Ronaldo, Neymar və Georgi Haci

18:43 5 Fevral 2015

Fevralın 5-i dünya futbolunda əlamətdar günlərdən sayılır.

Sportarena.az xəbər verir ki, məhz bugünkü tarixdə bir çox tanınmış futbolçu dünyaya göz açıb.

1965-ci ilin bu günündə Rumıniyanın tarixi ərzində ən güclü futbolçusu sayılan Georgi Haci anadan olub. Karyerasında Madrid “Real”ı və “Barselona” kimi klubların şərəfini qorumuş “Karpat Maradonası” 1996-2001-ci illərdə “Qalatasaray”ın uğurları üçün çalışıb. Butslarını məhz İstanbul klubunda mismardan asan Haci bu gün əsri yarılayır. Belə ki, onun 50 yaşı tamam olur.

“Yuventus”un argentinalı hücumçusu Karlos Tevez də məhz bu tarixdə anadan olub. İtaliyaya köçənə qədər “Boka Xuniors”, “Korintians”, “Vest Hem”, “Mançester Yunayted” və “Mançester Siti” klublarının da şərəfini qoruyan “10 nömrə” Argentina yığmasının heyətində 66 oyunda 13 qol vurub. Bu gün Tevezin həyatında 31-ci doğum günüdü.

Üç dəfə dünyanın ən yaxşı oyunçusu seçilən Kriştianu Ronaldonun ad gününün fevralın 5-də olduğunu əksər futbol azarkeşləri bilir. “Mançester Yunayted”də ad qoyandan sonra “Real”a transfer olunan və uğurlu çıxışını Madrid klubunda da davam etdirən Ronaldo bu gün 30 yaşını tamamlayır.

Dünya futbolunun daha bir ulduz siması Neymar da fevralın 5-də doğulub. 1992-ci ildə anadan olan braziliyalı bu gün 23 yaşını qeyd edir. “Santos”da parladıqdan sonra “Barselona”ya transfer olunan Neymar Braziliya yığmasının da liderlərindən sayılır.

Ad günü fevralın 5-nə təsadüf edən daha bir tanınmış futbolçu isə “Mançester Yunayted”in belçikalı yarımmüdafiəçisi Adnan Yanuzaydı. 1995-ci ildə anadan olan Yanuzay da Haci və Ronaldo kimi yubiley qeyd edir. 20 yaşını tamamlayan Adnan yaxın gələcəyin ulduz oyunçularından hesab olunur. 

 


Digər xəbərlər

Xəbər xətti