Cihan Özkara: "Milliyə qayıdacam, buna şübhəniz olmasın" - MÜSAHİBƏ

14:18 4 Fevral 2015

“Simurq”un qış fasiləsində “Sivasspor”dan icarəyə götürdüyü milli komandamızın hücumçusu Cihan Özkara apasport.az saytına müsahibə verib

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

- Əvvəlcə “Simurq”a transferiniz barədə danışardınız. Zaqatala klubu sizə nə vaxt təklif göndərmişdi?

- “Simurq”un prezidenti Anar Bəkirovu və klub rəsmilərini əvvəldən tanıyırdım. Xüsusən də, prezidentlə tez-tez zəngləşirdik, hal-əhval tuturduq. Qış fasiləsində də mənə “Simurq”a keçməyi təklif etdilər. Bir qədər düşündükdən sonra bura gəlməyi qərara aldım.

 

- Yəqin ki, Azərbaycanda başqa təklifləriniz də olub. Niyə məhz “Simurq”a üstünlük verdiniz?

- Bəli, təkliflər var idi. Amma “Simurq”un prezidenti mənim keçidimi daha çox istəyirdi. Aramızdakı dostluq münasibəti də qərarıma təsir etdi. Həmçinin “Simurq”a keçmə səbəblərimdən biri də odu ki, milli komandanın məşqçilər korpusunun gözü önündə olacam. Yığmaya yeni baş məşqçi gəlib və onun diqqətini çəkmək istəyirəm. Bundan əlavə, “Simurq” hədəfi olan komandadı, avrokuboklara vəsiqə qazanmaq istəyir. İnşallah, bunda mənim də komandaya köməyim dəyər və arzumuza çatarıq. Bütün bu amilləri nəzərə alıb, təklifi qəbul etdim.

 

- “Sivasspor”dan Türkiyənin başqa bir klubuna keçə bilməzdiniz?

- “Sivasspor”un mənim ürəyimdə yeri ayrıdı. Ora mənim evimdi. 4 il bu komandanın formasını geyindim. Müqaviləmi də bu yaxınlarda yeniləmişdim. Klub prezidenti məni həmişə dəstəkləyib. Amma baş məşqçi dəyişikliyi ordan ayrılmağıma səbəb oldu. Əslində, rəhbərliyin məni satmaq fikri heç vaxt olmayıb. Bunu özümə də deyiblər. Klub prezidenti mövsümün sonuna qədər “Simurq”da oynayıb geri dönməyimi istədi. Mən də onun fikri ilə razılaşıb “Simurq”la mövsümün sonuna qədər müqavilə bağladım.

 

- Yəni mövsümün sonunda yenidən “Sivasspor”a qayıdacaqsınız?

- “Sivasspor”la müqaviləm 2016-cı ilin yayına qədərdi. İndidən nəsə demək üçün çox erkəndi. Mövsümün sonunda yenidən oturub danışarıq, bir qərara gələrik.

 

- Sərgən Yalçın baş məşqçi postuna gələn kimi, sizin getməyinizi istədi. Onun bu qərarını gözləyirdiniz?

- Düzü, bunu gözləmirdim, çox təəccübləndim. Çünki klubla yeni müqavilə bağlamışdım. Amma bunlar bu işin içində olan şeylərdi. Futbolda sabahı təxmin etmək olmur. Sərgən Yalçının bu qərarını hörmətlə qarşıladım.

 

- Milli komandamızın üzvü olsanız da, Azərbaycan çempionatında hələ debüt etməmisiniz. Premyer Liqamızla bağlı düşüncələriniz nələrdi?

- “Sivasspor”da olanda da Azərbaycan çempionatını izləyirdim. Milli komandadakı yoldaşlarımın hərəsi bir klubda çıxış edir. Doğrudu, hələ debüt etməmişəm. Amma əminəm ki, mövsümün ikinci yarısı çox gərgin və çəkişməli keçəcək. Çünki əksər komandalar avrokuboklara vəsiqə qazanmaq istəyir. Turnir cədvəlinə də baxsaq görərik ki, hamı bir-birinə çox yaxındı, aradakı xal fərqi çox deyil. Yüksək templi, həyəcanlı oyunlar olur. İnşallah, bu mövsüm mənim və klubum üçün uğurlu olar və avrokubok arzumuz həyata keçər.

 

- “Simurq”dan milli komandaya düşmək çətin olmayacaq?

- Harda oynadığın yox, necə performans göstərdiyin önəmlidi. Hər şey özümdən asılıdı. “Simurq” da Premyer Liqanın stabil oyun sərgiləyən və hədəfi olan bir komandasıdı. Mən yenidən milliyə qayıdacam, buna şübhəniz olmasın.

 

 


Digər xəbərlər

Xəbər xətti