Rəşad Sadıqov: "Bu qərara hazır idik"

14:35 8 Fevral 2015

“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Premyer Liqamızın 20-ci turunda dünən “Bakı”ya qalib gəldikləri oyundan (4:1) sonra suallarını cavablandırıb.

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:



- Böyük hesabla qalib gəldiyiniz oyun haqqında fikirlərini öyrənək...

- Aydın məsələdir ki, fasilədən sonrakı oyunlar həmişə çətin keçir. Rəqibi təbrik etmək istəyirəm. Bu gün çox əzmkar oyun nümayiş etdirdilər. Xeyli çətinlikləri olmağına  baxmayaraq yaxşı  mübarizə apardılar. Həqiqətən gənc futbolçuların  oyunu xoşuma gəldi. Onlar tərifə layiqdirlər. Bizim komanda isə hələ tam formada deyil. Çünki  fasilə yeni bitib. Getdikcə   optimal  formanı yığacağıq.

- Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə oyunda  “Qarabağ”ın sayılmayan qolu ilə bağlı etdiyi şikayət  UEFA  tərəfindən rədd edildi. Bu qərarı gözləyirdiniz?

- Bəli, biz buna hazır idik. Bilirdik ki , bu şikayəti ciddi qəbul etməyəcəklər.

- Premyer Liqamızda növbəti oyununuz son iki turda iddialı komandalara qalib gələn AZAL-la  olacaq. Bu səfər qarşılaşması barədə nə  düşünürsən?

- AZAL-ın hər iki oyununu izləmişəm. Baş məşqçi Tərlan müəllimi təbrik etmək olar. Çünki  çox gözəl komanda qurub. Futbolçular yaxşı oyun nümayiş etdirirlər.Bizi çox gərgin və ağır bir qarşılaşma gözləyir. Hətta bu görüşdə heç-heçə də bizə sərf edər.

- Göstərdiyiniz oyuna və turnir cədvəlindəki mövqeyinizə görə demək olarmı çempionatda “Qarabağ”ın rəqibi yoxdur?

- Xeyir. Ola bilər ki, rəqiblərimiz istədiyi kimi oyun göstərə bilmirlər.  Amma qarşıda oyunlar çoxdur. Məncə,  çempionat çox gərgin keçəcək. Rəqiblərimizin xal itirməyi onların zəif çıxışından irəli gəlmir. “Simurq” , AZAL, “Sumqayıt” çempionata çox yaxşı hazırlaşıb. Onlar da çox iddialı klublardı. Bu il hər bir komanda liderlərdən xal almaq gücünə malikdir. Buna görə də hər oyuna çox ciddi  yanaşmaq lazımdır.

- Komanda bu qış transfer pəncərəsində futbolçu almadı. Bu, qarşıdakı oyunlarda çətinlik yaradacaqmı?
 

- Onu zaman göstərəcək. Amma yetərincə istedadlı, gənc futbolçularımız var . Onların şansları olacaq ki, özlərini göstərsinlər.

Mənbə: Qol.az


Digər xəbərlər

Xəbər xətti