Tuyqun Nadirov: Burda qalıb 10 min almaqdansa, xaricə çıxıb 5 min alsınlar - MÜSAHİBƏ

21:27 13 Fevral 2015

"Xəzər Lənkəran" klubunun vitse-prezidenti, Klublar Komitəsinin sədri Tuyqun Nadirovun apasport.az saytına müsahibə verib.

 

Sportarena.az sizə həmin msahibəni təqdim edir:

 

- Klublar Komitəsinin bugünkü iclasında hansı məsələlər müzakirə olundu və hansı nəticəyə gəldiniz?

- Elxan Məmmədov və Ramin Musayev sağ olsunlar, dəvətimizi qəbul edib, bugünkü iclasa gəlmişdilər. Hər ikisi toplantıda iştirak etdi. Bir çox məsələlər onların da iştirakı ilə müzakirə olunmalı idi. Son 3 iclasdakı geniş müzakirələr, klubların öz aralarındakı yazışmalar, təkliflərin dəyərləndirilməsi bu gün yekun şəkildə danışıldı. Qərara gəldik ki, 21 və 23 yaşadək futbolçuların maaşlarına limit qoyulsun. Bunu bütün klubların rəhbərləri qəbul etdi. Normal şərtlərdi. Dedik  ki, bu, tövsiyə şəklində İcraiyyə Komitəsinin iclasında gündəliyə salınsın və İK-in üzvləri, AFFA-nın prezidenti baxıb, klubların təkliflərini nəzərə alaraq, həmin təklifi qərar şəklində qüvvəyə mindirsinlər. Hamınız razılaşarsız ki, bu məsələdə klublar arasında çox mübahisələr olub. Bir futbolçu bir klubda aya 3000 manat maaş alırsa, digər klub ona 10 min pul verir. Belə olan halda, futbolçu öz komandasından çıxıb gedir və onun peşəkar inkişafı dayanır. O elə bilir ki, ulduzdur, amma bununla sönür. 23 yaşından sonra kim onlara 500 min, 1 milyon vermək istəyirsə, buyursunlar. Biz təklif edirik ki, paytaxt klubunda oynayan 21 yaşadək futbolçulara illik 30 min, əyalət komandalarında oynayanlara isə 35 min verilsin. Yaşı 21-dən 23-dək olanlara isə Bakı klublarında illik 50 min, bölgə komandalarında isə 60 min məvacib ayrılsın. Məncə, normal məbləğdi. Əyalət komandalarının şəraiti, məsafəsi nəzərə alındığı üçün orda oynayanlara daha çox məvacib nəzərdə tutulub. Növbəti iclasda klubların yetişdirdikləri futbolçulara görə alacaqları məbləğ müzakirə olunacaq. Hər hansı bir klub digər klubun akademiyasında yetişən futbolçunu almaq istəyirsə, müəyyən məbləğ ödəməlidi. Məbləğin 40-50 və ya 100 min olacağı növbəti iclasda müzakirə olunacaq.

 

- Başqa hansı məsələnin müzakirəsinə iclasda vaxt ayrıldı?

- Digər müzakirə mövzusu yayım məsələsi idi. Sevindirici haldı ki, PFL prezidenti də əminliklə söylədi ki, hər hansı bir qərarda klubların arxasındadı. Lazım gəlsə, klublar yayımdan, ümumiyyətlə, imtina edəcəklər. Yəni öz məhsullarını havayı vermək məsələsi dayanacaq. Buna görə də, ya televiziya kanalları klublara pul ödəməyə başlamalıdılar, ya da klublar yayımı dayandıracaqlar. Amma bu o demək deyil ki, futbolumuz yayımsız qalacaq. Ramin müəllimin klublara dəstəyini hiss edəndən sonra növbəti iclaslarda biz yekun fikrimizi "Topaz"a bildirəcəyik. Və artıq şərtləri klublar qoyacaq. Söhbət "Topaz"dan getmir, klub maraqlarından gedir. Klub öz məhsulunu hansı qiymətə istəyəcəksə, o qiymətə də satacaq. Qiyməti biz özümüz müəyyənləşdirəcəyik. Sabah "Topaz" bizə gəlib deyə bilməz ki, mən PFL-ə vəsait ödəyirəm, sizə pul ödəməyəcəm. Bu, mümkün olan şey deyil.

 

- Sizcə, 21 və 23 yaşlı futbolçular dediyiniz məbləğə oynamağa razılaşacaqlarmı?

