Şahin Diniyev: "Futbolçuların maaşlarına limit qoyulması absurd qərardı"

15:28 14 Fevral 2015

“Klublar Komitəsinin son qərarı mənə çatmadı. Avropanın heç bir sivil ölkəsində belə qayda yoxdu”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssis Şahin Diniyev deyib.

 

Azərbaycan yığmasının sabiq baş məşqisi Klublar Komitəsinin 21 və 23 yaşadək futbolçuların maaşlarında limit tətbiq olunması haqda qərarına toxunub. Buna narazılığını bildirən Diniyev problemin 23 yaşdan yuxarı futbolçularda olduğunu vurğulayıb: “Klublar büdcələrini fikirləşirlərsə, bu məsələni yaxşı araşdırmalıdılar. Problem 21 və 23 yaşadək olan futbolçularda yox, yaşı 23-dən yuxarı olanlardadı. 21 yaşdan aşağı olan 9 futbolçunun maaşına baxsaq, onların birlikdə məvacibi yaşı 23-dən yuxarı olan bir legionerin maaşından da azdı. Futbolda yaş söhbəti yoxdu. Futbolda yaxşı və pis futbolçu anlayışı var və məvacib də buna uyğun verilməlidi. Bəlkə elə 21 yaşlı futbolçu var ki, o, komandasına legionerdən çox xeyir verir. Onda necə olacaq? Əgər ehtiyatda qalan legioner oynayan 21 yaşadək yerli futbolçudan 3-4 dəfə çox alacaqsa, burda ədalət prinsipi pozulacaq. Bir futbol mütəxəssisi kimi şəxsən mənə bu qərar çatmadı”.

 

İki futbolçu atası olan Diniyev müqayisə üçün maraqlı nümunə göstərib: “Real” 16 yaşlı norveçli oyunçuya görə 6 milyon avro verib. Bu məntiqlə yanaşsaq, onda gərək həmin futbolçunun transferinə bu qədər pul verməsin. Axı bu qərar absurddu. Biz dünya futbolu ilə ayaqlaşmaq istəyiriksə, bu, çıxış yolu deyil. Mən fikrimi ata kimi yox, futbol mütəxəssisi olaraq, deyirəm. Özüm də futbolu pula görə oynamamışam. Təbii ki, futbolçu çıxışına görə pul almalıdı. Amma burda söhbət mənim oğullarımdan yox, ümumi gedir. Özü də bu qərarı niyə məhz azərbaycanlılara şamil edirlər, o da maraqlıdı”.

 

Qeyd edək ki, Şahin Diniyevin böyük oğlu Kərim AZAL-ın, kiçik oğlu Coşqun isə “İnter”in formasını geyinir. Kərim 1993, Coşqun isə 1995-ci ildə anadan olub. 

 


Xəbər xətti