Vüqar Nadirov: "Sürpriz oldu"

11:00 8 Fevral 2015

“Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Bakı” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- Oyunu “Qarabağ” üçün məşqə bənzətmək olarmı?

- Heç bir rəqibə bu cür yanaşmaq olmaz. Əksinə, maraqlı görüş alındı. Rəqib gənclərdən qurulub və yaxşı, mübariz kollektivdi. Bizim üçün vacib olan ikinci yarıya qələbə ilə başlamaq idi. 90 dəqiqə bunun üçün çalışdıq. Böyük hesablı qələbə qazansaq da, oyun asan keçmədi. Həm də fasilədən sonra 1-2 oyun hər zaman çətinliyi ilə yadda qalır.

 

- Sizin də qol vurmaq üçün şansınız oldu. İstifadə edə bilməməyinizi nə ilə əlaqələndirirsiniz?

- Mənim də, digər komanda yoldaşlarımın da qol vurmaq üçün fürsəti oldu. Hamısı oyun epizodu idi. Biz də qol vurmaq istəyirdik, amma alınmadı. Bu matçda komandanın uğur qazanmağı lazım idi, bunu da bacardıq. Kimin qol vurmağının elə də fərqi yoxdu.

 

- Çətin keçdiyini dediniz. Çətinlik nədə idi?

- Çətinlik bu gün ilk oyunumuza çıxmağımızla bağlı idi. Birinci oyunlarda hər zaman çətinlik, ağırlıq hiss olunur. Bəzən görürsən ki, ilk oyunlarda gözlənilməz xallat itirilir. Şükürlər olsun ki, biz turu itkisiz başa vurduq.

 

- Maraqlıdı ki, oyunu müdafiəçi və müdafiəyə meylli futbolçular xilas etdi...

- Belə görüşlər də olur. Bəzən görürsən ki, oyunu yarımmüdafiəçilər, bəzən isə hücumçular xilas edir. Bu gün bu işi arxa xəttin üzvləri gördülər.

 

- “Bakı”nın durumu heç də yaxşı deyil. Bu amil oyuna təsir etdimi?

- Rəqibin durumu haqda məlumatımız var idi. Bilirdik ki, orda vəziyyət yaxşı deyil. Amma bu bizdə arxayınçılıq yaratmamışdı.

 

- UEFA-nın “İnter”lə oyunda baş verənlərlə bağlı qərarına münasibətinizi bilmək istərdik.

- Açığı, dəyişiklik olacağına ümid edirdim. Amma heç nə dəyişmədi. Biz nə edə bilərik?

 

- Sizin üçün sürpriz oldu?

- Əlbəttə, sürpriz oldu. Gözləyirdik ki, heç olmasa hakimlər briqadası cəzalandırılacaq. Amma bu məsələ ilə bağlı hansısa qərarı görmədik. Artıq olan olub, növbəti mövsümə hazırlaşmalıyıq. 

 

 

 


Xəbər xətti