AAAF Parkda "Həyat sən qəribəsən" - FOTOLAR + MÜSAHİBƏ

00:45 6 Fevral 2015

Bu dəfə “Həyat sən qəribəsən” serialının qonağı olduq: “Sanki ssenaristlərimiz mətni AAAF Parkı öncədən tanıyaraq yazıblar”.

Azərbaycan teleməkanında ən populyar seriallardan biri olan “Həyat sən nə qəribəsən” çəkilişlərini artıq 1 ildən çoxdur ki, AAAF Park Yaşayış Kompleksində gerçəkləşdirir. Hamı kimi biz də onları tanıyırıq. Kompleksimizdə tez-tez qarşılaşdığımız bu qrupla söhbət etmək, onlarla serial barədə danışmaq qərarına gəldik.

- Salam. Zəhmət olmasa, özünüzü təqdim edin.
– Şahin Yusifov – serialın prodüseri. Artıq ilyarımdır ki, AAAF Parkda çəkilişlərimiz davam edir. 280 seriya çəkmişik. Mövsümün sonuna qədər serialın çəkilişi davam edəcək. Çəkiliş məkanlarımızın 80 faizi AAAF Parkda gedir. Çox nadir hallarda ssenariyə görə başqa məkanlara müraciət edirik.
- Prodüser olaraq serialın işini uğurlu hesab edirsinizmi?
– “Xəzər TV”-də “Aramızda qalsın”, daha sonra “Qaynana”, “Həyat sən nə qəribəsən”, “Bir ailəm var” serialları çəkildi. “Həyat sən nə qəribəsən” serialı günlük serialdır. İlk başda sıxıntı yaşansa da, 2-ci aydan etibarən istədiyimiz nəticəni verə bildik. 2014-cü ilin noyabr ayından artıq “Həyat sən nə qəribəsən” serialı reytinqlərdə birincidir. Yanvar ayından etibarən isə təkcə seriallar deyil, həm də verilişlər arasında günün birincisi olmağa başladı, reytinq üzrə 21-22-dən (bu, rəqəm ölkədəki bütün televiziya tamaşaçılarının neçə faizinin məhz həmin verilişi və ya serialı izləməsini göstərir – red.) aşağı düşmür. Son həftəmizin final reytinqi 25 olub.
- Tamaşaçı ən çox xarici seriallara baxmağa üstünlük verir. Bunun günahı kimdədir? Gecmi başlamışıq film çəkilişlərinə?
– 10 il qabaq Türkiyənin vəziyyətinə baxsaq, eyni durum idi. Heç bir fərq yox idi. Onlar 10 ilə gəlib bu vəziyyətə çıxdılar, biz isə 5 ilə. Texniki, yaradıcı heyət və ssenarist qrupu bizim ssenari qrupudur. Azərbaycanda yeganə ssenari qrupudur ki, çalışırlar. Hazırda iki ssenari yazırlar. Əvvəl bunların heç biri yox idi. Açıq etiraf etmək lazımdır ki, əvvəl serial çəkəcək texniki heyət də yox idi. Fikir versəniz görərsiniz ki, bizim qrupda hamısı gənclərdir. 30 yaşdan yuxarı heç kim yoxdu. Yeni başlayaraq bu yerə gəlib çıxmışıqsa, bu, böyük nailiyyətdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ayrılan maliyyə ölkəmizdə daha çox və keyfiyyətli serialların çəkilməsinə münbit şərait yaratdı.
- Bu serial əsasən ailə dramı üzərində qurulub. Biz türklərdən öyrənirik, həm də seriallarımızı o tərzə salırıq. Fərqli mövzulara müraciət edəcəksinizmi?
- Hazırda üzərində çalışdığımız layihələr var. O yerə gəlib çıxmaq üçün hazır olmaq lazımdır. Bizim serial ilk öncə bir evin yanması ilə başladı, evdən sadəcə bir qız uşağı sağ çıxdı. Və hekayə buradan başladı. Qız getdi əmisigilin ailəsi ilə yaşadı – bu başqa hekayədir, əmisi qızı ilə mübarizəyə başladı – bu başqa hekayə. İlk dəfə Azərbaycanda mafiya söhbətləri oldu, real atışmalar çəkdik. Əvvəlcədən hamıya xəbərdarlıq edirdik ki, sakinlər qorxmasınlar. Ssenaridə narkotika və qadın alverinə də toxunmuşuq. Nəticə etibarilə ssenari ailə dramına bağlanır. Nəzərə almalıyıq ki, Azərbaycan tamaşaçısı bunu sevir.
- Çəkdiyiniz məkanlardan razısınızmı? Qane edirmi?
– Serial belə başlayır: əvvəlcə, ssenarist qrupu ideya verir. O, kanal rəhbərliyinə təqdim olunur. Kanal rəhbərliyi təsdiq edirsə, ondan sonra prodüser heyətinə gəlir. Kanal rəhbərliyi, ssenarist qrupu, prodüser və rejissor oturub ssenari ilə tanış olur. Nə tələb olunur? Təqribən 2012- ci ildə, serial bizə təqdim olunanda 1 il üzərində işlənildi. Rəhbərlik bizə “bu serial həftədə 5 gün olacağ”ını dedi. “Qələm” ssenari qrupunun yazdığı ssenari bizə gələndə,  hətta Türkiyəyə gedib onlarda praktika keçdik. Günlük seriallarda qaldıq. Bu riskin altına girmək çətin idi. Rejissorla məkan axtarmağa başladıq. Bakının hər yerini gəzdik. Sonda buraya gəldik çıxdıq. Sadəcə gəzdik və geri qayıtdıq. Və mən qərar verdim ki, serialı çəkirik. Sanki ssenaristlərimiz mətni AAAF Parkı öncədən tanıyaraq yazıblar. Rəhbərlik də gəldi, baxdı. Daha sonra AAAF Parkın təsisçisi Tofiq Heydərovla görüşdük. Sağ olsun, Tofiq bəy bizə hər cür şəraiti yaratdı. İki villa və 2 evin açarlarını bizə verdi. Təhlükəsizlik işçilərinə və öz köməkçilərinə də bizim üçün hər cür şəraitin yaradılmasını tapşırdı. Ən böyük dəstəkçimiz AAAF Parkın rəhbəri Tofiq Heydərovdur.

