Tahir Süleymanov: "Premyer Liqanın səviyyəsi aşağı düşüb" - MÜSAHİBƏ

17:03 8 Fevral 2015

Son dövrlər ölkə futbolunda baş verən dəyişikliklər, xüsusən də “Neftçi”dəki uğursuzluqlarla bağlı  “ağ-qaralar”ın keçmiş vitse-prezidenti Tahir Süleymanovla söhbətləşdik. Süleymanov saytımıza müsahibəsində bir çox maraqlı məqamlara toxundu:

 

 

- Bir müddətdir ki, futboldan ayrısız. Bu müddətdə yeni iş təklifləri olubmu?

– Öz işlərimlə məşğulam. Hələ ki, futbola qayıtmaq fikrim yoxdur.

 

- “Neftçi”nin oyunlarını izləyirsinizmi? Son oyunlardakı uğursuzluğa münasibətiniz...

– “Neftçi” tarixi klubdur, böyük uğurları var, hər zaman öndə olan klublardan olub. Son dövrlərdə bura “Qarabağ”ı da əlavə etmək lazımdır. Hal-hazırda “Neftçi”nin oyunçu potensialı daha yaxşı oynamasına imkan verir. Amma, qəti fikrimi 3-4 tur sonra deyə biləcəm.

 

- Növbəti turda “Neftçi”nin “Xəzər-Lənkəran”ı qəbul edəcəyini yəqin ki bilirsiz. Lənkəran klubunda gəncləşdirmə siyasəti aparılıb. “Neftçi”də də gənclər çoxdur. Sizcə əvvəlki “Böyük Oyun” həyacanı olacaqmı?

– Çox təəssüf olsun ki, son ildə nəinki “Xəzər-Lənkəran”, bir-çox klubların iddiası azalıb. “Bakı” klubu mübarizədən çəkilib. Əvvəlki illərdə 7 klub çempionluq uğrunda mübarizə aparırdı, oyunlar çox maraqlı və gərgin keçirdi. İndi isə o gərginlik qalmayıb. “Bakı”nın vəziyyəti göz qabağındadır. “Xəzər-Lənkəran” istiqamətini dəyişib. Bu təbii ki, çempionata təsirini göstərir. Əvvəlki oyunlar yoxdur. Tək bu oyun yox, ümumiyyətlə bütün oyunlardan söhbət gedir. O ki qaldı gəncləşdirmə siyasətinə, dünyada belə bir anlayış yoxdur. “Real Madrid” 17 yaşlı futbolçunu alır, “Atletiko Madrid”in heyətində 18 yaşlı oyunçu meydana çıxır. Əgər oyunçunun potensialı varsa oynamalıdır. Futbolçunu meydana buraxanda yaşına yox, oyun kefiyyətinə baxarlar. “Neftçi”, “Xəzər-Lənkəran” kimi klublar marka klublardır. Təsəvvür edin ki, “Real Madrid”, “Barselona” kimi klublar birdən-birə bütün heyəti buraxır, gəncləri gətirir. Qəribə görünməzmi? Ümumiyyətlə, dünya futbolunda gəncləşdirmə yox, nəsildəyişmə var və bu tədricən edilməlidir.

 

- “Neftçi”nin son uğursuzluqlarından sonra azarkeşlərin narazılığı bitmək bilmir. Son oyunda baş məşqçi Arif Əsədovu istefaya səslədilər. Sizcə uğursuzluğun səbəbi nədir?

– Arif Əsədovu yaxşı tanıyıram, işinə bələdəm, klubda çempionluq da yaşayıb. Arif Əsədov öz işinə davam etməlidir. Məsləhət görərdim ki, heç bir şeyə fikir vemədən qazandığı nəticələrlə hər kəsə cavab versin. Əlavə olaraq, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu da vurğulamaq istərdim. Əlində olan heyətdən maksimum yararlanaraq iddialı komanda formalaşdırmağı bacarıb. AZAL-da çıxış edən Rəşad Abdullayev isə sanki ikinci gəncliyini yaşayır.

 

- Tərlan Əhmədovdan danışdınız. “Neftçi”dən narazılıqla ayrılmışdı...

– Səhv fikirdi. Ola bilər kimlərləsə şəxsi problemləri olub, amma “Neftçi”dən heç kim narazılıqnan ayrılmayıb. Tərlan Əhmədova uğurlar arzulayıram. Həmçinin Kamal Quliyevi də qeyd etməliyəm. “Neftçala”da müsbət işlər görüb.

