2015-ci ildə karyerasını bitirəcək 10 ulduz futbolçu

18:41 4 Fevral 2015

Avropada 2014/15 mövsümünün başa çatmasına artıq 4 aydan da az vaxt qalıb.

Sportarena.az saytı xəbər verir ki, hər il olduğu kimi, yenə bir çox futbolçu karyerasını başa vuracaq.

Onların arasında təbii ki, dünya ulduzları da olacaq. Biz isə 2015-ci ildə karyerasını bitirməyə hazırlaşan ən məşhur 10 futbolçunun siyahısını dərc edirik.

 

1. Françesko Totti (39 yaş) – Karyerasını bütünlüklə “Roma”ya həsr edən, 1992-ci ildən bəri bu klubun heyətində 600-dən çox oyun keçirən əfsanəvi kapitan artıq butslarını mıxdan asmaq qərarına gəlib. Mövsümün sonunda karyerasını bitirəcək Totti bundan sonra “Roma”da rəhbər vəzifədə çalışacaq.

 

2. Ronaldinyo (35 yaş) – Futbol tarixinin bəlkə də, ən istedadlı oyunçusu olan Ronaldinyonun “Barselona”dakı fantastik çıxışı hələ də yaddaşlardadı. Lakin 2008-ci ildə Kataloniya klubundan ayrıldıqdan sonra enişə keçən Roni hazırda karyerasını Meksikada davam etdirir. İntizamsız hərəkətlərinə görə, tez-tez iş yerini dəyişən və artıq gözdən düşən “sambaçı” çətin ki, bundan sonra kiminsə diqqətini çəksin.

 

3. Antonio di Natale (38 yaş) – 10 ildən çoxdu “Udineze”nin formasını geyinən di Natale bombardirlik bacarığını gec nümayiş etdirməyə başladı. 30 yaşından sonra qolları sıralayan usta qolçu 2012-ci ilə qədər İtaliya millisinə də çağırıldı. Bu mövsümü də pis keçirməyən və A seriyasında 9 qola imza atan di Natale də artıq yorulub.

 

4. Xavi Ernandes (35 yaş) – “Barselona” məktəbinin yetirməsi olan, karyerasını yalnız bu komandaya həsr edən və Kataloniya klubunun əfsanəsinə çevrilən Xavi artıq əvvəlki formasında ola bilməyəcək. Bu mövsümü əsasən ehtiyatda keçirən Xaviyə Avropadan və ABŞ-dan təkliflər var. Lakin o, karyerasını məhz “Barsa”nın oyunçusu kimi bitirmək istəyir və bu, çox güman ki, mövsümün sonunda baş tutacaq.

 

5. Miroslav Kloze (37 yaş) – Klub səviyyəsində heç vaxt özünü doğrulda bilməyən Kloze əvəzində Almaniya millisində xariqələr yaratdı. Ötənilki mundialın qalibi olan Bundestimin heyətində yer alan forvard dünya çempionatları tarixinin ən çox qol vuran futbolçusu ünvanını ələ keçirdi. 2011-ci ildən “Latsio”nun formasını geyinən Klozeyə ABŞ-dan və ərəb ölkələrindən təkliflər olsa da, futbolçu artıq getmək barədə düşünür.

 

6. Didye Droqba (37 yaş) – Karyerasının ən uğurlu illərini “Çelsi”də keçirən və bu klubun əfsanəsinə çevrilən Droqba bir mövsüm “Qalatasaray”da oynadıqdan sonra yenidən sevimli klubuna qayıdıb. Hazırda ehtiyat hücumçu olan Droqba yayda karyerasını bitirib “Çelsi”də köməkçi məşqçiliyə başlayacaq.

 

7. Rio Ferdinand (37 yaş) – İngiltərə millisinin sabiq əvəzedilməz müdafiəçisi “Mançester Yunayted”dəki parlaq çıxışı ilə məşhurlaşdı. Çünki 12 il bu klubla qazanmadığı titul qalmadı. Cari mövsümün əvvəlində “Kuinz Park Reyncers”ə keçən veteran müdafiəçi artıq təqaüdə çıxmaq barədə düşünür.

 

8. Kristian Abbiyati (38 yaş) – 1998-ci ildən “Milan”ın formasını geyinən Abbiyati 17 il ərzində ümumilikdə heç 300 oyunda iştirak etməyib. Bu da onu göstərir ki, Abbiyati həmişə “Milan”ın ehtiyat qapıçısı olub. Hazırda da bu funksiyanı daşıyan veteran qolkiper yayda butslarını mıxdan asıb “Milan”da qapıçı məşqçisi kimi fəaliyyətə başlayacaq.

 

9. Klaudio Pizarro (37 yaş) – Zəhmətkeş futbolçu kimi tanınan Pizarro həmişə əlinə düşən şansdan lazımınca yararlanıb. Karyerasının böyük hissəsi “Verder” və “Bavariya”ya məxsus olan perulu forvard elə hazırda da Münhen klubunda “növbətçi qolçu” funksiyasını yerinə yetirir.

 

10. Rikardo Karvalyo (37 yaş) – “Portu”da ulduzu parlayan Portuqaliya millisinin müdafiəçisi Joze Mourinyo ilə birlikdə “Çelsi” və “Real”da uğurlar qazandı. 2013-cü ildən “Monako”nun formasını geyinən Karvalyo mövsümün başa çatmasını gözləyir.

 


Xəbər xətti