- Bu demək deyil ki, o məbləğ mütləq ödənilməlidi. Elə klublar var ki, ondan da az pul verirlər. Söhbət futbolçuları süni şəkildə şirnikləndirməkdən gedir. Sabah həmin futbolçunun 23 yaşı olanda 500 minlik müqavilə də imzalaya bilər. Həmin futbolçu gedib xarici klublarda külli miqdarda pul da ala bilər. "Xəzər Lənkəran"dan götürək. Bizdə 20 yaşında hansı futbolçunun aylıq gəliri ondan çox olur? Yaxşı oynadığına görə, klub futbolçuya mükafat verə bilər. Burda söhbət futbolçunun rifahını aşağı salmaqdan yox, peşəkarlıqdan gedir. Klublar var ki, 23 yaşında oyunçuya Avropada çempionluğa oynayan klubların verdiyi pulu verirlər. Bu, "Xəzər Lənkəran"ın yox, bütün klublarımızın istəyindən irəli gələn qərardı. Və bütün klubların nümayəndələri buna səs verdilər. Kim deyirsə "Xəzər Lənkəran"da maliyyə problemi var, səhv edir. Bu gün "Xəzər Lənkəran" futbolçuların məvacibini vaxtından tez ödəyən bəlkə də, yeganə klubdu. Son oyunları da canlı izləmisizsə, "Xəzər Lənkəran"ın düz yolda olduğunu görmüsüz. Bu təklif "Xəzər Lənkəran"dan yox, klublardan və federasiyadan gəlib. Gənc futbolçularımızın peşəkarlaşmasını istəyirik. Şəxsən mən bizimkilərin xarici çempionatlarda oynamasına çox sevinərəm. Burda qalıb 10 min almaqdansa, xaricə çıxıb 5 min almaq daha yaxşıdı. Qoy, Azərbaycanı tanıtsın, sonra gəlib millidə çıxış etsin. Bax, budu inkişaf. Bir çox təkliflər var idi. Hər cür variant bu 3 iclasda müzakirə olundu. Ən optimal variant budu. İstisna deyil ki, gələcəkdə 23 yaşdan yuxarı futbolçuların da məvacibinə limit qoyulsun. Nəyə görə? Bu gün əcnəbi məşqçilər gəlir və müəyyən təkliflər irəli sürürlər. Bəzən bu, klubun xeyrinə, bəzən isə ziyanına olur. Qanun qüvvəyə mindikdən sonra "Xəzər Lənkəran"da bununla bağlı problem yaşanmayacaq. Digər klublarda da problem yaşanmamalıdı. Çünki onların da rəhbərləri iki əlli razıdılar. Daha bir məsələni də müzakirə etdik. Bu gün klublar müxtəlif əcnəbi şirkətlərin xidmətindən istifadə edirlər. Mən ad çəkmək istəmirəm. Müxtəlif səpkidə xidmətlərdən faydalanırlar. Bu şirkətlər hər klubdan gedib, pərakəndə şəkildə pul alırlar. Bu gün o klublar birləşib, sözü bir yerə qoydu. Bütün klublar xidmətindən istifadə etdiyi şirkətlərlə 1 nəfərin adı ilə danışacaq. Bu gün şirkət hər bir klubdan məsələn 5 min alırsa, bu, 45 min edir.  Amma eyni işi 20 minə də görmək olar. Bu, klubların həm maliyyə xərclərini azaldır, həm gəlirini artırır, həm də gördükləri işin faydalı olduğunu göstərər. İclasda qadın futbolu ilə bağlı da müzakirə aparıldı. Bilirsiz ki, hər bir klub Premyer Liqada çıxışı üçün UEFA-nın lisenziyalaşmasından keçir. Avrokuboklara vəsiqə qazansa belə, iştirakı üçün mütləq UEFA lisenziyası olmalıdı. UEFA lisenziyası alınması üçün şərtlər var və onlara riayət etmək lazımdı. Bu meyarların hamısına riayət olunmalıdı. Bunlardan biri də klublarda qadın komandalarının fəaliyyət göstərməsidi. Bu, növbəti mövsümdən bütün klubların qarşısında mütləq tələb kimi qoyulacaq. Yəni sən buna əmək etmirsənsə, A meyarına əsasən, lisenziyadan məhrum olacaqsan. Bu məsələdə də klublar həmfikir oldular və növbəti mövsümdən qadın komandaları U-19 liqasında çıxış edəcək.

 

- Əvvəlki iclaslardan sonra demişdiz ki,  futbolçu ilə klub arasında 3 müqavilənin olmaması üçün bir yol tapmalıyıq...

- Birincisi, klublar öz aralarında hüquqi razılıq sənədi imzalayacaqlar. Buna əməl olunmayacağı halda, həmin futbolçular diskvalifikasiya oluna bilərlər. Təbii ki, belə bir şey araşdırılıb, üzə çıxarsa. Oyunçu buna gedəndə, ondan yararlana bilməzlər. Bundan əlavə, həmin klubdan lisenziya geri alına bilər. Belə olan halda, o, I Divizonda iştirak etməli olacaq. Hamısı mərhələli şəkildədi. İnanın mənə, heç bir klub özü razılıq verdiyi qərarı pozmağı, başqalarını aldatmağı özünə sığışdırmaz. Biz ikinci iclasdan sonra "Bakı" klubu ilə bağlı qərar qəbul etdik. Gördünüzmü, bütün klublar ona əməl etdilər. "Xəzər Lənkəran"ın akademiyasından çıxan neçə oyunçu olub ki, onların valideynlərini şirnikləndiriblər. Nəticədə həmin uşaqlar başqa kluba keçiblər, amma orda oynaya bilməyərək, geri qayıdıblar. Səhvlərini boyunlarına alaraq, üzr istəyiblər. İnanın mənə, belə hallar olub. Hətta bəzən məşqçilərimiz xarakter göstərərək, onları geri götürməyiblər. Amma futbol naminə biz onları geri götürmüşük. Bu gün açıqlaya biləcəyim məsələlər bunlardı. Hamısı İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və inşallah, qəbul olunar. Sevindirici haldı ki, klublar bir araya gəlib, futbolun inkişafı naminə bu işləri görürlər.

 

 


Xəbər xətti