"Neftçi" üçün dəyişmək lazımdı, cənab, vitse-prezident! - YAZI

13:05 17 Fevral 2015

Sonra da deyirlər ki, Tahir Süleymanov elə, Tahir Süleymanov belə. Sabiq vitse-prezidentin ortaya qoyduğu performansı üstələmək deyəsən, hələ çox vaxt aparacaq. Yeni və daha gənc həmkarı üçün.

 

“Qəbələ” ilə oyundan sonra “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədova klub prezidentinin müşaviri Elnur Əşrəfoğlu ilə münasibətləri haqda sual verildi. Bu sualın standart cavabı var: “Aramızda heç bir problem yoxdu. Mən vitse-prezident, o da müşavirdi. Biz bir komandayıq və birlikdə çempionluğa doğru addımlayırıq”. Lap qan düşməni olsaz belə, klubun mənafeyi naminə, əlavə sualların ortaya çıxmaması, durumu daha da qəlizləşdirməmək üçün məhz bu cavab verilməlidi. Bütün dünyada belədi, düzü də budu.

 

Ancaq Məmmədov “mən sizin bütün suallaınıza cavab verdim, bu suala cavab verməyə bilərəm” dedi. Niyə? Bu cavabdan yeni sualın doğması təbiidi: niyə cavab vermək istəmir? Biz jurnalistlər də avtomatik Elnur Əşrəfoğlunu tapıb onun məsələyə münasibətini öyrənməyə çalışırıq. O da danışır, açıqlama verir və məlum olur ki... Təcrübəli jurnalist olan Əşrəfoğlunun dediklərindən bu hissə xüsusilə fərqləndirilməlidi: “Bu gün Elnur Əşrəfoğlu da "Neftçi" ailəsinin bir üzvüdür. Və ailədən biri ilə hər hansı sual və ya məsələ ortaya çıxarsa, çalışmaq lazımdır onu yaxşılığa doğru həll edəsən. Şəxsən mənə belə öyrədiblər”. Al sənə cavab. Müşavir vitse-prezidentə həm peşəkarlıq, həm də komanda ruhu dərsi keçdi. 

 

İndi bundan kim qazandı? Elnurlar, “Neftçi”, azarkeşlər? Yox, onlar yox, ən yaxşı halda biz jurnalistlər. Yazdıq, verdik səhifələrimizə, oxucu da oxudu. Klubda problemin olduğu da ortaya aşkar çıxdı. Lazım idimi bu həngamə?

 

Bütün bu yazılanların “mustafası” odu ki, AFFA-da qalstuk taxıb, vacib oğlanlar kimi gəzmək dövrü bitib, cənab Məmmədov. Siz “Neftçi”nin vitse-prezidentisiz. 54 il ölkənin milli komandası statusu daşımış, Azərbayacn futbolunun flaqmanı olan klubun vitse-prezidenti. Hər addımınız, hər sözünüz, verdiyiniz hər açıqlama kluba, onun daxilindəki problemlərin həllinə, həmçinin onların üzə çıxmamasına yönəlməlidi. Qaçmaqla heç nəyə nail olmayacaqsız. AFFA-dakılar belə etdiklərinə görə milli komanda dünya sıralamasında Banqladeş günündədi. Odu ki, çalışın, baxış bucağınızı dəyişəsiz.

 

Bizim işimiz bu səhvləri sizə demək, sizinki isə bundan nəticə çıxartmaqdı. Həm özünüz, həm də “Neftçi” üçün. 

 

Kənan Məstəliyev, Rekord.az 

 


Digər xəbərlər

Xəbər xətti