Julius Vobay: "Mirça Rednik məni “Petrolul”a dəvət edib"

23:19 6 Fevral 2015

“Ümumi götürdükdə yaxşı oynadıq. Sadəcə, bəxtimiz gətirmədi. İmkanlarımız oldu, istifadə edə bilmədik. Artıq bu oyunu unudub, irəli baxmaq lazımdı”.

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobay deyib.

Azərbaycan Premyer Liqasının XX turunda “Simurq”la qarşılaşan “Neftçi” bu dəfə də 3 xal qazana bilməyib. 2015-ci ilə AZAL-la matçla start verən və məğlub olan “ağ-qaralar” bu dəfə heç-heçə ilə kifayətlənib. İki oyuna cəmi 1 xal qazanan Bakı təmsilçisinin çempionluq üçün şansı turdan tura azalır.

Matçla bağlı danışan Vobay bəxtsizlikdən şikayətlənib: “Son iki oyunda qələbə qazana bilməməyimiz bəxtsizliklə bağlıdı. Əgər idman xoşbəxtliyi tərəfimizdə olsaydı, yaratdığımız epizodlardan bir neçəsini qola çevirə bilərdik. Son uğursuzluqlar da bununla əlaqədardı”.

O, turnir cədvəlinin ilk pillələrində qərarlaşan komandalardan bir qədər də geri qaldıqlarını, amma bunu sığortalamaq üçün imkanlarının olacağını da istisna etməyib: “Razıyam, xal itkiləri bizi zirvədən bir qədər də uzaqlaşdırır. Ancaq qarşıda uzun marafon var. Bu oyunlarda biz də itirdiklərimizi sığortalamağa çalışacağıq”.

Bu arada yarımmüdafiəçi sabiq baş məşqçisi Mirça Rednikin onu yenidən Rumıniya çempionatına dəvət etdiyini, amma o, Bakıda qalmağa qərar verdiyini bildirib: “Rednik məni “Petrolul”a dəvət etmişdi. Futbolçu üçün başqa klublardan təklif almaq normaldı. Harda oynayacağımla bağlı qərarı isə özüm verirəm. Hazırda “Neftçi”dəyəm. Yayda da bu komandada qalmaq istəyirəm”

 


Digər xəbərlər

Xəbər xətti