Daha sonra baş rolların ifaçıları olan aktyor və aktrisalarından müsahibə götürdük. Əvvəlcə, quruluşçu rejissoru Ramin Nəbiyev  olan serialın baş qəhrəmanlarından biri Tural  Baxış həmsöhbətimiz oldu.
- Xoş gördük sizi, Tural bəy. Filmdə baş roldasız. İlk öncə, serialla bağlı fikirlərinizi bizimlə bölüşərdiz…
– Xoş gördük. Özüm teatrda da işləyirəm. Oynadığım digər rollar kimi bu rol da çox maraqlıdır.
- AAAF Parkda çəkilən çəkilişlərdən razısınızmı?
– Əlbəttə, razıyam. Üstün cəhət də budur ki, bütün çəkiliş məkanları AAAF Parkdadır. Çox az-az olur ki, kənara çıxırıq.
- Rolunuz haqda nə deyə bilərsiniz?
– “Sadiq” obrazı bəxti gətirməyən cavan oğlan, yaşadığı həyatla razılaşmayan bir obrazdır. Hələ ki, sonda nə olacağını biz özümüz də bilmirik. Bundan ssenaristlərdən başqa heç kimin xəbəri yoxdur.

Daha sonra Asya Atakişiyeva ilə danışdıq.

– Salam, Asya xanım. Serial reytinq və oynadığınız rol baxımından sizi qane edirmi?
– Əlbəttə, edir.
- Tamaşaçılar narahatdır: artıq xeyli müddətdir ki, rolda üzünüz əksər epizodlarda bağlıdır. Artıq üzünüzü tam olaraq görmək mümkün olacaqmı?
– Hadisələr davam etdikcə, yavaş-yavaş üstü açılır.
- Sizin obrazınız nələri əks etdirir?
- “Həyat” obrazı sadə, məsum, hər şeyə inanan saf bir qızdır. Əslində, “Həyat”ın vəziyyəti heç də yaxşı deyil.

Zülfiyyə Qurbanova da rolu barədə fikirlərini bizimlə bölüşdü.

- Zülfiyyə xanım, “Ağca” obrazındasınız. Rol aldığınız obraz mənfidir. Amma həyatda başqasınız… 
– Bəli, bəxti gətirməyən bir qız rolundayam. Tək birini, lakin qarşılıqsız sevən bir qız… Sadiq kimi sevsə sevəcək, təkçə Ağca olmasın… Çox tez dəyişən təbiətli qızdır. Ssenarini oxuduqca qıza yazığım gəlir. Həqiqətən, cəmiyyətdə belə adamlar da var.
- Seriallarda ən çox mənfi, yoxsa müsbət rollar oynamısız ?
– Qarışıq olub. Filmlərdə balansla götürsəm, iki rolum daha artıq mənfi olub. Çalışmışam, balansı qoruyum.

- Tamaşaçılar serialları əvvəl izləmirdi, amma indi durum dəyişib. Deyirlərmi ki, hansısa rol yaxşı alınmadı?
- O təbiidir. Olur ki, tamaşaçı aktyorun görünüşünü bəyənmir. Amma bu çox az faizdir. Dünyanın ən gözəl qızı da mənfi rolu oynasa, o hamının gözündə çirkin görsənəcək.
- Çox sağ olun.


Xəbər xətti