Nazim Süleymanov: "Neftçi” qolunu vurub qələbə qazandı, amma..."

12:38 12 Fevral 2015

Dünən keçirilən “Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşmasından öncə veteran futbolçu Nazim Suleymanovun 50 illik yubileyi münasibəti ilə təbrik edildiyini xəbər vermişdik. Eyni zamanda lənkəranlıların mətbuat katibi Hüseyn Cəbrayıloğlu, mətbuat konfransında Nazim Süleymanovun təbrik edilib, bir həftə öncə 50 illiyi olan Yunis Hüseynovun diqqətdən kənarda saxlanılmasına etiraz etmişdi.

Nazim Süleymanov Sportarena.az-a açıqlamasında həm bu, həm də “Böyük oyun” barədə fikirlərini bölüşüb:

“Oyun maraqlı keçdi. Baxmayaraq ki, “Neftçi” qələbə qazandı, amma, qonaqlar da pis oynamadı. Hər iki komanda çox sayda qol epizodu yaratdı. Futbolun gözəlliyi qoldur və “Neftçi” qolunu vurub qələbə qazandı. Amma, yenə də deyirəm, “Xəzər-Lənkəran” da yaxşı oynadı. Onu da qeyd edim ki, “Xəzər-Lənkəran”da gənclərin olmağı çox yaxşıdır. Gənclərin yanında təcrübəli futbolçular olsa daha yaxşı olar. Amma, klubun rəhbərliyinin də bir bildiyi var ki, belə edib”.

Nazim Süleymanov Yunis Hüseynovun təbrik edilməməsinə də münasibətini bildirib:

“Mən özüm Yunis Hüseyinovu görəndə təbrik etdim. Elə mənlə birlikdə təbrik edilməsini də istərdim. Yunis Hüseynov Azərbaycan futbolunda iz qoymuş insanlardandır. Əlbəttə, gərək belə insanlar kənarda qalmasın”.

 

Rahim Şaliyev


Xəbər xətti