“NTV”də şərhçi işləyən lənkəranlı: “Prosineçki Foqtsu unutdurmağa borcludur”

15:10 8 Fevral 2015

2010-cu ilin payızında “NTV-Plyus”un əməkdaşları “Ostankino”da gecələyirdi. Şərhçilərin dördüncü Ümumrusiya müsabiqəsi iştirakçı sayına görə rekord vurmuşdu. Təsəvvür edin ki, 700-ə yaxın adam gücünü sınamaq üçün müraciət edibmiş. Cəmi üç vakant yer olub. Onlardan birini isə həmyerlimiz Elvin Kərimov tutub. Müsabiqəyə Sıktıkvardan qoşulan Elvin bütün səddləri aşaraq ən böyük arzusuna qovuşub. Həyatı tamam dəyişən lənkəranlı Kərimov ildə 5-10 nəşrə müsahibə verir. Biz də onun maraqlı müsahibələrindən birini tapdıq.

 

Sportarena.az onun fubol haqda düşüncələrini və müsabiqə təəssüratlarını sizə təqdim edir:

 

- Necə oldu ki, Rusiyanın “NTV-Plyus” kanalında işləməyə başladın?

- Oraya 2010-cu ilin sonlarında keçirilən müsabiqənin nəticələrinə əsasən düşdüm. O zaman tələbə idim, 3-cü kursda oxuyurdum. Bu üzdən bir müddət həm işləməli, həm də təhsilimi davam etdirməli oldum.

 

- Özünü orada necə hiss edirsən?

- Əla! Düzdür, çətinliklər də var. Amma arzumun reallaşdığını nəzərə alanda, bütün çətinlikləri unuduram. Öz işimi sevirəm.

 

- Azərbaycan çempionatını izləyirsən?

- Yalandan nə deyim, demək olar ki, yox. Buna vaxtım olmur. Amma arada turnir cədvəlinə nəzər yetirirəm və sevimli “Xəzər Lənkəran”ın heyətini diqqətdə saxlayıram.

 

- “Qarabağ”ın Avropa Liqasındakı çıxışı barədə nə deyə bilərsən?

- “Qarabağ” möhtəşəm idi. Məncə, biz inanılmaz hadisələrə, anlara şahidlik etdik. Azərbaycan klubu avrokubokda səliqəli, təşkilatlanmış və balanslı futbol sərgilədi. Bunun qiyməti çox böyükdür. Göstərdikləri gözəl futbola görə, Qurban Qurbanova və yetirmələrinə minnətdarlıq edirəm.

 

- Maraqlıdır, “Qarabağ” - “İnter” oyununda baş hakim Zelinkanın qərarı haqda nə düşünürsən? Həmin anda hansı hissləri keçirtdin?

- Qolun hesaba alınmadığı epizodda laynsman vəziyyəti düzgün dəyərləndirmədi ki, bu, hər bir hakimin başına gələ bilər. Zelinka da ona inanıb qərar verdi. Təəssüf ki, hər şey belə alındı. Amma nə etmək olar, həyatdır...

 

- “NTV-Plyus”da Avropa çempionatları arasında daha çox Türkiyə Superliqasının oyunlarını şərh edirsən. Türkiyə çempionatı haqda düşüncələrini bilmək maraqlı olardı.

- Türkiyə çempionatının səviyyəsi son illərdə xeyli aşağı düşüb. 2000-ci illərin əvvəllərində Superliqa daha maraqlı idi. İndi vəziyyət dəyişib. Oyunlarda sürət aşağı olur. Bəzi komandalarda təşkilatçılıq ümumiyyətlə faciəvidir. “Passolig”dən (elektron bilet) sonra azarkeş sayında da azalma var. Artıq stadionlar əvvəlki kimi dolmur.

 

- Bildiyimizə görə, sən “Qalatasaray” fanatısan. Komandanın hazırki durumunu necə dəyərləndirirsən?

- “Qalatasaray” keçid dövrünü yaşayır. Avropa səhnəsində üçillik qələbələrdən və uğurlu çıxışdan sonra eniş yaşanır. Bu normaldır. Rəhbərlik dəyişdi, gənc baş məşqçi gətirildi. Amma bunun komandanın oyununa təsiri yaxşı olmadı. Bununla belə, Superliqanın hazırki səviyyəsi “Qalatasaray”ın belə vəziyyətdə də qələbələr qazanmasına və liderlər qrupunda olmasına maneə yaratmır.

 

- Bir az da millidən danışaq. Səncə, Robert Prosineçki sələfi Berti Foqtsu unutdura biləcəkmi?

- Buna çox inanıram. Prosineçki Foqtsu unutdurmağa borcludur. Almanın rəhbərliyi altında nəticələr var idi, amma kor-təbii. Sistemli oyun yox idi. Hücumda başıpozuqluq, fərdi səhvlər “göz oxşayırdı”. Təzad ondadır ki, milli komanda yığmanın bazası sayılan “Qarabağ”ın elədiklərini təkrarlaya bilmirdi. İndi bunlardan nəticə çıxarmaq məqamıdır.

 

- Yeni iş yerində dostların var?

- Hamıyla münasibətim yaxşıdır. Amma iki üç nəfər var ki, onlarla dostluq edirəm.

 

 


Digər xəbərlər

Xəbər xətti