Türkiyədə Kamran Ağayevə görə jurnalist ziyana düşüb

20:23 12 Fevral 2015

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Kayserspor"un Türkiyə Kubokunda "Beşiktaş"la keçirdiyi 1/8 final matçından sonra qeyri-adi olay yaşanıb.

Sportarena.az xəbər verir ki, matçın final fiti səsləndirilən kimi azarkeşlərdən biri Ağayevə tərəf qaçıb.

Bu zaman həmin fanat bir jurnalistin kompüterini əzib. Onun qarşısını mühafizəçilər almağa çalışdığı vaxt 29 yaşlı qapıçı əvvəlcə nə baş verdiyini anlamayıb. Lakin tezliklə Ağayev azarkeşin onu təbrik etməyə gəldiyini bilib. Təcrübəli qolkiper gənc tərəfdarı öpərək, ona əlcəklərini hədiyyə edib. 

Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sarı-qırmızılılar"ın start heyətində meydana daxil olan Kamran Ağayev 90 dəqiqə ərzində rəqib komandanın sevinməsinə imkan verməyib. Lakin o, görüşün sonlarında vaxtı uzatdığı üçün sarı vərəqə alıb. "Kayserispor" bu qələbə sayəsində 1/4 finala yüksəlib. 

 


Xəbər xətti