Kamran Ağayev "Beşiktaş"la oyunda debüt edə bilməyəcək

14:49 11 Fevral 2015

Millimizin qapıçısı Kamran Ağayevin yeni komandası “Kayserispor” bu gün Türkiyə Kubokunda “Beşiktaş”la qarşılaşacaq.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmyerlimiz bu dəfə də debüt etmək imkanından məhrum olacaq.

Türkiyəli həmkarlarımız ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Kayserispor” – “Beşiktaş” qarşılaşmasının təxmini “11-lik”lərini açıqlayıb.

“Kayserispor”da yenə çərçivə əsas qapıçı Sərdar Kulbilgeyə həvalə ediləcək. PTT I liqa təmsilçisində yalnız Enrike Sereno və Cəmil Adıcanın zədə üzündən “18-lik”dən kənarda qalacağı dəqiqdi. O ki qaldı Kamran Ağayevə, onun hətta ehtiyatda oturması da gözlənilmir.

Qeyd edək ki, “Kayserispor” – “Beşiktaş” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 


Xəbər xətti