Azərbaycan güləşçilərinin davranışı federasiyada müzakirə olunub

12:09 5 Fevral 2015

Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçilər korpusu ilə görüş keçirilib.

Sportarena.az AGF-nin rəsmi saytına istinadən xəbər verir ki, görüş yığmaların hazırki vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək, idmançıların nizam-intizam qaydalarını təhlil etmək məqsədi daşıyıb. 

Federasiyanın baş katibi Əjdər Cəfərov ilk növbədə hər bir yığma komanda üzvünün nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, uğur qazanmaq üçün intizama riayət etmək, qəbul olunan proqrama əsasən çalışmaq lazımdır: "Bu günə qədər qazandığı nailiyyətlərdən asılı olmayaraq, bir idmançı intizama riayət etmirsə, məşqçilərin tapşırıqlarına əməl etmirsə, o idmançının hazırlığı da istənilən səviyyədə olmayacaq". 

Baş katibin sözlərinə görə, nizam-intizamla yanaşı, fiziki və taktiki hazırlıq da önəm daşıyır, bu istiqamətdə işləri gücləndirmək lazımdır. O, iyunun 12-də start götürəcək I Avropa Oyunlarında yüksək nailiyyətlərin qazanılmasının vacibliyini vurğulayıb. Ə.Cəfərov bunun üçün federasiya rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını xatırladıb. Görüşün yekunu olaraq, yığmalarda nizam-intizama riayət etməyən, öz fiziki və taktiki hazırlığı üzərində çalışmayan idmançılara qarşı ciddi mövqe nümayiş etdirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaları 31 yanvar - 1 fevralda Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pridə mübarizə aparıblar. Yarışa əsas heyətlə qatılan sərbəst güləşçilər 2 qızıl, 1 gümüş və 3 bürünc medalla komanda hesabında 1-ci yeri tutublar. Bir sıra aparıcı pəhləvanların mübarizə aparmadığı yunan-Roma və qadın güləşi üzrə yığmalar müvafiq olaraq, 1 qızıl, 1 gümüş, 3 bürünc və 2 gümüş, 1 bürünc medal qazanıblar. Onlar ümumi komanda hesabında 2-ci və 6-cı yeri tutublar. Sərbəst güləşçilərdən olimpiya çempionu Toğrul Əsgərov da heyətdə yer alıb. O, ikinci görüşündə polşalı Maqomedmurad Hacıyevə uduzsa da, rəqibinin finaladək irəliləməsi səbəbindən bürünc medal şansı əldə edib. Lakin Əsgərov 70 kq çəki dərəcəsindəki komanda yoldaşı Ruslan Dibirhacıyevlə təsəlliverici görüşə çıxmaqdan imtina edib. Onun hansı səbəbdən belə bir qərar qəbul etdiyi məlum deyil. Digər tərəfdən, 2014-cü ilin 61 kq çəki dərəcəsində Avropa və dünya çempionu Hacı Əliyev bu dəfə 65 kq çəkidə bürünc medalla kifayətlənib.  

 

 


Digər xəbərlər

Xəbər xətti