Xaqani Məmmədov “Neftçi”nin ittihamlarına güldü:"...futboldan uzaq insanlardı"

15:59 10 Fevral 2015

“Həmin epizodlara baxdım və xeyli güldüm. Bunlar yenə kimdəsə nəsə axtarırlar? Vallah, mən belə gülünc bəhanələrə cavab verməyə söz tapmıram”.

Sportarena.az xəbər veriri ki, bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının XXI turunda öz meydanında “Simurq”la heç-heçə edən (0:0) “Neftçi” qələbə qazana bilməməsinin səbəbini hakimlikdə görmüşdü. Paytaxt klubu hətta bununla bağlı videorolik hazırlamaqla, narazı qaldığı epizodları yaymışdı.

Məmmədov isə “Neftçi”nin bu addımını təəccüblə qarşıladığını bildirib: “Yaydıqları epizodların heç birində hakimin səhvi yoxdu. Baş hakim Əliyar Ağayevin həmin oyunda “Neftçi”nin əleyhinə bir səhvi qərarı var idi, onu da videorolikə qoymayıblar. 67-ci dəqiqədə cərimə meydanı yaxınlığında Flavinyoya qarşı kobudluq edilmişdi və “Simurq”un futbolçusuna sarı vərəqə göstərilməli idi. Həmin epizodu yox, hakimin düzgün qərar verdiyi kadrları göstərirlər. Bu onu göstərir ki, həmin videonu hazırlayanlar futboldan uzaq insanlardı. Hakimliyi səbəb göstərmək mövzunu dəyişməkdən başqa bir şey deyil”.

HK sədri qış fasiləsindən sonrakı idarəçilikdən razı qaldığını da əlavə edib: “İlk iki dövrədə nəticəyə təsir edən səhvlər var idi. Ancaq qış fasiləsindən sonra hakimlərimizin heç biri oyunun nəticəsinə təsir edən səhv etməyib. Antalyada çox yaxşı hazırlaşıblar və bunun da nəticəsi kimi, uğurlu idarəçilik edirlər. Hələlik razıyam. Ümumiyyətlə, Avropanın ən gənc hakimlər korpusu bizdədi. Onların təcrübəsi bilikləri və fiziki gücləri aydan-aya, ildən-ilə artır. Çatışmayan yeganə cəhət psixoloji amildi. Tribunadan söyüş eşidəndə, onlara mənfi təsir edir. Qalan hər şey ürəyimcədi”.

 


Digər xəbərlər

Xəbər xətti