Ramin Musayev: “Premyer Liqanı arzulayan I divizion komandaları ilə danışıqlar aparılır”

11:34 13 Fevral 2015

“Klublar Komitəsinin iclasında Premyer Liqa iştirakçılarının sayının artırılmasını və legioner limitini də müzakirə edəcəyik. Martda AFFA İcraiyyə Komitəsinin iclası olacaq və biz də öz fikrimizi bildirməyə çalışacağıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

PFL rəhbəri gələn mövsümdən Premyer Liqada 12 komandanın iştirak etməsinə çalışdıqlarını bildirib.

 

O, hətta I divizion komandaları ilə danışıqlar aparıldığını da vurğulayıb: “Klub rəhbərləri və sponsorlarla danışıqlar aparırıq. Nə qədər çox klub olsa, yerli futbolçularımızın da oynamaq şansı artar. Bir klubun Premyer Liqada iştirak etməsi xeyli yeniyetməni futbola bağlayacaq. Çünki Premyer Liqa klubunun əvəzedici heyəti, aşağı yaş qrupu üzrə komandaları olmalıdı. Görün neçə yeniyetmə və gənc futbolçu artır, neçə ailə maliyyələşir. I divizion klublarından hansının maddi durumu imkan verirsə, onlarla danışığımız davam edir”.

 

Qeyd edək ki, gələn ay AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Premyer Liqanın formatının, eyni zamanda legioner limitinin dəyişdirilməsi gözlənilir.

 


Xəbər xətti