun bu gün fəaliyyətdə olmasının səbəblərindən biri budu. Fikrimcə, Bakı təmsilçisində olan çətinlik müvəqqətidi. Klublar bacardıqları qədər kömək olmalıdı. Bu gün orada da gələcəyi parlaq olan yetərincə oyunçular var. Vaxt gələcək “Bakı” onları satıb, vəsait əldə edəcək.

 

- Elnur Abdullayev “Simurq”un heyətində “Xəzər Lənkəran”a qol vurduqdan sonra sanki sizə açıq verirmiş kimi sevinirdi. Buna sizin reaksiyanız necə oldu?

- Elnur gəldi, süni örtüyü öpdü. O, pis futbolçu olmayıb. Təki “Xəzər Lənkəran”a olduğu kimi, digər klublara da qol vursun. Amma onun yaxın vaxtlarda bir də qol vuracağına inanmıram. Dörd il bizdə oynadı, nə deyim. Ona görə də komandada öz yetirmən oynamalıdı ki, loqonun, klubun dəyərini, qiymətini bilsin.

 


- “Xəzər Lənkəran”dan qaçıb “Samsunspor”la müqavilə imzalayan Qalin İvanovla bağlı məsələ nə yerdədi?
- Qalin İvanov və Dejan Blajevski klubun düşərgəsini tərk etdiyi dəqiqə Ədliyyə orqanın əməkdaşı gəlib aktlaşdırıb ki, bu adamlar özbaşına komandanı tərk edib. FİFA da bu məsələyə çox pis baxır. Futbolçu düşərgəni icazəsiz o vaxt tərk edə bilər ki, klubda şərait olmasın, onun yeməyi, maaşı verilməsin. Getməmişdən əvvəl ictimaiyyəti yığıb deyərdi ki, klub məni incidir. Bu, futbolçunun intizamsız olmasının göstəricisidi. Əgər belə bir şey olsaydı, mən səmimi etiraf edərdim ki, futbolçuya yemək verməmişik, onun müqavilədə olan şərtlərini yerinə yetirməmişik. Hamısı təmin olunub. Azərbaycanda bizdən tez maaş verən klub yoxdu. Manuel Skarlatake müsahibə vermişdi ki, mənim iki aylıq maaşım verilməyib. Futbolçu transferə çıxarılırsa, bu, normal haldı. O, dekabrda transferə çıxarıldığı üçün avtomatik olaraq ona olan ödənişlər dayandırılır. Rumın futbolçunu heyətə cəlb edəndə onunla 150 min avroluq müqavilə imzalamışam. Bunu da açıq deyirəm. 150 min avro onun klubuna ödəyib, futbolçunu transfer etmişik. Sabah onu satırıqsa, 2 aylıq maaşı da tutulacaq. Belə nüanslar var. Bilirsiz, futbolçular klubu pulsuz tərk etmək üçün yollar axtarır. Futbolçunu pul verib transfer etmişiksə, başqa bir kluba keçdiyi halda müəyyən məbləğ ödəməlidi. 

 


Xəbər xətti