Ağasəlim Mircavadov: "Millidə o futbolçu oynamalıdır ki, onun kökü azərbaycanlı olsun"

13:01 13 Fevral 2015

“Millidə o futbolçu oynamalıdır ki, onun kökü azərbaycanlı olsun. Xarici olsa belə, biznən bağlılığı olmalıdır. Ya atası, ya anası, ya nənəsi... Qan çəkəndə onda azərbaycanlı ruhu da olacaq, istək də yaranacaq. İstək də, çox önəmli amildir”.

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında “Məşqçilər Komitəsi”nin üzvü Ağasəlim Mircavadov deyib. Mircavadov, həmçinin “Məşqçilər Komitəsi”nin işini də qiymətləndirib:

“Adətən bizim işimizi kənardan daha yaxşı görürlər. Son bir ayda çox səmərəli işlədik.  Məşqçilər komitəsində “mən” sözü yoxdur, “biz” sözü var. Biz beş məşqçi, öz işimizi peşəkarcasına görürük və gələcəkdə də belə olacaq. Azərbaycan futbolu naminə bu işi görürük və çalışırıq ki, bir çox problemləri həll edək”.

 

Ağasəlim Mircavadov Azərbaycan millisinin rəqib olaraq yığma komanda tapa bilməməsindən də şikayətlənib:

 “Mən bildiyim qədəri ilə çox milli komandalarla danışıqlar olub, amma razılığa gələ bilməyiblər. Millinin təqvimi qurulanda üç ay əvvəldən bir ilin təqvimi qurulur. Sərbəst günlər əvvəlcədən seçilməli, yoldaşlıq oyunları həmin günlərə salınmalı və əvvəlcədən digər ölkələrin futbol asossasiyaları ilə danışıqlar aparılaraq rəqiblər müəyyənləşdirilməlidir. Bizdə isə bir ay qalmış bu haqda düşünürlər. Bizim federasiya hətta, Moldova millisinin otel xərclərini də qarşılamağa hazır idi. Amma, onlar özlərinə rəqib tapdığından razı olmadılar. İndi də məcbur qalıb klubla qarşılaşacaqlar. Millinin imicini qorumaq üçün, gərək milli ilə qarşılaşasan”. – deyə Mircavadov bildirib.

 

Rahim Şaliyev


Digər xəbərlər

Xəbər xətti