"Qarabğ"ın vəkili: "UEFA qeydiyyata alsa da, almasa da matçın əsl qalibiyik"

13:01 19 Fevral 2015

Azərbaycanın "Qarabağ" futbol klubunun vəkili Qürur Qaye Günalın müsahibəsi:

 

- "Qarabağ"ın İtaliya "İnter"i ilə Avropa Liqası matçında qolunu saymayan çexiyalı hakimlər briqadasının səhvə yol verdiyini UEFA Apelyasiya Komitəsi də təsdiqlədi. Amma qərar hələ də UEFA-nın rəsmi saytında yerləşdirilməyib. Sizcə, bu, nə ilə əlaqədardır?

- Mən də bunun səbəbini bilmirəm. Lakin orada da hər kəs hakimin epizodu dəyərləndirərkən, səhvə yol verdiyini açıq-aydın gördü və qəbul etdi. Amma bunun matçın yenidən oynanılmasına və ofsayt epizoduna dair qərarın ləğvinə səbəb olmayacağını, hakim səhvi sayılacağını və hakimlərin yalnız idman-intizam cəzası ala biləcəklərini söylədilər.

- Düşünmürsünüzmü ki, UEFA özünün keçirdiyi yarışın nüfuzuna zərbə vurmamaqdan ötrü qərarı ictimaiyyətə açıqlamır?

- Ola bilsin, qərara əsaslı səbəb tapıla bilməyib. Çünki bizim iddialarımızın heç biri hüquqi cəhətdən isbatlana bilmədi.

- Çıxarılan qərarla barışmaq fikrindəsiniz?

- Təbii ki, qərar istədiyimiz kimi deyil. Amma haqqımızın açıq-aşkar yeyildiyi UEFA-dakı hər kəsə isbat edildi. Bununla həm də haqsızlığa qarşı sonadək gedəcəyimizi və işin başını buraxmayacağımızı göstərdik. Ən azı hakimlərlə bağlı cəzaların gündəmə gəlməsi söhbət mövzusu oldu.

- Bəs Sizcə, UEFA-nın "Qarabağ"dan üzrxahlıq kimi niyyəti var?

- Oradan hansısa yetkilinin çıxıb "Qarabağ" haqsızlığa məruz qaldı, amma biz bunu əngəlləmək üçün bir şey etmədik" deyəcəyini düşünmürəm. Əslində məncə, önəmi də yoxdur. Biz bu haqsızlığı UEFA qərarları arasında tarixə yazdırdıq və sonadək mübarizədən çəkilmədik. Bundan sonrası isə idmanda ədaləti qorumağı vəd edən UEFA-nın idman tarixinə verməli olduğu cavabdır. UEFA qaydalara açıq-aşkar zidd olaraq, "Qarabağ"a vermədiyi ədalətin ağır yükünü idman tarixinin səhifələrinə daşıyacaq. Biz özümüzə qarşı edilən ədalətsizliyi bütün dünyaya çatdırdıq və qeydiyyata aldırdıq. UEFA qeydiyyata alsa da, almasa da matçın əsl qalibiyik. Bundan sonrasını idman naminə verdiyi sözü yerinə yetirməyən UEFA düşünməlidir. 

 

 

Mənbə: Report


Xəbər xətti