Emin Ağayev “Volqa”nın baş məşqçisi təyin edildi

16:57 4 Fevral 2015

Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayevin yeni iş yeri bəlli olub.

Sportarena.az xəbər verir ki, 42 yaşlı həmyerlimiz Rusiyanın “Volqa” klubuna qayıdıb.

Futbolçu karyerasını 2008/10-cu illərdə çıxış etdiyi Tver təmsilçisində başa vuran Ağayev 5 ildən sonra qayıtdığı kluba baş məşqçi təyin olunub. Çalışdırıcı kimi fəaliyyətə “Anji”də Hacı Hacıyevin köməkçisi kimi başlayan məşqçi 2011-14-cü illərdə Kaspiysk “Daqdizel”inə rəhbərlik edib. Dağıstan klubu ötən yay aşağı dəstədə çıxışlarını dayandırmasından sonra həmyerlimiz bir müddət işsiz qalmışdı.

II divizionun Qərb zonasında çıxış edən “Volqa” qış fasiləsinə 15 komanda arasında 12-ci pillədə yollanıb. Klub rəhbərliyi də belə vəziyyətdə olan komandanın yeni baş məşqçisindən möcüzə gözləmir. Bunu klubun prezidenti Stanislav Savenkov da qeyd edib: “Ağayevdən komandanı tam dəyişib, möcüzə etməsini tələb etmək düz olmazdı. Ondan istədiyimiz cari mövsüm üçün vəziyyəti düzəldib, sabit çıxış etməli və gələcək illərin komandasını qurmaqdı”.

Yaxın günlərdə Ağayev başçılıq etdiyi məşqçilər korpusunun tərkibini formalaşdırmalıdı. Onun bura Azərbaycan yığmasındakı sabiq komanda yoldaşlarından kimisə dəvət etməsi də istisna deyil. Belə namizədlər arasında ilk sırada “Qəbələ”dən ayrılandan sonra işsiz qalan Dmitri Kramarenkodu.

Qeyd edək ki, Ağayevin komandası hazırlıqlara fevralın 9-da start verəcək.

 


Digər xəbərlər

Xəbər xətti