Azərbaycan İranın bayraq təxribatına cavab verdi: "Əgər belə bir şey olubsa ..."

18:05 22 Fevral 2015

“İranda bayrağımıza qarşı sayğısızlıq göstərilməsi diplomatik qalmaqaldı”.

 

 

Sportarena.az  xəbər verir ki, bunu azvision.az–a açıqlamasında millət vəkili, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvi Aydın Mirzəzadə bildirib.

 

Deputatın fikrincə, İranda Azərbaycan bayrağına qarşı bu cür sayğısız münasibət bir neçə dəfə olub və buna İran cavab verməlidir:

 “İlk öncə onu deyim ki, Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının ilk dəfə Dünya Kuboku qazanması özü böyük hadisədir. Çox güclü komandalar var idi və Azərbaycanın finalda Rusiya kimi güclü bir komandaya qalib gəlməsi tarixi bir hadisədir. Hesab edirəm ki, bu, son günlərin ən sevincli hadisələrindən biridir.

Bayrağımıza qarşı sayğısızlıq isə diplomatik qalmaqaldır. Yəni, İran təşkilatçı ölkə kimi hər bir ölkənin simvollarını olduğu kimi yarışlarda təşkil etməyə məcburdur. Heç bir halda, heç bir milli komandanın bayrağı dəyişdirilə bilməz. Bu artıq həm beynəlxalq hüquq normalarına, həm də beynəlxalq idman qaydalarına zidd olan bir məsələdir. Belə bir hadisə baş verirsə, əlbəttə, Azərbaycana qarşı böyük bir hörmətsizlikdir. Azərbaycan bayrağı konstitusiya ilə qəbul edilib, Azərbaycanın beynəlxalq aləmdə rəsmi tanınan nişanlarından biridir. Onun hər hansısa bir formada dəyişdirilməsi və yaxud da başqa bir formada hörmətsizlik edilməsi yol verlməzdir. Əgər belə bir şey olubsa heç bir şübhəm yoxdur ki, Azərbaycanın dövlət orqanları bu məsələ ilə bağlı həm beynəlxalq idman təşkilatları, həm də İran qarşısında şübhəsiz ki, məsələ qaldıracaq”.

 

Qeyd edək ki, Yunan-Roma güləşi üzrə milli komandamızın ilk dəfə İranda Dünya Kubokuna sahib olduğu gün bayraq skandalı yaşanıb. Belə ki, mükafatlandırma mərasimindən sonra himnimiz səsləndirilib və ilk üçlükdə yer tutan ölkələrin bayraqları qaldırılıb. Turnirdə birinci yeri qazanan ölkəmizin bayrağı isə təhrif edilmiş formada təqdim edilib. Səkkiz guşəli Azərbaycanın Dövlət Bayrağı beş ulduzlu şəkildə göstərilib. Bu İranda Azərbaycan bayrağına qarşı ilk sayğısızlıq deyildi. Bundan öncə də rəsmi görüşlərdə bayrağımızın bilərəkdəmn tərsinə asılması böyük səs-küyə səbəb olmuşdu. 

 


Xəbər xətti