 

- Son mövsümdə “Neftçi”nin də heyətində gənclər çoxalıb. Onların içərisində perespektivli olanları varmı?

– “Neftçi”də bu yöndə mən klubda olduğum zamanda da işlər yüksək qurulmuşdu. Digər klublar, “Bakı”, “Qəbələ”, son vaxtlarda “Xəzər-Lənkəran”da da yeni oyunçular yetişdirilir. Tək istəyim odur ki, futbolçular milli mentalitetdən gələn problemlər üzündən axsamasın. Daim özlərini stabil inkişaf etdirsinlər. Çox maraqlı hallar var. Dünən “Qranada”nın 18-liyinə düşməyən futbolçu (Eddi İsmayılovu nəzərdə tutur) mətbuatda elə geniş müzakirə olunur ki... Hələ Ermənistan klubuna keçmək istəyən futbolçunu demirəm (Şamil Qurbanov nəzərdə tutulur). Bütün bunlar yanlış siyasətin nəticəsidir. Futbolçunun pasportunu dəyişməklə oyunçu yetişdirmirlər. İlk öncə düzgün strategiya olmalıdır.

 

- AFFA millidə 2004-dən bu yana gəncləşdirmə siyasəti aparır. Amma, bu siyasət hələ də bitmir...

– Emil Balayev bu yaxınlarda Almaniyaya yollandı. Araz Abdullayev “Everton”da oynaya bilərdi. Ancaq, təəssüflər olsun ki, bəzilərinin səhlənkarlığı, bəlkə də qəsdən gördüyü səhv iş nəticəsində ona işçi vizası ala bilmədik. Demək istədiyim odur ki, bölgələrdə yaxşı futbolçular yetişdirmək olar. Gəncləşdirmə siyasəti anlayışı yoxdur. Bunu bir daha deyirəm. Onda U-17, U-19, U-21 nə üçündür? Beşlik ölkələrində hətta U-23-lər də var. Gənclər orada yetişir. Bir də, gənc oyunçu 18 yaşına qədər olur. Araz Abdullayevi əvvəl gənc saymaq olardı, indi isə yox. Bir daha deyirəm, kütləvi şəkildə oyunçuları dəyişmək olmaz, əgər futbolçu istedadlıdırsa meydana buraxılmalıdır.

 

– Premyer Liqada neçə komandanın olmasını istərdiz? Bu son dönəmlərdə ən çox müzakirə olunan məsələlərdəndir.

– Müstəqillik dönəmindən sonra Azərbaycanda klubların sayı azalır. Yeni yaranan klublar da dağılır. Bunlar hamısı düzgün siyasətin aparılmamasının nəticəsidir. Sadəcə statistikaya baxsaz, görərsiz ki, ən az legionerdən istifadə edən “Neftçi” və “Qarabağ” daha uğurlu çıxış edib. Lazımsız legionerlər klublara çox cəlb olunur. Yenə də iddialı klubları başa düşmək olar. Amma, turnir cədvəlinin sonunda qərarlaşan klubların çoxlu sayda legionerdən istifadə etməsi nəyə lazımdır? “Neftçi” "qızıl dubl" edəndə heyətdə cəmi 11 legioner var idi. “Qarabağ” da uğur qazananda heyətində daha az legioner vardı.

 

- Tahir bəy, ola bilər ki, hər hansısa önəmli məsələ haqqında sual vermədim. Son olaraq hansı məsələyə toxunmaq istərdiniz?

– Arzu edirəm ki, klublarımız artıq maydan sonra nə olacağı barədə düşünsünlər. Ən azından Avropadakı keçmiş uğurlar yenidən təkrar olunsun. ÇL-nin qrupuna düşə bilsək daha gözəl olar. “Xəzər-Lənkəran”, “Bakı”nın mübarizədən çəkilməsi bəzi məsələlərdə öz təsirini göstərəcək, amma “Qarabağ”, “Neftçi” kimi klublar bizə yenidən uğur qazandıra bilər. “İnter”, “Simurq”, “Qəbələ” və AZAL-dan da uğurlu nəticələr gözləmək olar. Premyer Liqanın səviyyəsi aşağı düşüb. Avropada çətin olacaq. Minimum, yenidən Avropa Liqasının qrupuna düşməliyik.

 

Söhbətləşdi: Rahim Şaliyev


Xəbər xətti