Dünya çempionu: "İki “şirvan” maaş almışdım" - VİDEO

14:52 15 Fevral 2015

1989-cu il təvəllüdlü Həsən Əliyev 6 yaşından idmanla məşğul olur. Azərbaycanın gələcəkdə böyük uğurlar gözlədiyi perspektivli güləşçilərindəndir.

 

H.Əliyev 2006-cı ildə yeniyetmələr arasında Avropa çempionatında 2-ci yeri tutmaqla beynəlxalq yarışlarda ilk uğurunu əldə edib.

 

O, 2008-ci ildə gənclər arasında Avropa çempionu olub. 2009-ci ildə gənclər arasında Avropa və dünya çempionu olub. 2010-cu ildə bu nəticəsini böyüklər arasında keçirilən yarışlarda da təkrarlayıb.

 

H.Əliyev Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti tərəfindən hazırlanan “Təkbətək söhbət” layihəsinin qonağı olub.

 

Sportarena.az söhbəti təqdim edir:

 

 

- Niyə güləş?

- Uşaq vaxtı dəcəl olmuşam. Rayonda məsləhət gördülər ki, güləşə gedim. Güləş də məşhur idman növüdür. Bir az da səhhətimlə bağlı problem olduğundan idmanla məşğul oldum. Böyük idmana gələcəyimi düşünmürdüm. Sonradan yaxşı nəticə göstərdim.

 

 

- Məktəbdə necə şagird olmusan?

- Dəcəl olmuşam. Müəllimlər məndən bezmişdi. Dərslərimi də geri qalmamaq üçün oxuyurdum. Coğrafiya fənnini sevirdim. Əsasən isə idmanla məşğul idim.

 

 

- Hansı filmlərə baxırsan?

- Əsasən komediya filmlərinə baxıram.

 

 

- Xoşladığın musiqilər...

- Əsasən həzin, qəmli mahnılara qulaq asıram.

 

 

- Kumirin kim olub?

- Uşaq vaxtından Namiq Abdullayevi izləmişəm. Onun kimi olmuşam. Bakıya gələndən sonra onu gördüm, tanıdım. Həqiqətən örnək insandır.

 

 

- Həsən necə insandır?

- Kənardan necə görünür - bilmirəm. Amma çox utancağam. Bu sualı məni tanıyanlar cavablandırsa, gözəl olar. Dünya və Avropa çempionu olmaq olar. Amma əsas olan odur ki, insan özü dəyişməsin. Mən dəyişsəm, ətrafımda dost olmaz. Çalışıram səmimi olum ki, məni özümə görə tanısınlar. Bir az əsəbiyəm. Amma sakit olmaq istəyirəm. Dostlarım deyir ki, çox danışırsan (gülür).

 

 

- Pul sənin üçün nədir?

- Pul mənim həyatımda birinci deyil. Pulun insan həyatında birinci olması xəstəlikdir.

 

 

- İlk maaşın nə qədər olub?

- İlk maaşımı klubda məşq edəndə almışam. 2 ya da 5 “şirvan” idi. Onda da sevinirdim ki, nə qədər pul gəlib... O pulla evə hədiyyə almışdım.

 

 

- Unutmadığın hadisə hansıdır?

- Uşaq vaxtı turnirlərin birində iştirak edəndə güləşərkən başım yerə dəydi. Huşumu itirdim. Məşqçilər “güləşmə” dedi. Amma özümə gələndən sonra güləşdim. O yarışda qalib gəldim. Bunu unutmaram.

 

 

- Güləşçi olmasaydın, hansı peşəni seçərdin?

- Bunu heç vaxt düşünməmişəm. Amma yəqin ki, öz biznesimin olmasını istəyərdim.

 

 

- Övladının güləşçi olmasını istəyərsənmi?

- Güləş çətin idman növüdür. Bu çətinliklərə görə güləşçi olmasını istəmərəm. Amma bir ata kimi onun öz seçimini dəstəkləyərəm.

 

 

- Komanda yoldaşlarınla münasibətin necədir?

- Hər biri ilə mehribançılığımız var. Dərdləşirik, söhbət edirik. Öz yaşıdlarımın hamısı ilə həmsöhbətəm.

 

 

- Gənclərə məsləhətin nədir?

- Mən özüm də gəncəm. Kiməsə məsləhət versəm, loğvalıq olar. Amma istərdim ki, gənclər sağlam fikirdə böyüsün. Xeyirli işlərlə məşul olsunlar. Onların gələcək həyatına, ailəsinə, övladlarına faydalı olacaq işlər görsünlər.

 

 

- Ən güclü rəqibin hansı idmançıdır?

- Bütün rəqiblərimi güclü saymışam. Qarşındakı rəqibi zəif görməməlisən. Ancaq çəkindiyim heç bir güləşçi olmayıb. Hər zaman özümə güvənərək güləşmişəm.

 

 

- Erməni güləşçilərlə görüşlərin necə olur?

- Yarışlarda rəqiblərin milliyyəti önəmli olmur. Amma erməni ilə görüşəndə daha ehtiyatlı olursan, bilirsən ki, bu idmançını yalnız udmalısan. Ölkəni, xalqını düşünürsən. İdmandır bu, uduza bilərsən. Amma heç bir azərbaycanlı idmançı istəməz ki, erməniyə məğlub olsun. Biz onlardan həmişə üstün olmuşuq. Bir-iki nəfər uduza bilər.

 

 

- Prezidentlə görüşü necə xatırlayırsan?

- Prezidentlə görüşmək gənc bir idmançıya gələcəklə bağlı stimul verir. Hər zaman ölkə başçısını televizordan izləyirsən. Amma bir dəfə şəxsən onunla görüşmək imkanımız oldu. Bütün komandamızı təbrik etdi. Mənimlə görüşəndə dedi ki, sənin görüşlərini izlədim, xal vermədən rəqiblərini məğlub etmisən, bu, məni çox sevindirir. Görünür, cənab prezident bizim çıxışlarımızı yaxından izləyir, maraqlanır.

 


Digər xəbərlər

Xəbər xətti