Azərbaycan futboluna xərclənən milyonlar - SİYAHI

15:30 12 Fevral 2015

Dünyanın ağuşuna aldığı futbol təkcə milyonların sevimlisi deyil, həm də milyonlarla xərcləndiyi yerdir. Bu gün böyük məbləğlərin dövr elədiyi bu idman növü demək olar ki, bütün ölkələrdə sevilir və oynanılır.

Son illər Azərbaycanda da futbola qoyulan investisyalar diqqəti cəlb etməyə bilməz. Məhz böyük pulların sayəsində xarici ölkələrdən bir çox legionerlər ölkəmizə gəlir və burada top qovurlar. Düzdü, son 2 ildə maliyyə baxımından klublarımızda problem yaşanır. Lakin bu çatışmazlığın tezliklə arxada qalacağını düşünmək olar.

Sportarena.az xəbər verir k, “Qafqazinfo” Azərbaycan komandalarının büdcələri haqqında oxucuları məlumatlandırmaq üçün digər ölkələrin komandaları ilə müqayisəli şəkildə kiçik bir araşdırma aparıb. Təbii ki, ilk növbədə son illər Azərbaycanın ən populyar klubuna çevrilən “Qarabağ”dan başlamalıyıq. Avropa Liqasının qrup mərhələsində oynayan klubun büdcəsi 12 milyon dollar təşkil edir. Düzdür, qitənin öndə keçən çempionatlarına baxarsaq, bu büdcə elə də çox deyil. Amma Avropada elə komandalar var ki, bu məbləğdən daha az pullarla hər mövsüm qitə miqyaslı turnirlərdə daha böyük uğurlar qazanırlar. Məqsəd “Qarabağ”la həmin komandaları müqayisə etmək deyil. Elə digər klublarımıza da nümunə ola biləcək komandalar var.

Əvvəlcə, Azərbaycan klublarının büdcələrini nəzərinizə çatdıraq.

“Qarabağ” - 12 milyon dollar

“Qəbələ” – 10 milyon dollar

“Neftçi” – 7-8 milyon dollar

“İnter” – 6-7 milyon dollar

“Xəzər Lənkəran” – 3 milyon dollar

“Simurq” – 3 milyon dollar

AZAL – 1 milyon 700 min dollar

“Sumqayıt” – 1,5 milyon dollar

“Bakı” – 1milyon dollar

 

“Xəzər Lənkəran” və “Bakı”nın əvvəllər daha böyük büdcə ilə çıxış etdiyini nəzərə alsaq, onlar haqqında daha çox danışmalı olacağıq. Əvvəlcə onlar üçün bir nümunə gətirək.

Bu mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış eləyən ən kasıb klublardan biri də Portuqaliya "Eştoril"idir. Büdcəsi 7 milyon avrodur. Ən bahalı futbolçusu ilinə 200 min avro qazanır. Bacarıqlı menecerlərin sayəsində mövsümü təxminən 2 milyon avro qazancla bitirəcək. Yox, bu klub nə bilet satışından, nə də teleyayım hüququndan böyük pullar qazana bilir. Klubun əsas gəlirini futbolçuların satışından əldə olunan və UEFA-dan gələn maliyyə təşkil edir.

 2 il bundan öncəyə nəzər salsaq, “Xəzər Lənkəran” və “Bakı” ölkəmizin ən varlı klubları sayılırdı. Cənubluların fəxri-prezidenti Mübariz Mənsimov verdiyi açıqlamada qeyd etmişdi ki, “biz hər il 20 milyon dollar pul xərcləyirik”. Gəlin, yarandığı 10 il ərzində “ağ-yaşıllar”ın uğurlarına baxaq. Onların ən böyük nailiyyəti kimi 2008-ci ildə MDB kubokunu qazandıqlarını göstərmək olar. Lakin “Xəzər Lənkəran”ın belə böyük pullarla avrokuboklarda çətinlik çəkməsi də diqqətdən yayınmamalıdır. Uzun illər qitə miqyaslı turnirlərdə bir mərhələ də keçə bilməyən cənublular bu istəyinə yalnız 2011-2012-ci il mövsümündə Yunis Hüseynovla nail oldu. Estoniyanın “Nomme Kalyu” klubunu məğlub edən Lənkəran klubu təsnifat mərhələsinin 2-ci turunda Polşanın “Lex” klubuna uduzaraq mübarizəni dayandırdı. Növbəti mövsüm isə əfsanəvi məşqçi Con Toşakın rəhbərliyi altında özündən qat-qat zəif “Slima Uonderers”i ilk mərhələdə məğlub edən “Xəzər Lənkəran”, ikinci turda Hayfa “Makkabi”si tərəfindən biabırçı məğlubiyyətə düçar olaraq yenəd tunirdən kənarlaşdırıldı. Sonrakı ildə isə onlar heç avrokuboklara vəsiqə əldə edə bilmədi. Komandanın indiki durumu da hər kəsə bəllidir. Hazırda isə qeyd etdiyimiz kimi klub azaldılmış büdcə ilə cəmi 3 milyonla mübarizə aparmalı olacaq.

“Bakı” isə avrokuboklarda pley-off-da oynayan ilk klub kimi tarixə keçib. Lakin uzun illər böyük pullarla idarə olunan komandanın uğuru yalnız bu olub. Heç də stabil oyun sərgiləməyən paytaxt klubu hazırda acıqnacaqlı durumdadır. Yalnız gənclərdə təşkil olunan komanda Topaz Premyer Liqasında sonuncu pillədə qərarlaşıb. Hətta futbolçuları son oyunlara çıxarmaq üçün AFFA-nın baş katibi Elxan Məmmədov az qala onlara yalvarıb. Görünən budur ki, Hafkanın “Bakı”sı tezliklə dağılacaq.  

