Tuyqun Nadirov: "Klublar Komitəsi artıq çempionata öz faydasını verib" - MÜSAHİBƏ

16:46 12 Fevral 2015

“Xəzər Lənkəran”ın vitse-prezidenti və Klublar Komitəsinin sədri Tuyqun Nadirovun apasport.az saytına müsahibə verib.

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- 10 günlük fasilədən sonra Klublar Komitəsi sabah yenə bir araya gələcək. Qısa müddət sonra yenidən iclas keçirməyinizin xüsusi bir səbəbi varmı?

- Biz ayda bir dəfə iclas keçiririk. Son görüşümüz yanvar ayının iclası idi. Sabah fevralın iclası olacaq. Sadəcə olaraq, aradakı gün fərqi qısadı.

 

- Sabahkı iclasda nələr müzakirə olunacaq?

- AFFA-nın baş katibi Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də iclasa dəvət edəcəyik. Elə məsələlər var ki, onların da fikri bizim üçün dəyərli olar. Legionerlərlə bağlı məsələnin müzakirəsi aparılacaq. Klubların başqa təklifləri də var. Bildiyiniz kimi, gələn ay AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bizim görüşdüyümüz məsələlər artıq təsdiqlənməlidi ki, İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarılsın.

 

- “Xəzər Lənkəran”la “Neftçi”nin oyunlarında qonaq komanda azarkeşlərinin stadiona buraxılmasına qoyulan qadağanın müzakirəsi gözlənilirmi?

- Bəli, bu da planımızda var. Bizim çoxsaylı azarkeşlərimiz var ki, gəlib “Neftçi” ilə səfər matçlarını da izləmək istəyirlər. Şəxsən mən bu qadağanın ləğvinin tərəfdarıyam. Biz rəqib komanda azarkeşlərini qəbul eləməyə həmişə hazırıq.

 

- “Böyük oyun”dan söz düşmüşkən, komandanızın “Neftçi”yə qarşı dünənki çıxışından məmnun qaldınızmı?

- Gənclərimiz bir daha göstərdilər ki, biz düz yoldayıq. Məğlub olsaq da, futbolçularımız layiqli oyun nümayiş etdirdilər. Bizim də kifayət qədər təhlükəli hücumlarımız oldu. Yəni “Xəzər Lənkəran” heç də zəif çıxış etmədi. Gənclərin də öz sözlərini demələri, təcrübə toplamaları üçün müəyyən vaxta ehtiyacları var.

 

- Klublar Komitəsi yaranandan bəri artıq 3 iclasınız baş tutub. Bu iclaslarda sizin qəbul etdiyiniz hansı qərarlar qəbul olunub?

- Elə qərarlar var ki, onlar hazırlanır, araşdırılır. İndi bunları açıqlaya bilmərəm. Amma məncə, Klublar Komitəsi artıq ölkə çempionatına öz faydasını verib. Məsələn, klubların bir araya gəlib razılığı oldu ki, “Bakı”ya hamı dəstək versin. Təbii ki, klubları qayğılandıran başqa məsələlər də var. Hər iclasda 3-4 klub öz təklifləri ilə çıxış edir, o məsələlərin müzakirəsi aparılır. İnşallah, İcraiyyə Komitəsinin iclasında da baxılar. Əgər təkliflərimiz müsbət dəyərləndirilib təsdiqlənsə, bu da bizim bir neçə ay ərzindəki fəaliyyətimizin bəhrəsi olacaq.

 

 


Digər xəbərlər

Xəbər xətti