“Qəbələ” də indiyə qədər xərclədiklərinin qarşılığını görə bilməyib. Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun prezidenti olduğu bu klub bir çox tanınmış məşqçilərlə işləsə də hələlik hec bir uğuru ilə öyünə bilməz. Yalnız ötən mövsüm Yuri Syominin hesabına komandaya gələn tanınmış futbolçularla Premyer Liqanın 3-cüsü olan “Qəbələ” Avroliqada iştirak hüququ qazandı ki, burda da çox zəif təsir bağışladı. Rumıniyalı Dorinel Muntyanunun rəhbərliyi ilə komanda Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubuna ümumi hesabda 0:5 uduzaraq turnirdən kənarlaşdı. Hazırdakı mövsümdə isə komandanın durumu bəllidir. Artıq Muntyanun istefa verib və yerinə Roman Qriqorçuk gəlib.

“Neftçi”nin büdcəsini və çıxışını nəzrə alsaq, “Qarabağ” və “İnter”lə birlikdə onları stabil komanda adlandırmaq olar. Azərbaycan futbol tarixinə adını yazdıran “ağ-qaralar” Avropa Liqasının qrup mərhələsində oynamaqla ilkə imza atmışdılar. Paytaxt təmsilçisi haqqında çox danışmağa ehtiyac yoxdu. Əlbəttə ki, araşdırsaq, elə “Neftçi” də əlində olan maliyyə ilə daha yaxşı oyunlar göstərə və uğurlar qazana bilərdi. 2011-2012-ci il mövsümündə qrup mərhələsində çıxış edən “ağ-qaralar”ın son 2 ildə qitə miqyaslı turnirlərdə uğursuz olması da diqqətdən yayınmamalıdır. 2012-2013-cü ildə Albaniya “Skenderbeu”suna uduzan komanda sonuncu çıxışında isə Serbiya “Partizan”ı ilə mübarizədən məğlub ayrıldı. Cari mövsümdə isə komanda çempionatda ilk “3-lük”dədir və birinci olmağa namizədlərdəndir.

Beynəlxalq Bankın rəhbəri Cahangır Hacıyevin maliyyələşdirdiyi və xüsusi diqqət ayırdığı, daha çox Kaxaber Sxadadzenin gəlişindən sonra sabit oynamağa başlayan “İnter” isə heyətində elə də bahalı legionerlər saxlamır. Düzdür, “bankirlər” son 6 ildə çempionatda həmişə ən iddialılardan olub. Lakin onları Avroliqanın uğursuzlarından saymaq olar. Neçə illərdir ki, qitə miqyaslı turnirlərdə iştirak edən paytaxt təmsilçilərinin ciddi bir nəticə qazandığını göstərmək mümkün deyil.

“İniter”in “kiçiyi” “Simurq”un çıxışını büdcəsinə görə qənaətbəxş adlandırmaq olar. Az büdcə ilə normal oyun sərgiləyən Zaqatala təmsilçisi bu mövsüm heç də pis təsir bağışlamır. Daha yaxşı maliyyə imkanlarına sahib “Qəbələ” ilə müqayisədə iddialı görünən Çıxradzenin komandası hətta avrokuboklara vəsiqə qazanmaq üçün namizəd komandalardan biridir.

AZAL isə həmişə qeyri-stabilliyi ilə seçilib. Əvvəllər 3 milyondan artıq büdcə ilə çıxış edən komandanın maliyyə sərhədləri bir az məhdudlaşdırıldı. Hazırda ümumilikdə klubun 1 milyon 700 min dollar civarında pulu var ki, bu da ümumi klubun xərclərini ödəmək üçündür. Lakin “təyyarəçilər”in aşağı yaş qruplarına baxsaq, bu məbləğin böyük hissəsinin əsas komandaya ayrıldığını görə bilərik.

Elxan Məmmədovun klubu adlandırılan “Sumqayıt”ın büdcəsi az olsa da, komanda demək olar ki, bütün rəqiblərinə başağrısı olmağı bacarır. Heyətdə gənclərlə təcrübəli yerli futbolçuların vəhdətini düzgün təşkil edən Aqil Məmmədov mübarizə aparan bir komanda ərsəyə gətirib. Düzdü, “gənclik şəhəri”nin təmsilçisi çempionatda heç bir iddia uğrunda oynamır. Amma ən azından gənclərin təcrübə yığması üçün “keçid” rolunu oynayır. İddialı klublarda olan gənc futbolçular bu komandada oynadıqdan sonra öz klublarına dönüb meydana çıxa bilirlər.

Bu sadaladıqlarımız Azərbaycan futbolunun bugünkü durumudur. Sonda maliyyə imkanlarının o qədər də önəmli olmaması ilə bağlı daha bir fakt.

Cəmi 400 min avroluq büdcəylə İspaniya Primerosuna vəsiqə qazanan "Eybar" ciddi problemlə üzləşmişdi. "Real", "Barselona", "Atletiko" kimi nəhənglərlə eyni liqada oynamaq üçün (Primeronun qaydalarına görə) ən azı 2 milyondan bir qədər çox büdcəyə malik olmalıydılar. Çıxış yolu axtaran "Eybar" bank hesabı açdı və (həm də) azarkeşlərin köcürdükləri pulun hesabına lazımi məbləği toplaya bildi. İlk baxışdan bu məbləğ yalnız iştirak üçün yetərli ola bilərdi. Çünki 2 milyon avroya heç Azərbaycanda düz-əməlli klub saxlamaq olmur, o ki qaldı İspaniya La Liqasında. Amma "Eybar" rəhbərliyi belə düşünmür...

 


Digər xəbərlər

Xəbər xətti